Mart 26, 2023

Hitlerin gizli silahı: PERVİTİN

Hitler 1939-cu ildə Polşaya hücum edir və 1940-cı ildə Danimarka və Norveçi tutur. Bir ay sonra qoşunlar Hollandiya və Belçikaya doğru irəliləyir. Almanlar Hollandiyanı işğal edirlər. Nəhayət, növbə Fransaya çatır. Alman tankları cəmi 11 gün ərzində 240 kilometr çətin relyefi qət edir və hətta “keçilməz” adlandırılan Arden meşəni də keçir. İşğalın rəhbəri general Heinz Guderian Fransa sərhədinə doğru irəliləmək üçün “Lazım gələrsə üç gün yatmadan davam etmənizi istəyirəm” əmrini verir. Üç gün dayanmadan mil sürmək Hitlerin ambisiyasının sübutu idi. Hitler Fransaya gedəndə Fransanın müdafiə sistemləri almanlar tərəfindən darmadağın edildi. Bəs almanlara belə güc verən nə idi? Cavabı əsas tərkib hissəsi metamfetamin olan həb şəkilli pervitindir.

Turaz.org” xarici mediaya istinadən xəbər verir ki, bu dərmandan İkinci Dünya müharibəsində nasistlər tərəfindən əsgərlərə güc və enerji vermək üçün istifadə edilib. Metamfetamin 1937-ci ildə Almaniyada sintez edilib və 1938-ci ildə satışa buraxılıb. Daha sonra 1941-ci ilin ortalarında yeniyetmələr üçün əyləncə dərmanı kimi istifadə edilib. Yorğun gecə işçiləri üçün isə zərurətə çevrilib. Bu dərmanın istifadəsi xüsusilə ağır şəraitdə işləyən yəhudi işçilər üçün məcburi idi. Almaniyada katiblərdən tutmuş məşhur kino ulduzlarına qədər bir çox insan ondan istifadə edirdi. Bu dərmanı qısaca cəsarət həbi də adlandıra bilərik. Pervitinin əsas tərkib hissəsi olan metamfetamin insan beyninin və bədəninin yuxu, istirahət, qidalanma və sərinləmə kimi ehtiyaclarını aradan qaldırıb. Bu stimulantdan istifadə edənlər günlərlə yuxusuzluq və ağrı hiss etməyiblər. Beləliklə, almanlar özlərinə inam qazanıb, işlərinə daha yaxşı kökləniblər. Maddə orqanizmə daxil olduqda qan təzyiqini və bədən istiliyini yüksəldir, göz bəbəklərini genişləndirir və ağrıların qarşısını alır. Pervitin işçi sinfi üçün bazara çıxarılsa da, zaman keçdikcə istifadə məqsədi dəyişib. 1930-cu illərdə Almaniyada istifadə olunmağa başlayan dərman II Dünya Müharibəsi zamanı bəzi komandirlər tərəfindən taqətdən düşmüş əsgərlərin yorğunluğunun qarşısını almaq və ya müalicə etmək üçün istifadə edilib.
Dərman əvvəlcə əsir düşərgələrində məhbuslar üzərində sınaqdan keçirilib, sonra əsgərlərə verilib və təsirləri öyrənilib. 1940-cı ildə müharibənin ən qaynar bölgələrində döyüşən əsgərlərə 35 milyon pervitin həb göndərilib. Pervitin bədəndəki enerjini artırdığı üçün əsgərləri dayanılmaz maşına çevirib. Şərq Cəbhəsində Sovet İttifaqına qarşı təsirini -30 dərəcəyə qədər olan donma temperaturlarında göstərən və 35-50 saat yuxuda qalmada təsirli olan pervitinin soyuqluq, yuxusuzluq, yorğunluq kimi zəruri şərtləri aradan qaldırdığı üçün faşist işğalına böyük köməklik göstərdiyi deyilir. 1940-cı ildə İngilis mətbuatı Alman Silahlı Qüvvələri üçün bu sözləri yazıb: “Onlar qorxmaz və çılğındırlar. Onların insan olduğuna inanmaq çətindir”. Əslində, pervitindən istifadənin nasist hökuməti tərəfindən “supermen” yaratmaq üçün təşviq edildiyinə dair heç bir sübut yoxdur. Dövrün sağlamlıq lideri L. Conti onun istifadəsini şiddətlə tövsiyə edib. Qeyd edək ki, belə performans artıran dərmanlardan təkcə almanlar istifadə etməyib. Müttəfiq dövlətlər də müharibə yorğunluğunu aradan qaldırmaq üçün amfetamindən benzedrin şəklində istifadə ediblər. Bu maddələr mərkəzi sinir sistemini stimullaşdırıb, iştahı azaldıb və rifah hissini artırıb. İlk dəfə almanlar onlardan istifadə etsələr də, daha sonra yaponlar, amerikalılar və ingilislər də bu maddəyə müraciət ediblər.

Turaz.org” Təhlil Komandası – Buqələmun

Translate »