Fevral 3, 2023

Gömrük buraxılış məntəqələrindəki ləngimənin səbəbi: “Əvvəlki rəhbərliyin…”

COVID-19 pandemiyası başlayandan bəri insanların bir qismi alış-verişi onlayn şəkildə həyata keçirməyə başlayıb. Xüsusilə də xaricdən alış-veriş etməyə üstünlük verən insanlar bunun həm qiymət, həm də vaxt cəhətdən onlar üçün əlverişli olduğunu bildirirlər. Lakin xaricdən alınan məhsulların gömrük yoxlanışında bir çox hallarda gecikmələr baş verir. Maraqlıdır, bunun səbəbi nədir?

Mövzu ilə bağlı Turaz.org-a danışan Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın üzvü Osman Gündüz gömrük buraxılış məntəqələrində proseslərin ləngiməsinin daha əvvəldən olduğunu deyib.

Onun sözlərinə görə, bu ciddi məsələ hələ də öz həllini tapa bilmir:

“Uzun illərdi ki, bizim gömrük postlarında bir deyil, iki pəncərə mövcuddur. Yəni məntəqədə gömrük rəsmiləşdirmələri, Prezident fərmanında qeyd olunduğu kimi “bir pəncərə” prinsipi ilə deyil , “iki pəncərə” prinsipi ilə aparılır. İkinci pəncərə isə Dövlət Sərhəd Xidmətinə aiddir. Gömrüyün vahid pəncərəsində aparılan bütün əməliyyatlar (avtomobil məlumatları, vətəndaşa aid məlumatlar və s.), təkrarən Sərhəd xidmətçiləri tərəfindən onların “pəncərəsində” də aparılır. Hansı ki, beynəlxalq normalara görə də bu belə olmalı deyil.
Əvvəllər DSX-da bildiyim qədər rəqəmsal mühit, transformasiya işləri də çox zəif inkişaf etmiş vəziyyətdə olub. Dataların inteqrasiyası olmadığından proses olduqca ləng həyata keçirilirdi”.

Ekspert bildirib ki, əvvəllər DGK və DSX rəhbərləri, generallar tez-tez gömrük postlarında görüşüb müzakirələr aparırdılar: “Lakin əvvəlki rəhbərliyin bu problemi həll etməyə, sadəcə gücü çatmadı. Əlbəttə, düşünmək olar ki, bu məsələ iki qurumun generallarının bir yerə toplaşması ilə də həll olunan məsələ deyil. Amma görünən də odur ki, DSX və DGK tərəfindən aparılan eynigüclü paralel əməliyyatlar sənədləşmə və sərhəddən keçid müddətini ikiqat artırır. Bu isə əlavə problemlər və narazılıqlar yaradır.
Ümid edirəm bu sektorda aparılan islahatlar və idarəetmənin təkmilləşdirilməsi işləri çərçivəsində bu problemin də həllinə nail ola bilinəcək”.

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Ağayeva

Translate »