Oktyabr 3, 2022

Dünyanın ən yaxşı universitetləri – ARAŞDIRMA

Hazırkı dövrümüzdə xaricdə təhsil almaq bir çoxlarının arzusudur. Bəziləri hansı universiteti seçəcəklərindən əmin ola bilmirlər. Hansı universitetin onlar üçün daha yaxşı olduğunu, daha uyğun və əlverişli olduğunu seçməkdə çətinlik çəkirlər. Hansı universitetlər dünya reytinqində daha öndədir? Hansı universitetdə peşəkar mütəxəssis kimi yetişmək olar? Hansı universitet daha keyfiyyətli təhsil verir? Bəs xaricdə təhsil üçün ən yaxşı seçim hansıdır? Bu kimi sizi maraqlandıran sualların cavabını araşdırıb təqdim edirik. Araşdırma hər il ən yaxşı universitetlərin siyahısını dərc edən özəl qurumların siyahısına əsasən edilib.

1. HARVARD UNİVERSİTETİ (Harvard University)

Harvard Universiteti Şanxay reytinqinin lideridir. ABŞ-də təhsil deyəndə, sözsüz ki, hələ də ilk ağla gələn universitet məhz Harvarddır. Dünyaya ən çox Nobel mükafatı laureatı bəxş edən universitetdir. ABŞ-nin və dünyanın ən məşhur universitetlərindən biridir. Əsası hələ 1636-cı ildə qoyulmuş bu universitet hazırda 18 milyon nüsxə ilə dünyanın ən böyük kitabxana sisteminə ev sahibliyi edir. Hazırda 21 000 tələbənin təhsil aldığı bu universitet həm də istedadlı şəxslərin tez-tez tam təqaüd şansları ilə təmin edildiyi bir qurum olaraq da tanınır. Universitetin əsas kapitalı 34,9 milyard ABŞ dollarıdır. Universitetdə 9 fakültə fəaliyyət göstərir və tibb, hüquq və idarəetmə ən məşhur fakültələrdir. Burada 2 300 müəllim fəaliyyət göstərir. Onların arasında 43 Nobel mükafatçısı var. Harvardda 1 il təhsil almaq orta hesabla 42 000 ABŞ dollarına başa gəlir. Tələbələrin üçdə iki hissəsi təqaüd alır, bu xarici tələbələrə də aiddir. Harvard Universitetinə qəbul qaydaları çox sərtdir, sənədlərini təqdim edənlərin yalnız 20%-ə qədəri Harvard tələbəsi adına yiyələnmək şansı qazanır. Qəbul imtahanları 2 mərhələdə aparılır: test və müsahibə. Hər bir məzun əsas ixtisas fənlərindən başqa, fakültativ fənlərdən də imtahan verməlidir. Hesab olunur ki, Harvardın məzunu, eyni zamanda bir neçə karyera qurmaq və hər yerdə özünü yüksək ixtisaslı mütəxəssis kimi təqdim etmək imkanına malikdir.

2. MASSAÇUSETS TEXNOLOGİYA İNSTİTUTU (Massachusetts Institute of Technology-MİT)

ABŞ-nin Massaçusets ştatında, Kembric şəhərində yerləşən bu ali təhsil ocağına ənənəyə görə, institut deyilir. Əslində, Massaçusets Texnologiya İnstitutu böyük bir universitetdir. “Kompüter texnologiyalarının mərkəzi” adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitut menecment, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə də məşhurdur. Bu özəl universitetin əsası 1861-ci ildə qoyulub. Universitet məzunları indiyə qədər təqribən 30 000 aktiv şirkət qurmuş, 4,6 milyon iş yeri yaratmışdır və hazırda buradan $1,9 milyard illik gəlir əldə edirlər.

3. OKSFORD UNİVERSİTETİ (Oxford University)

Britaniyanın ən məşhur universitetlərindən biridir və ingilisdilli ölkələrin ən qədim universitetidir. Universitetdə təqribən 22 000 tələbə təhsil alır və onların 40% hissəsi beynəlxalq tələbələrdir. Birləşmiş Krallığın indiyə qədərki baş nazirlərindən 26-sı məhz bu universitetin məzunudur. Tərlan Süleymanov -robototexnika üzrə fəlsəfə doktoru universitetin azərbaycanlı məzunudur. Dəqiq quruluş tarixi bilinmir, lakin 1096-cı ildə artıq Oksfordda tədris aparılırdı. Universitetin akademik strukturunun əsasını 16 fakültə təşkil edir. İncəsənət və humanitar elm sahələrində də təşkilati metodik təhsil mərkəzləri mövcuddur. Oksfordun əsas spesifikası tələbələrin informasiyanı tapıb düzgün istifadə etmək və hər şey haqqında sərbəst fikir söyləyib, onu müdafiə etməkdir. Oksford tələbə korporasiyası 588 tədris kursunda oxuyan 11 min on beş ilk təhsil alan tələbəni (undergraduates), 4 min 626 aspirantı (postgraduates) özündə birləşdirir. İlk təhsil alma dövründə Xronologiya və ya Biokimyanın yeganə nizamnaməsini öyrənirlər. Bu təhsil 3-4 il ərzində kifayət qədər keyfiyyətli və dərin bilik verir.

4. KEMBRİC UNİVERSİTETİ (University of Cambridge)

Böyük Britaniyanın yaranma tarixinə görə Oksford Universitetindən sonra ikinci və dünyada dördüncü universiteti, Rassell qrupunun üzvüdür. Birləşmiş Krallıqda təhsilin beşiklərindən hesab olunan bu universitet 800 illik tarixə və zəngin təhsil ənənələrinə sahibdir. Universitet 1209-cu ildə bir Oksford tələbəsinin qadını öldürməsindən sonra bir qrup alim şəhəri tərk etmiş və Kembricdə universitet təsis etmişdir. Oksford və Kembric universitetlərinin ümumi tarixi var və onlar daima rəqabətdədir. Onları birlikdə “Oksbric” adlandırırlar. Hazırda təhsil ocağı daxilindəkı 6 akademik məktəb ümumilikdə 150 müxtəlif fakültəyə ev sahibliyi edir. 100-dən çox kitabxana universitetin akademik potensialının artırılmasına xidmət edir. 80-dən çox idman növündə tələbələrin fəaliyyət göstərməsi üçün imkanlarının yaradılması isə “Cambridge” brendinin üzvlərinə təqdim edilən əlavə bir imtiyazdır. Tələbə sayı 18 396-dır.

5. STANFORD UNİVERSİTETİ (Leland Stanford Junior University – Kiçik Leyland Stanford adına universitet)

Palo-Alto şəhəri yaxınlığında, Silikon vadisinin mərkəzində, Kaliforniya ştatında yerləşən bu universiteti Silikon vadisinin sərvəti adlandırırlar. Universitet ABŞ-nin və bütün dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitet əsas tədris binaları Yahoo, Google və s. kimi texnologiya nəhənglərinin ofislərinin yerləşdiyi məşhur “Silikon Vadisi”ndədir. Belə bir deyim var ki, Stanford Universiteti məzunları yığışıb öz ölkələrini qursa idilər, həmin ölkə dünyanın ən böyük 10 iqtisadiyyatından birinə sahib olardı. Buna görə də universiteti həm də “milyarderlər fabriki” adlandırırlar. Universitetin tərkibində Stanford neyroiqtisadiyyat yay məktəbi yaradılıb. Amerika alimləri kəşflərinin əksəriyyəti, həmçinin elm və texnikanın ən qabaqcıl sahələri üzrə – biomühəndislikdən başlayaraq ən yeni kompüter texnologiyaları və kosmik tədqiqatlara, genetika, mədəni antropologiyaya qədər bu universitetin institut və laboratoriyalarında həyata keçirilir.

6. KALİFORNİYA UNİVERSİTETİ (The University of California, UC)

Universitet sistemində ən qədimi və ən nüfuzlusu 1868-ci ildə təsis edilmiş Berklidəki Kaliforniya Universitetidir. ABŞ-də elmi araşdırmalar aparma potensialı ən yüksək olan təhsil ocaqlarından biridir. Universitetdə hətta NASA-ya məxsus olan laborotoriya da mövcuddur. Texnologiya və mühəndislik hazırda bu universitetin ən güclü olduğu sahələr hesab edilir. Kaliforniyanın 10 ictimai universitetinin birliyidir. “İctimai” statusu ali məktəb sisteminin müxtəlif mənbələrdən, o cümlədən, Kaliforniya ştat büdcəsindən (maliyyəsinin üçdə biri) maliyyə yardımı aldığını göstərir. Birlik ştatın qubernatoru tərəfindən təyin olunan regentlər şurası tərəfindən idarə edilir. Kaliforniya Universiteti sistemində 191 000-dən çox tələbə təhsil alır.

7. PRİNSTON UNİVERSİTETİ (Princeton University)

ABŞ-nin Nyu Cersi ştatının Prinston şəhərində yerləşən özəl ali təhsil müəssisəsidir. Hazırda Prinston Universitetinin kapitalı 3 milyard dollar təşkil edir, bu da ABŞ-də Harvard və Texas Universitetlərindən sonra 3-cü yerə sahib olmaq deməkdir. Prinstonun tərkibinə texniki və tətbiqi elmlər məktəbləri, inşaat və şəhərqurma, ictimai və beynəlxalq əlaqələr, astrofizika elmləri bölmələri, biologiya, kimya, iqtisadiyyat, fəlsəfə, siyasət, sosiologiya, psixologiya, ilahiyyat, roman dilləri və ədəbiyyatı, alman dilləri və ədəbiyyatı, bədən tərbiyəsi və digər fakültələr, eləcə də C. Forretstol adına elmi-tədqiqat mərkəzi (aeronavtika, kosmik tədqiqatlar, texniki elmlər, plazma fizikası laboratoriyaları bölmələri mövcuddur) daxildir. Aparıcı yerli Makkarter Teatrı, bədii təsvir və təbii tarix muzeyləri də universitetin strukturuna daxildir. Universitetin kitabxanalarında 6 milyon cilddən çox kitab var. Ən böyük kitabxana 4 milyondan çox kitabı olan Firestone kitabxanasıdır. 2007-ci ilin fevralından Prinston Universiteti Google beynəlxalq axtarış şəbəkə sisteminə qoşulub. Prinston həmçinin super kompüter sisteminə malikdir. “Orangena” adlı bu EHM (IBM) kompüter sistemi 2005-ci ildə dünyanın ən sürətli 79 super kompüter sistemi seçilib. Prinston Universitetinin pedaqoji heyəti yüksək səviyyədə ixtisaslaşıb. Bütün müəllimlər tədqiqat işi ilə məşğuldur. Prinstona qəbul çox çətindir. Təhsil müddətində tələbə bir semestr ərzində keçilən 30 fənni mənimsəməlidir. Təhsilin 1-ci və 2-ci illərində tələbələr baza bilikləri əldə edir, 3-cü və 4-cü illərində isə intensiv ixtisas proqramlarını öyrənirlər. Tədris planı hər bir tələbənin maraq və həvəsini, universitetin tələblərini nəzərə alaraq fərdi formada təşkil olunur. Prinston Universitetinin tədris prosesində “preseptorial” və ya rəhbərlik prinsipi əsas yer tutur, xüsusilə bu forma humanitar və sosial elmlərin öyrədilməsində istifadə olunur və mühazirə dərslərilə tamamlanır.Tələbələr 4 sahəyə aid olan iki fənni öyrənməlidirlər: dəqiq elmlər, ictimai elmlər, incəsənət və ədəbiyyat, tarix, fəlsəfə və ilahiyyat. 1-ci kursun proqramı tələbələrdə savadın yüksəldilməsi və sərbəst düşüncə bacarığının inkişaf etdirilməsi üçün “İnşa” fənninin öyrədilməsini nəzərdə tutur. Prinston Universitetində bütün yazılı imtahanlar “vicdan sistemi” ilə aparılır: tələbələr vicdanla imtahan verməyə söz verirlər, bunun üçün də müəllim imtahanın gedişinə nəzarət etmir. O, sadəcə imtahan vərəqlərini paylayır, suallara cavablar verir və auditoriyanı tərk edir, sonda isə vərəqləri toplamaq üçün qayıdır. Hər bir tələbə işini imzalayarkən yazır: “Vicdanıma and içirəm ki, imtahan zamanı vicdan kodeksini pozmamışam”.

Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası – Məryəm Məmmədova

Translate »