Mart 25, 2023

Heydər Əliyevin millət vəkili seçildiyi qəsəbənin illərdir davam edən su problemi

Sərhəd Hərəkatının başladığı, Milli Azadlıq Hərəkatının əsas dayaq məntəqələrindən olan və Sədərək döyüşlərində xüsusi qəhrəmanlıqla döyüşən qeyrətli insanlar kəndi- Nehrəmin su problemi həll edilmir. 

Qəsəbə sakinlərindən Turaz.org-a verilən məlumata görə, qəsəbənin əhalisi illərdir ki, içməli su problemindən əziyyət çəkir. Sakinlər nə ehtiyaclarını ödəməyə, nə də təsərrüfatlarını, əkin sahələrini sulamağa su tapmadıqlarını deyirlər.

“Əgər əvvəllər kəndin böyük məhəllərində ümumi su krantları var idisə, artıq o krantlar da quruyub. Kəndin ehtiyacını qarşılamaq üçün Əlincədən kəndə su kəməri çəkilmişdi, lakin bir müddət sonra məmurlar əhalini bu sudan da məhrum ediblər.”- deyə qəsəbə sakini bildirib.

Digər bir sakin isə su gətirmək üçün Ordubada, Şərura, ən yaxşı halda isə Ərəfsə kəndinə üz tutduqlarını qeyd edib. Qəsəbə sakinləri Kənd nümayəndəliyinin, Bələdiyyənin və Su idarəsinin onları dinləmədiyini, hətta qəbul belə etmədiklərini də deyiblər. Problemin qış aylarında daha da böyüyəcəyi məlumdur. Ümid edirik ki, qəsəbənin su problemi aradan qaldırılacaq.

Qeyd edək ki, bir müddət öncə “məhşur generalları” ilə gündəm olan Nehrəm qəsəbəsi və onun sakinləri müəyyən dairələrin sifarişi ilə bəzi “jurnalistlər” və “media quruluşları” tərəfindən tənqid olunurdu. Bu kimi problemləri işıqlandırmaq əvəzinə, ömründə bircə dəfə belə rüşvət almayan, DGK-də heç bir yaxın qohumu belə işləməyən əlləri torpaq qoxan qəsəbənin zəhmətkeş əhalisini “rüşvətxor”, “gömrük qoçusu” adlandırmaq vicdansızlıq və peşə şərəfini pula satmaq deməkdir.

Mövzunu işıqlandırmağa davam edəcəyik.

 

 

Translate »