Oktyabr 20, 2021

Əli Rüstəmlinin qələmindən “Sky news”

Sky news telekanalının aparıcısı-Diana Magnay, siz bu verilişi aparmazdan əvvəl, bu konflikt və real şəraitlə bağlı məlumatlı olmalı idiniz. Heç bir fakta söykənməyən qərəzli mövqeyiniz, jurnalist nüfuzunuza xələl gətirməklə bərabər, sizi dinləyənlərin hiddətinə səbəb oldu. Azərbaycan xalqı həmin xalqdır ki, bizə qarşı 1988-93-cü illərdə Ermənistanla sərhəd ərazilərimizdə, kütləvi terrorlar həyata keçirilmiş, soyqırım törədilmişdir. Məsələn: Qarabağlar və Xocalı kimi. 1992-ci ildə Azərbaycanın Xocalı, Şuşa, Laçın, Ağdərə rayonları, ermənilər tərəfindən işğal olundu. Təcavüzə məruz qalan Azərbaycana münasibət bilirsinizmi necə oldu? -Azərbaycana qarşı 1992-ci ildə “Azadlığı müdafiə aktına 907-ci düzəliş” edildi, Azərbaycana silah satışına qadağa qoyuldu. Torpaqlarımızı itirməyimiz bizə bir zərbə oldusa, ikinci zərbə bizə məhz, bu siyasətlə vuruldu(ABŞ jurnalisti David Rohdenin, “Serebrenitsa” müsəlmanlarına qarşı soyqırımı haqqında dedikləri, sanki, Azərbaycan haqqında deyilmiş). “Beynəlxalq ictimaiyyət tərəfli bir şəkildə minlərlə insanı silahsızlaşdırmış və sonra da, onları, ən azğın düşmənlərinə təslim etmişdir. Silahsız qalıb, yenə də, torpaqlarımızı itirdik: Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarımızın ermənilər tərəfindən işğal olunması üçün, şərait yaradıldı. Çoxlu girov və əsirlərimiz erməni millətçiləri tərəfindən qeyri-insani hərəktlərə məruz qaldı. Çoxlu qaçqınlarımız oldu, yeni müstəqil olmuş dövlətimiz, qaçqın problemi ilə üzləşdi. İşğal olunmuş torpaqlarımızda, sakinlərimizin evləri, məktəbləri, məscidləri, qəbiristanlıqları dağıdıldı. Beynəlxalq ictimaiyyət buna səssiz qaldı, ermənilər bütün həssas hisslərimizə toxundular. Meyidlərimiz, əsir və girovlarımız təhqir olundu. Dünya buna səssiz qaldı. 2020-ci ilin iyulunda, Tovuzda Ermənistan-Azərbaycan sərhədində ermənilər hücuma keçdi. 14 hərbçimiz öldü. Onların içində, 18 yaşı yenicə tamam olmuş hərbi xidmətə yeni gələn əsgərimiz həlak oldu. Enerji xətlərinə təhlükə yarandı, biz müharibəni genişləndirmədik. Dünya yenə soyuqqanlı tamaşaçı qismində bütün bunları seyr etdi. Sentyabrın 27-sində, Ermənistan səhər saat 06:00-da əsgərlərimizin kazarmasını bombaladı. Azərbaycanı müharibəyə təhrik etdi. Ermənistan bir daha müharibənin qanunlarını pozaraq, sərhəddən çox uzaqda olan şəhər və rayonlarımızı bombalayır. Hər gün, dinc əhalinin, uşaqların, qocaların öldürülməsi haqqında, evlərin, məktəblərin dağıdılmasını görür və eşidirik. Dünya səssizdir hələ də….Azərbaycan tərəfi, dəfələrlə Ermənistanı xəbərdar edir, mülki ərazilərimizi bombalamağa son qoymağa çağırır. Əks-təqdirdə, adekvat tədbirlər görməyə məcbur olacağımızı deyir. Dünya hələ də, susur. Hörmətli Diana Magnay, nə üçün bir dəfə də, olsun, bizim qırılan mülki əhalimizdən, ermənilərin dinc yerləri bombalayarkən, həlak olan uşaqlardan, dağıdılan evlərdən, ermənilərin bizə qarşı qadağan edilmiş silahlardan bizi bombaladıqlarından bir kəlmə belə demədiniz? Sizcə bu, qeyri-obyektiv və qərəzli deyilmi? Cənab prezidentə verilən suallardan biri də, Şuşada erməni kilsəsinin dağıdılması haqqında oldu. Halbuki, bu yanlış idi. Erməni kilsəsi heç də, Azərbaycan tərəfindən vurulmayıb. Bu sadəcə, ermənilərin dünyaya xristian-müsəlman münasibətlərinin təqdim mesajıdır. Azərbaycan dövləti, heç vaxt xristianlara düşmən münasibətdə olmayıb. Onlara qarşı tolerant münasibətdə olub. Azərbaycan xarici siyasətdə, həmişə xristian dövlətlərlə xoş münasibət saxlayıb. Buna misal, İtaliyada(Vatikan)katakombaları bərpa etməsi, xristian məbədlərini bərpa etməsi, paytaxt Bakıdakı xristian kilsələrini qorumasıdır.

      Bir xalq kimi, Tanrıdan ədalətin bərpası üçün dua edirik…
Hazırladı: Əli Rüstəmli

Yazar Qafqaz Maarif Birliyinin üzvü Əli Rüstəmli

Translate »