Dekabr 9, 2022

İmran Xan 5 il siyasi vəzifə tutmaq hüququndan məhrum edilib

Pakistanın keçmiş Baş naziri İmran Xan 5 il müddətinə siyasi vəzifə tutmaq hüququndan məhrum edilib.

Turaz.org “France 24″ə istinadən xəbər verir ki, bu barədə İmran Xanın vəkillərindən biri Gohar Xan bildirib.

“Pakistan Seçki Komissiyası İmran Xanın korrupsiya əməllərində əli olduğunu bəyan edib və o, 5 il müddətinə diskvalifikasiya edilib. Hazırda İslamabad məhkəməsində buna etiraz edəcəyik”, – vəkil deyib.

Qeyd edək ki, Pakistanda Moğol imperiyası dövründən gələn “xəzinə evləri” – “Toşaxana” adlı bir qurum var ki, hökmdarlar, dövlət rəhbərləri onlara verilmiş hədiyyələri saxlamaq və nümayiş etdirmək üçün bu idarəyə verməlidir. Bu ənənə indi də davam edir. Belə ki, bahalı əşyalar “Toşaxana”ya getməlidir, lakin bəzi hallarda alıcı onları öz dəyərinin təxminən 50 faizinə geri ala bilər.

Pakistan qəzetləri Xanın və onun həyat yoldaşının xaricə səfərləri zamanı milyonlarla dəyərində dəbdəbəli hədiyyələr aldığını və bəzən “Toşaxana”ya verilən hədiyyələrinin dəyərinin 20 faizi ödənərək İmran Xan tərəfindən alındığını yazıblar. Bura dəbdəbəli saatlar, zərgərlik əşyaları, dizayner çantaları və ətirlər daxildir.

Keçmiş Baş nazir bəzi hədiyyələri və ya onların satışından əldə etdiyi gəliri bəyan etməməkdə ittiham olunur. Seçki komissiyasına şikayət ilk dəfə Xan hələ vəzifədə olarkən üzvləri hazırda hökuməti təşkil edən Pakistan Demokratik Hərəkatı koalisiyası tərəfindən verilib. O zaman İmran Xan bildirib ki, o, milli təhlükəsizlik səbəbi ilə bəzi hədiyyələri ictimaiyyətə açıqlamayıb, lakin yazılı təqdimatda təxminən 22 milyon rupi (100.000 ABŞ dolları) dəyərində əşyalar aldığını və sonradan bu məbləğdən iki dəfə artıq qiymətə satdığını etiraf edib.

O, qiymətləndirmənin lazımi kanallar vasitəsilə aparıldığını deyir.

Translate »