Oktyabr 4, 2022

İdeal evlilik yaşı nə vaxtdır?

Evlilik həyatımızın ən önəmli parçalarından biridir. Yeni bir ailə qurmaq və yeni bir həyat tərzi formalaşdırmaqdır. İnsanların bir qismi artıq 18 yaşlarından etibarən evlənir. ABŞ-də aparılan bir araşdırma ilə ideal evlilik yaşı məlum olub. Qərbdə ümumi evlilik anlayışı gənclərin 20 yaşlarında peşəkar həyatlarının əsasını qoymaları, karyeralarını inkişaf etdirmələri, 30 yaşlarında isə ailə qurmalarına əsaslanır.

Son illərdə xüsusilə təhsilli qadınlar karyeralarını inkişaf etdirmək istəyi ilə ailə həyatı qurmaq təzyiqi arasında qalıblar. Gənclərin 20 yaşlarında öz karyeralarını və müstəqil şəxsiyyətlərini qurmaqla məşğul olması, daha yetkin yaşda ailə qurması Qərbdə xoşbəxt evliliyin sirri kimi ifadə edilir. İnsanlar uyğun həyat yoldaşları tapmaq və yaxşı seçimler etmək üçün daha yetkin 30 yaşlarını gözləyirlər. ABŞ-də orta evlilik yaşının qadınlar üçün 29, kişilər üçün 30 olduğu bildirilir. Araşdırmaya görə, boşanmağa ən çox meyilli olan cütlüklər 18-20 yaşları arasında evlənənlərdir. Araşdırmalar göstərir ki, 25 yaşında evlənən birinin boşanma ehtimalı 20 yaşında evlənənə nisbətən 50% azdır. Mütəxəssislərin fikrincə, ideal evlilik yaşı 25-30 yaş hesab edilir.

Bəs ölkəmizdə insanlar evliliyə necə münasibət bəsləyirlər?

Müasir dövrdə artıq insanlar ilk olaraq təhsil almağı, özlərinə yaxşı gələcək qurmağı evlilikdən daha üstün tuturlar. Təbii ki, bunu hamıya aid etmək olmaz, hal-hazırda da 18 yaşı tamam olan kimi evlənən vətəndaşlarımız, xüsusən də xanımlarımız var. Lakin bir məsələdə var ki, artıq təhsil alıb öz ayaqları üstündə duran qadınlar var. Onlar evlilikdən uzaq durur və heç ailə həyatı qurmurlar. Cəmiyyətimizdə belə qadınların sayı artmağa davam edir. Bəs buna səbəb nədir?

Fikrimcə, belə halların yaşanmasının 2 səbəbi ola bilər. İlk olaraq həqiqətən evlənmək istəməyiblər. Çünki günümüzdə evliliyə ehtiyac olmadığını düşünən çox insan var. İnsanların bir çoxu, əsasən, hər hansı bir peşəyə yiyələnmiş qadınlar həm maddi cəhətdən, həm də mənəvi cəhətdən birinə bağlı olmağı sevmirlər. Digər bir səbəb isə daha çox mənəviyyatla bağlıdır. Ya bu yaşlarına qədər qurduqları münasibətlərdə həmişə qırılan tərəf olublar və bu səbəb onları evlilikdən uzaqlaşmağa vadar edib, ya da evlənəcək qədər düzgün bir insan qarşılarına çıxmayıb.

Gərək hər bir fərd özünü evliliyə hazır hiss etsin və bu məsuliyyəti dərk edəcək qədər düzgün xarakter sahibi biri ilə bu yola çıxsın. Onu da unutmayaq ki, hər bir insan üçün ən vacib olan xüsusən də qadınlar üçün, ilk olaraq təhsil alıb özü-özünü hər şeylə təmin etməyi bacardıqdan sonra ailə həyatı qurmaqdır.

Yazar: “Turaz.org” Təhlil Komandası – Lalə Padarova

Translate »