İyun 5, 2023

Ekspert: “Vətəndaşlar hazırkı ailə büdcəsi ilə infelyasiya qarşısında acizdir”

Ölkəmizdə ərzaq mallarının və dərman vasitələrinin qiymətləri durmadan artır.

Milli Məclisin plenar iclasında deputat Fəzail Ağamalı da bu məsələyə diqqət çəkib. Deputat təklif edib ki, bunun qarşısını almaq üçün bu məhsulların idxalında əlavə dəyər vergisi və gömrük rüsumu müvəqqəti dondurulsun.

İqtisadçı Asif İbrahimov məsələ ilə bağlı “turaz.org”a danışarkən bildirib ki, hər hansı bir məhsulun qiyməti təyin olunarkən ona çəkilən xərclər nəzərə alınır: ” Həmin məhsula sərf olunan xammalın qiyməti, ödənilmiş əməkhaqqılar, vergi, daşınma xərcləri və s. üst-üstə gəlir. Sonda ümumi qiymət ortaya çıxır.

Təəssüf ki, ölkəmizdə yerli istehsal olunan məhsulların qiyməti artırılır. Bu həmin məhsulların maya dəyərinin yüksək olması ilə bağlıdır. Xaricdən idxal olunan bir çox məhsulların qiyməti də başqa faktorlar, pandemiya, Rusiya-Ukrayna müharibəsi səbəbindən daha da artıb.

Azərbaycan vətəndaşı artıq ciddi şəkildə piştaxtalarda ikirəqəmli infelyasiyanı hiss edir. Bəzi strateji məhsulların, məsələn çörək, daşınma xidmətləri, dərman preparatlarının, un məhsullarının qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir.

Millət vəkili düzgün təklif verib.Tarif Şurasının tərəfindən tənzimlənən strateji məhsulların qiymətlərinə müəyyən subsidiyalar yaratmaqla və yaxud da hansısa vergilərdən azad etməklə həmin məhsulların qiymətini aşağı salmaq olar.

Azərbaycan vətəndaşı hazırkı ailə büdcəsi ilə ikirəqəmli infelyasiya qarşısında aciz qalır. Təkcə yağ məhsullarının qiyməti iki dəfə qədər artırılıb. Hətta dərman məhsullarının qiymətlərin də də artım müşahidə olunur.
Bu baxımdan deputatın fikrini dəstəyirəm. Artıq bununla bağlı mexanizmlər qurmağın vaxtı gəlib çatıb”.

Translate »