Sentyabr 28, 2022

Elçibəyin vəfatından 22 il keçir

Milli Azadlıq Hərəkatının lideri, Bütöv Azərbaycan ideologiyasının banisi, Azərbaycanın demokratik yolla seçilən ilk və sayca 2-ci Prezidenti Əbülfəz Elçibəyin vəfatından 22 il keçir.

Turaz.org xəbər verir ki, mərhum lider Əbülfəz Əliyev 24 iyun 1938-ci ildə Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndində doğulub. İlk təhsilini Ordubadda alan Elçibəy 1957-ci ildə Bakı Dövlət Universitetinə daxil olub.

Tələbəlik çağlarından azadlıq idealları ilə seçilən Əbülfəz bəy tezliklə böyük bir kütləni ətrafında toplaya bilir. Milli Azadlıq Hərəkatının lideri Elçibəy 1989-cu il iyul ayında Azərbaycan Xalq Cəbhəsini yaradır və onun ilk sədri olur. 8 iyun 1992-ci ildə demokratik yolla, xalqın səsi ilə prezident seçilir. Bəyin prezidentliyi dövründə Azərbaycanda bir sıra islahatlar keçirir və Rusiya ordusu Azərbaycandan çıxarılır. Milli ordu quruculuğuna başlayan Elçibəy tezliklə Ağdərəni, Gədəbəyin və Laçının kəndlərini işğaldan azad edir.

Elçibəy 1993-cü ilin iyun ayında ölkədə vətəndaş müharibəsinin qarşısını almaq məqsədilə hakimiyyətdən əl çəkir və doğma kəndinə gedir. Vətən sevgisi ilə alışıb yanan böyük bəy heç bir zaman ideallarından dönmür və Azərbaycanda demokratik toplumun yaranması üçün çalışır.

Özünün də dediyi kimi: “Sadə bir türk, çox sadə”, haqsevər, yurdsevər, hər şeydən əvvəl isə insansevər idi. Çünki onun üçün yenə özünün dediyi kimi: “Vətən sevgisi torpağa deyil, onun üstündəki insanlara qarşı duyulan sevgidir.”

Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə qardaş Türkiyənin başkəndi Ankara şəhərində, müalicə aldığı xəstəxanada əbədiyyətə qovuşur. Bəyi vəfatının 22-ci ildönümündə rəhmət və hörmətlə yad edirik. Allah rəhmət etsin.

Translate »