May 17, 2022
qaz

Gürcüstan Qara dənizdə təbii qaz axtaracaq

Avstriya-Rumıniya şirkəti olan “OMW Petrom” Gürcüstanda Qara dənizin şelfində təbii qaz ehtiyatlarının axtarışı prosesinə başlayacaq.

Turaz.org xəbər verir ki, bu məsələ Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvilinin şirkətin nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.

Görüşdə “OMW Petrom”un Qara dəniz şelfində həyata keçirdiyi layihənin uğurlu inkişafının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, ekspertlərin qiymətləndirmələrinə əsasən, dənizin Gürcüstan şelfində təbii qazın əhəmiyyətli ehtiyatları var. Şirkət yaxın bir il ərzində üçölçülü seysmik kəşfiyyat işləri aparacaq, qazma işlərinə isə layihənin növbəti mərhələsində başlanılacaq.

Layihənin ümumi dəyəri 30 milyon ABŞ dolları təşkil edir.

“OMW Petrom” Rumıniyada Qara dəniz şelfində təbii qaz hasilatı ilə artıq məşğul olur. Şirkət bu ilin mayında Gürcüstanda Qara dəniz hissəsində neftin kəşfiyyatı üzrə işlərə başlamalı idi. Qonşu ölkə ötən ilin aprelində şirkətlə məhsulun bölgüsü haqqında müqavilə də imzalayıb.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/ermenistanin-fovqelade-hallar-naziri-andranik-piloyani-saxlanilib
Həmçinin bax: tehsilim.org/fenn-musabiqeleri-ve-lutfi-zade-adina-mentiq-olimpiadasina-qeydiyyatdan-kecenlerin-nezrine

Translate »