Dekabr 9, 2022

İbtidai siniflərdəki xaos: eyni sinifdə 40 şagird – “Binalar tikilir, məktəb isə azdır”

Tədris mövsümü başlayandan valideynlər ibtidai siniflərdə, xüsusilə də 1-ci siniflərdə şagird sayının 30-40 nəfər arasında olmasından şikayət edirlər. Bildirirlər ki, dərs müddətində müəllim təhsilalanlara bərabər vaxt ayırmır. Maraqlıdır, bir sinifdə tədrisin keyfiyyətli olması üçün maksimum neçə şagird olmalıdır? Bu qədər şagirdin bir sinifə toplanmasını nədən qaynaqlanır? Müəllim çatışmazlığı, yoxsa başqa səbəb?

Mövzu ilə bağlı Turaz.org-a danışan Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin direktoru Kamran Əsədov “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hər sinifdə 20 şagirdin tədris almalı olduğunu bildirib. Onun sözlərinə görə praktiki baxımdan bir sinifə 25 nəfərdən artıq təhsil alan toplanmamalıdır:

“Bir sinifdə 25 şagird təhsil alırsa, həmin sinifdə tədris prosesini səmərəli qurmaq mümkündür. İndiki zamanda çoxlu binalar tikilir, əhali sıxlığı yaranır, məktəb isə azdır. Beləliklə, eyni sinifə 30-40 nəfər uşaqlar cəmləşir. Təhsildə belə bir qayda var ki, əgər sinifdə 25 nəfərdən çox uşaq yığılar və uşaqların sayı 30-u keçərsə, onda ikinci sinif açılmalıdır. İkinci sinif açılmalıdırsa, ora yeni bir müəllim də təyin olmalıdır. İbtidai sinifdirsə, əlavə ibtidai sinif müəlimi üçün vakansiya açılmalı, yuxarı siniflərdirsə, fənn üzrə müəllimlər cəlb olunmalıdır. Bu pedoqoji tələb yerinə yetirilməlidir”.

Təhsil ekspertinin fikrincə, bir sinifdə 30-40 şagirdin olması tədris keyfiyyətini aşağı salır:

“Bu baxımdan düşünürəm ki, Azərbaycanın təhsillə bağlı zəngin təcrübəsi var. Ondan istifadə edilməlidir. Bəzən deyirlər ki, hansısa ölkədə bir sinifdə 30-40 şagird təhsil alır. Bəlkə həmin sinifdə şagirdlərə sadəcə olaraq ümumi məlumat verirlər, fənnləri dərindən öyrətmək istəmirlər. Bizim öz təcrübəmiz var, öz təcrübəmizə, elə qanunumuza görə də bir sinifdə 25 nəfər şagird olmalıdır və bu proses həyata keçirilməlidir. Şagirdlərin sayı artırsa, ikinci, üçüncü sinif yaratmaq lazımdır. Əlavə məktəb binaları tikilməlidir. Düşünürəm ki, bu sıxlıq məsələsi Azərbaycan təhsilində şagirdlərin keyfiyyətli biliyə yiyələnməsində müəyyən maneə törədir və bu aradan qaldırılsa, yaxşı olar. Təhsili idarə edənlər məktəblərdə uşaq sıxlığı probleminə ciddi diqqət yetirməlidirlər. Təhsilin məqsədi gənclərə müəyyən biliklər, vərdişlər öyrətməkdir. Sinifdə şagid sayı çox olduqda bu vərdişlər ötürülmür, sıxlıq nəticəsində səs-küyün səviyyəsi qalxır. Uşaqlar bir-biri ilə him-cim oynayırlar və dərsin səviyyəsi sıfıra enir. Məktəblərdə dərs elə təşkil olunmalıdır ki, biliyin ötürülməsi öz maksimum həddinə çatsın. Sinifdə 10-15 nəfər uşaq olan zaman uşaqları yaxşı öyrətmək olur. Tədqiqatlar göstərir ki, sinifdə şagird sayı 25-dən yuxarı olduqda sinif idarəolunmaz hala gəlib çıxır. Ona görə dövlət tərəfindən tədris üçün çəkilən xərc, müəllimlərin əziyyəti boşuna gedir. Bu vacib bir məsələdir”.

Kamran Əsədov bildirib ki, aparılan araşdırmalar nəticəsində şagird sayı 30 nəfərdən artıq olan siniflər çoxluq təşkil edir və əksər məktəblərdə paralel siniflər təşkil olunmur:

“Dərslər bir otaqda 30-35 şagirdə tədris olunur. Xüsusən də ibtidai siniflərdə şagird sıxlığı daha çox yaşanmaqdadır. Hazırda Azərbaycanın 4 472 orta məktəbində 1,5 milyona yaxın şagirdə 151 min müəllim dərs keçir. Amma 2014-cü ilə qədər müəllimlərin sayı 160 mindən çox idi. Lakin burada heç bir ixtisar olmayıb. Bu, optimallaşdırılma nəticəsində mümkün olub. Hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da bu məsələni rasionallaşdırmağa ehtiyac duyulur. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılması da vacibdir. Optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini təşkil etmək lazımdır”.

Türkiyədə bir müəllimə düşən şagirdlərin sayının 25, Rusiyada 18, Koreyada 35 nəfər olduğunu deyən ekspert qeyd edib ki, hazırda Bakıda bir müəllimə düşən şagirdlərin sayı 12 nəfərdir:

“Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda əsas istiqamətlərdən biri də dünya standartlarına uyğun tədris sisteminin qurulmasıdır. Hesab edirəm ki, müəllim şagird nisbətinin dünya standartlarına uyğun qurulması maliyyəyə və təhsilin inkişafına təsir göstərəcək. Ümumiyyətlə, Azərbaycanda müəllim-şagird nisbəti arzu olunandan yuxarıdır. Buna görə də hesab edirəm ki, gənc kadrların orta ümumtəhsil məktəblərində yerləşdirilməsi üçün təqaüd yaşına çatmış müəllimlərin pedaqoji sahədən uzaqlaşdırılmasını tənzimləyən normativ hüquqi bazanın olmasına ehtiyac var. Artıq 2 ildir ki, şagirdlərin birinci siniflərə qəbulu zamanı ərazi üzrə yaşayış meyarı əsas götürülür ki, bu da sosial ədalət prinsipini qoruyur. Bir çox hallarda valideynlər övladlarını digər ərazilərdə yerləşən məktəblərə yollayırdı ki, bu zaman həmin məktəbin mikroərazisində sıxlıq formalaşır”.

Turaz.org” Təhlil Komandası – Ağayeva

Translate »