İl 2020,təqvim 8 noyabrı göstərir. Bu tarix bütün gəlib keçmiş zamanların ən gözəli, ən füsünkarıdır…. Birliyin, bilgəliyin, qürurun, mərdliyin, mübarizliyin, azadlığın və 30 illik həsrətin sonunda vüsala qovuşmağın günüdür bu tarix. Fəsillərdən payız olsa da nə ağacların, nə otların, nə də ki çiçəklərin rəngi solmayıbdır.Çünki ümidin, arzuların baharı başlayıb Azərbaycanda, mövsüm aydınlığın mövsümüdür. İllərdir qəlbimizdə daşıdığımız bütün ağrıları və dərdləri ümidsizliyin sonsuz qışına dəfn etdik bu tarixdə.Artıq hər saniyə ciyərlərimizə dolu-dolu aldığımız havadan azadlığın əvəzsiz qoxusu duyulur.
İl 2020, təqvim 8 noyabrı göstərir. Bu tarixdə xalqımın qəhrəmanlığının, şücaətinin, fədakarlığının milli və mənəvi dəyərləri ilə bütünləşdiyi bir dastan yazıldı adı “Zəfər dastanı” olan. Bu dastan millətimin şəxsiyyət və iradəsinin dərin izlərini sonsuzluğa daşıyan qəhrəmanlıqlarla doludur. Gələcək nəsillərə millət olmaq və öz müqəddəratına sahib çıxmaq şüurunu qazandıran “Zəfər dastanı”mız qürurlu bir xalqın kimliyini, qüdrətini və yenilməzliyini də dünyaya göstərdi. Bu dastanın əsas qəhrəmanları bütün arzularını, duyğularını və həyatlarını Vətən-Millət-Bayraq kimi uca qayələr ətrafında heç bir qarşılıq gözləmədən qurban verən igidlərdir. Onların cənnət qoxan qanlarıyla yazıldı “Zəfər dastanı”mız.
İl 2020 , təqvim 8 noyabrı göstərir. Bu tarix haqqın batilə, birliyin ayrılığa, mərdin namərdə , xeyirin şərə qalib gəldiyi gündür. Bu tarixdə Şuşamızın azadlığı ilə zəfərimiz taclandı, xalqımız yeni bir diriliş ruhuyla dimdik ayağa qalxdı. Dövlət-Ordu-Xalq birliyinin yaratdığı dəmir yumruğun gücündən doğan qələbənin sevinciylə qanadlandı.
İl 2020, təqvim 8 noyabrı göstərir. Üç minə yaxın vətən sevdalısının cənnət qoxan ruhuyla Kabəyə salam verdiyi gündür bu gün. Övladını itirən anaların, ataların alınan qisasın təsəllisiylə rahatlıq tapdığı gündür. Qanıyla torpağa can qatan, ölümü belə öldürərək ölümsüzlük qazanan igidlərin tarixə yazdığı azadlıq nəğməsinin bəstələndiyi gündür. Bu nəğmə bəstələnərkən şəhadətə qucaq açan minlərlə oğullarımız bizlərə tarixi torpaqlarımızın azadlığını miras qoydular. Bu tarix əzmimizin düşmən canına qorxu saldığı gündür. Elə bir gündür ki, yenilməzliyimizin qarşısında butun dunya heyran qaldı.
İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universitetinin “Jurnalistika ” ixtisas üzrə IV kurs tələbəsi
Son Xəbərlər
Havanın çirklənməsi xroniki öskürək yarada bilər
ABF-nin 7 üzvü Xorvatiyaya yola düşüb
İsmayıllıda zəlzələ oldu