Noyabr 27, 2021

Əfqanıstanda “Taliban” silahlıları ilə yaraqlılar arasında toqquşmalarda 17 nəfər ölüb

Əfqanıstanın qərbində yerləşən Herat əyalətində “Taliban” hərəkatının silahlıları ilə yaraqlılar arasında baş verən toqquşmalarda azı 17 nəfər ölüb.

Turaz.org xəbər verir ki, bu barədə xəstəxanadakı mənbə “RİA Novosti”yə bildirib.

“Bu gün 7-si uşaq, 3-ü qadın və 7-si kişi olmaqla, 17 nəfərin meyiti Herat vilayətindəki xəstəxanaya çatdırılıb. Onların hamısı güllə yaralarından dünyasını dəyişib”, – mənbə bildirib. O əlavə edib ki, ölənlərin kimliyi açıqlanmır.

Öz növbəsində Əfqanıstanın Daxili İşlər Nazirliyinin sözçüsü Kari Said Xosti Heratda “Taliban” xüsusi təyinatlı dəstəsinin əyalətdə adam oğurluğu ilə məşğul olan cinayətkarlara qarşı əməliyyat keçirdiyini söyləyib. “Taliban” cinayətkarların olduğu evi mühasirəyə alıb və sonda atışma baş verib. Xostinin sözlərinə görə, xüsusi təyinatlılar üç cinayətkarı məhv etməyə müvəffəq olub.

Müxbir: Əzizə Əlizadə

Translate »