Oktyabr 2, 2022

Humanist ideallar uğrunda mübarizəyə səsləyən mətbuatımız

XIX əsrdə siyasi, iqtisadi və mədəniyyət sahəsində çox vacib hadisələrə səhnə olan Azərbaycan 1813-cü ildə Gülüstan və 1828 -ci ildə Türkmənçay müqavilələri ilə parçalanmış, şimal bölgəsi Rusiya imperiyasının təsiri altına düşmüşdü.Ancaq bu hadisələr sosial həyatdan siyasətə , iqtisadiyyatdan mədəniyyət sahələrinə qədər bütün istiqamətlərdə depresiya dönəmi yaratsa da, xalqımız üçün yenidən dirçəlmək və milli kimliyinə daha sıx bağlanmaq üçün tətikləyici rol oynadı.

Məlum olduğu kimi o dönəmdə Fransa inqilabının Avropaya təsirləri, Rusiya imperiyasında baş verən müxalifət hərəkatları və Tiflis olmaq üzərə bir çox mərkəzi şəhərlərdə ortaya çıxan təşkilatlanma araşdırmaları, dil ,təhsil, hüquq və ədalət kimi məsələləri müzakirə etməkdə ən əsası isə bu mövzuları geniş xalq kütləsinə çatdırmaqda mətbuata böyük ehtiyac var idi. Belə bir çətin zamanda mətbuat orqanlarının təsisi Azərbaycanda 1990-cı illərə qədər davam edən müstəqillik mübarizəsinin siyasi və sosial sahələrdə əsas xətlərini təşkil edirdi.

Çoxminillik dəyərlərimizin və ana dilimizin yer aldığı milli mətbəə yaratmaq səylərini XIX əsrin birinci yarısında Mirzə Fətəli Axundov başlasa da, bununla bağlı ilk vacib addımı Həsən bəy Zərdabi atmışdır. Zərdabinin 1875 -ci ildə min bir çətinliklə nəşr elətdirdiyi “Əkinçi” qəzeti ilə ana dilində ilk milli mətbuatımızın əsası qoyuldu.Azərbaycan jurnalistikası tarixində ilk dəfə olaraq Həsən bəy Zərdabi “Əkinçi”nin timsalında mətbuata kütləvi informasiya vasitəsi,maarifçiliyin əsası, ictimai-siyasi şüurun formalaşması faktı kimi yanaşdı. Zərdabinin “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun”, “yaxşı-yamanlığı aşkar eləsin”, “xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün” kimi dərin mənalı fikirləri bu gün də mətbuatımızın əsas prinsipləri olaraq qalmaqdadır. “Əkinçi” nəşri ilə Azərbaycanda jurnalistika sistemininin formalaşması və peşə prinsiplərini yaranması ilə yanaşı Azərbaycan dilini rəsmi statusda fəaliyyətinin əsası da qoyuldu. Eyni zamanda “Əkinçi” milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi.

Azərbaycan mətbuat tarixində çarizm ideologiyasını qəbul etməyən qəzetlərdən birincisi olan “Əkinçi” sosial problemlərə toxunmaqla yanaşı milli kimlik qazanmaq üçün Türk dünyasının birləşməyinin zəruriliyini də önə çəkmişdi. Təfəkkürümüzdə milli kimlik toxumlarının “əkən” bu qəzet vasitəsiylə ziyalılarımız bir millətin kimliyi sayılan ana dilinin varlığı ilə millətçilik ruhunun yaranacağına inanırdılar.

Daha sonra nəşr edilən “Ziya”, “Ziyayi- Qafqaziyə “, “Kəşkül ” ,”Şərqi Rus”, “Həyat”, “İrşad”, “Füyuzat” “Açıq söz ” və başqa qəzet, jurnallar “Əkinçi” ilə eyni ideologiyanı bölüşmüşdülər.

Yarandığı gündən bu günə qədər keçən 147 il ərzində milli mətbuatımız azadlıq hərəkatının başlanması, ölkəmizin müstəqillik qazanması yolunda daim ön sıralarda olaraq vətənimizin həqiqətlərini dünyaya çatdırmaqda yorulmadan mübarizə apararaq öz töhfələrini vermişdi.

“Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. Bu gün əsas vəzifə onun geniş imkanlarından milli dövlət quruculuğunda, demokratik dəyərlərin bərqərar edilməsində, sivil vətəndaş cəmiyyətinin formalaşmasında, islahatların həyata keçirilməsində, insanların mənəvi saflaşmasında səmərəli istifadə etməkdən ibarətdir. Mətbuat həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, humanist ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir.”- deyən Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələr aradan qaldırıldı, qanunvericilik bazası təkmilləşdirildi. 1998-ci ildə senzuranın ləğvi haqqında və ardından 1999 -cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” qəbul edilən qanun KİV-in istehsal və yayımın bütün məsələlərini demokratik şəkildə tənzimləyən hüquqi sənəd oldu.

Ulu Öndər siyasətinin layiqli davamçısı olan cənab İlham Əliyev də ənənələrə sadiq qalaraq medianın inkişafı ilə bağlı bütün məsələləri daim diqqətdə saxlayaraq mətbuata dövlətin diqqət və qayğısını heç bir zaman əsirgəmir. Məhz İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq üçün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata olan qayğısının ən bariz nümunəsidir.

Bu gün müstəqilliyinə qovuşan Azərbaycanımız kimi mətbuatımızda günü gündən inkişaf edərək 147 il bundan əvvəl ” Əkinçi”nin əkdiyi ideyaların bəhrəsini görür. Bu şərəfli yolda gənclərdə vətənpərvərlik ruhunun tərbiyəsini, milli adət və ənənələrə riayət etməyi, vətənə sədaqətlə xidmət göstərməyi, ana dilinin saflığını qoruyub saxlamağı və mükəmməl bilməyi qarşısına məqsəd qoyan mətbuatımıza daha böyük uğurlar və nailiyyətlər arzulayıram.

İlahə Allahverdiyeva

  Naxçıvan Dövlət Universiteti   

“Jurnalistika ” ixtisası üzrə IV kurs tələbəsi

 

 

Translate »