Sentyabr 25, 2022

Hulusi Kılıç: “Türkiyə Qırğızıstana lazımi dəstəyi verəcək”

14 sentyabrdaTacikistan-Qırğızıstan sərhəddində yaranmış gərginlik sentyabrın 18-nə qədər davam edib. Sentyabrın 18-i isə sərhəddə atəşkəs rejiminə dair razılaşmalar pozulmadan və atəş açılmadan keçib. 22 sentyabrda isə sərhəddə durum yenidən gərginləşib. Bu barədə Qırğızıstanın Dövlət Sərhəd Xidmətindən bildirilib. Qeyd olunub ki, Tacikistan hərbçiləri qırğız sərhədçilərinə bir neçə dəfə atəş açıb.

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Qırğızıstan və Tacikistan arasındakı mövcud gərginlikdən “Turaz.org“danışarkən bildirib ki, bu bütün Türk dünyası üçün üzücü xəbər olub: ” Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin keçirildiyi ərəfədə belə bir toqquşmanın olması bütün bölgə ölkələrində təəccüb doğurdu. 21 dekabr 1991-ci ildən sonra Qırğızıstan bir çox ölkə ilə 1996-ci ildə Çinlə, 1999-cu ildə də Qazaxıstanla sərhəd razılaşması imzalayıb. Özbəkistanla isə imzalanma mərhələsinə gəlib. Görünən odur ki, onun Tacikistan ilə mübahisəli sərhəd bölgələri qalıb.

14-16 sentyabr hücumunda yüzdən çox insan həyatını itirdi, bölgədəki 140 min qırğız təxliyə edilmək məcburiyyətində qaldı. Nəticədə iki ölkə 16 sentyabrda atəşlə bağlı razılığa gəldilər. İndi isə vəziyyət yenidən gərginləşib. Türk dünyası gündən-günə inkişaf etməkdə, güclənməkdə, türk dövlətləri arasında da əməkdaşlıq artmaqdadır. Türkiyə özü hər zaman sülhün tərəfdarıdır. O ölkələri aralarında yaranmış problemləri sülh yolu ilə həll etməyə səsləyir. Əgər indiki durumda lazım gələrsə, Türkiyə Qırğızıstana lazımi dəstək verəcək və onu haqq savaşında dəstəkləyəcək. Bu onun Türk dünyası üçün edəcəyi bir şeydir. İndiki mərhələdə Qırğızıstanın Türkiyənin PUA-larına ehtiyacı yoxdur. Belə bir məsələ müzakirə mövzu deyil. Amma rəsmi Ankara tezliklə hər iki tərəfin barışa gəlməsi üçün vasitəçi ola bilər. Düşünürəm ki, Türk Dövlətləri Təşkilatı bu məsələdə lazım olan addımları atacaq və ya bölgə ölkələrindən hər hansısa biri bu problemə bir çözüm göstərəcək”. Sabiq səfir şəhid olan qırğız qardaşlarımıza Allah rəhmət diləyib. Sonda Türk dövlətlərinin birlikdə güclü olduğunu vurğulayıb.

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Buqələmun

Translate »