Oktyabr 4, 2022

Ehtiyatda olan zabit: Ordumuzun qətiyyətli zərbələri nəticəsində düşmən hər dəfə ağır itkilər verərək geri çəkilməyə məcbur ediləcək

Ermənistan hakimiyyəti 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin utancverici məğlubiyyətindən sonra erməni xalqı arasında hakimiyyətin və ordunun tapdalanmış nüfuzunun bərpası üçün “əlindən gələni” etməyə çalışır.
Bunu ehtiyatda olan zabit Yunis Eldaroğlu açıqlamasında deyib.
Zabit bildirib ki, belə cəhdlərdən biri də iyulda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş döyüş toqquşmasında özünü büruzə verdi. Lakin ermənilər bu dəfə də gözlədikləri nəticəni nəinki əldə edə bilmədilər, hətta daha böyük utanc hissi yaşamağa məcbur oldular. Necə deyərlər, bu dəfə onlar qaş düzəltmək istədikləri yerdə, göz çıxardılar.
Ordularının ardıcıl olaraq biabırçı məğlubiyyətə uğraması erməni xalqının haqlı narazılığına səbəb oldu. Bataqlıqda çabalayan Ermənistan ordusu “saman çöpündən yapışmaq” misalında olduğu kimi, bu dəfə avqustun 23-də kəşfiyyat-diversiya qrupundan istifadə edərək erməni xislətinə xas bir şəkildə növbəti təxribata cəhd etdi. Amma Azərbaycan Ordusunun bölmələri sayıqlığı ilə “sən saydığını say, gör fələk nə sayır” məsəlini ermənilərə ustalıqla xatırlatmış oldu.
Hər dəfə uğursuzluqlarını ört-basdır etməyə çalışan Ermənistan rəhbərliyi hakimiyyətə qarşı çıxan narazı erməni əhalisinin etirazlarını daha da artırmamaq, başqa sözlə, odun üstünə benzin tökməmək, məqsədilə bu məsələyə də don geyindirmək məcburiyyətində qaldı. Reallığı gizlətmək üçün xalqının gözündən pərdə asaraq yalan bəyanatlar yaymaq üzrə “mütəxəssis” olan düşmən, yenə sevimli peşəsinə – yalan və uydurma izahatlara əl atdı. Belə ki, avqustun 23-də təxribat törətməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın guya yolu azaraq Azərbaycan tərəfinə keçməsi barədə məlumat yayıldı.
Əslində bunun özü belə utancverici hadisədir. Bir ordunun zabiti uzun müddət xidmət etdiyi postda azarsa, o ordunun əsgər, çavuş və gizirlərindən nə gözləmək olar?! Amma indiki vəziyyətdə erməni hakimiyyətinin başqa bir bəhanə uydurma şansı yox idi. Üzərində silah-sursat, əynində hərbi forma olan birinə bu dəfə çoban damğası vurula bilməzdi.
“Ermənistan hakimiyyəti gələcəkdə yeni bəhanələr uydurmağa məcbur qalmamaq üçün hərbçilərini öz “yuvalarında” oturtmalıdır. Düşmən bilməlidir ki, günbəgün güclənən, peşəkar kadr və müasir silahlarla komplektləşdirilmiş Azərbaycan Ordusu hər an öz xidmətini ayıq-sayıq yerinə yetirir və döyüş növbətçiliyi aparır. Düşmənin döyüş tapşırığını yerinə yetirən hərbçilərimizin dayandıqları səngərlərimizdən nəinki keçməyə, oraya heç yaxınlaşmağa belə şansı yoxdur. Bununla yanaşı, əgər işğalçı ordunun hərbi qulluqçuları əsgərlərimizin gücünü bir daha da sınamaq və bu gücün təsirini öz üzərində hiss etmək istəyirsə yenə də cəhd edə bilərlər. Amma düşmən anlamalıdır ki, bu dəfə də onların kəşfiyyat-diversiya qruplarının aqibəti əvvəlkilərdən fərqli olmayacaq. Yenə də bölmələrimizin qətiyyətli addımları və adekvat tədbirləri nəticəsində düşmən itkilərə məruz qalaraq geri çəkilməyə məcbur ediləcək”, – deyə zabit qeyd edib.

Mənbə: azertag.az
Müxbir : TurAz.org xüsusi müxbiri Hüseynova Jalə

Həmçinin bax : https://turaz.org/almaniyanin-xarici-isler-naziri-turkiyeye-sefer-edib/

https://azertag.az/bolme/science_and_education

Translate »