İyun 5, 2023

İnsan hüquqlarının keşiyində keçən 20 il

Kainatın və həyatın bütün mənası və mənasızlığı insanla bağlıdır. İnsan nəzərə alınmazsa, geriyə qalan hər şeyin öz-özlüyündə nə mənasından nə də mənasızlığından danışmaq olar.Kainatda baş verən hər şey insanlarla birlikdə məna qazanır. Çünki insan yaradılanların ən gözəli və ən alisidir. Bu səbəbdən də hüquqlara sahib olmaq onun ən təbii haqqıdır. Dünyadakı hər şeyin mənası olan insanın həyatını rahat,humanist şəkildə davam etdirmək üçün sahib olduğu bu hüquqlar insan hüquqları adlanır. İnsan hüquqları din, dil,irq,siyasi baxışlar və gender fərqi olmadan bütün insanların sahib olduğu hüquqlardır. Bu hüquqlar hər bir şəxsin ləyaqətlə yaşamaq hüququnun olduğuna inanan və bu uğurda lazımi səyi göstərən, ədalətsizliyə qarşı dirənən, təzyiqlərə qarşı bərabərlik nümayiş eyləyən cəmiyyətlərdə daha yüksək dəyər tapır.

  Demokratiya ilə insan hüquqları arasında edilən ayrım bir vaxtlar başa düşülən olsa da, çağımızda belə bir ayrımı müdafiə etmək məqbul görülmür və heç bir zamanda görülə bilməz.Çünki demokratiya yalnız müəyyən ölkələrə məxsus dövlət idarəetmə forması deyil, o eyni zamanda insan hüquqları kimi beynəlxalq bir anlayışın təməlidir.

Demakratiya və insan hüquqlarının bütövləşməsinin ən gözəl nümunəsini Azərbaycanda görmək mümkündür.1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra ölkəmizdə qəbul edilmiş Kanustutsiyaya 1995-ci ilin 12 noyabrında yeni qanunlar əlavə olundu. Əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslana bu qanunlar eyni zamanda yeni hüquqi, dünyəvi dövlət quruculuğunun başlanğıcını da qoydu. Bu qanun qəbul edildikdən 3 il sonra Heydər Əliyev 1998-ci ilin 22 feveal tarixində “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzaladı. Elə həmin ilin 18 iyun tarixində Heydər Əliyev insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırmaq məqsədi ilə hazırlanmış Dövlət Proqramını təsdiq etdi. Ulu Öndərin 1993-cü ildə tətbiqinə moratorium qoyduğu ölüm cəzasının ləğvi də məhz 1998-ci ildə baş tutdu. Bu Şərqdə ilk dəfə yüksək humanizmin və insanpərvərlik örnəyi olmaqla yanaşı həm də ölkəmizin beynəlxalq nüfuzunu da yüksəltdi.

İnsan hüquqlarının qorunmasına böyük həssaslıqla yanaşılan Azərbaycanda 2002-ci ildə Konustutsiya qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqlarının pozulmasının qarşısını almaq üçün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ( Ombudsman ) aparatı yaradıldı. Beləliklə İnsan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində aparılan siyasət ardıcıl, dönmədən və uğurla davam etdirildi. Məlum olduğu kimi, demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 27 dekabr 2011-ci il tarixdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” qəbul edərək əhalinin müxtəlif qruplarına aid olan insanların hüquqlarının təmin edilməsində səmərəliliyi artırıldı.Beləliklə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” Ulu Öndərimiz tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiyanın məntiqi davamı və dövlətin növbəti siyasi iradəsi olmaqla, insan və vətəndaş hüquqlarının hərtərəfli həyata keçirilməsinə, onların icra mexanizmlərinin təkmilləşdirilməsinə zəmanət verdi.

Bu il Ombudsman təsisatının yaradılmasından 20 il keçir. Ötən bu illər ərzində Ombudsman aparatı həm Konustutsiyamizda həm də ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə təsdiq olunmuş pozulan insan hüquqları uğrunda mübarizə aparmışdı. Bu mübarizənin başında vətənimizin haqq səsini dünyaya çatdırılması, I Qarabağ müharibəsi zamanı qaçqın və köçkün düşmüş insanların pozulmuş hüquqlarının bərpası, ölkəmizə qarşı törədilmiş müharibə cinayətlərini törədənlərin cəzalandırılması məsələlərini beynəlxalq tədbirlərdə qaldırılması dayanır. Daim əhalinin müxtəlif kataqoryasına aid insanların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən Ombudsman aparatının UNİCEF-in 28 oktyabr 2020 ci ildə Qarabağ və ətraf ərazilərdəki döyüşlərlə bağlı bəyanatına etiraz etməsinin əsasında da uşaqların beynəlxalq səviyyədə təsdiq edilmiş hüquqlarının pozulmasına qarşı apardığı mübarizə dayanır. 44 günlük Vətən müharibəsi dövründə Ombudsman aparatı Ermənistanın mülki əhaliyə münasibətdə törətmiş olduğu müharibə cinayətlərini, post- müharibə dövründə sülh və insanlıq əleyhinə törətdiyi terrorçuluq əməllərini yerində araşdıraraq faktlarla beynəlxaq təşkilatlara təqdim etmişdir. İstər ölkə daxilində istrsədə beynəlxalq aləmdə Azərbaycanla bağlı baş vermiş proseslərə, hüquqların pozulması hallarına qarşı həssaslıq göstərən və yaranmış neqativ halları qanunlar çərçivəsində həll edən Ombudsman aparatı öz fəaliyyəti ilə eyni zamanda Azərbaycanın demokratik, hüquqi dövlət olduğunu, demokratik dəyərlərə, hümanizm prinsipinə sadiqliyini bütün dünyaya nümayiş etdirir.

Bu gün Azərbaycan insan hüquqlarının yüksək səviyyədə qorunduğu az saydakı ölkələrdən biridir. Dinindən, dilindən, irqindən asılı olmayaraq burada yaşayan hər bir şəxs bərabərlik və sosial ədalət şərtlərinə uyğun olaraq yaşayır. Bütün bunlar ölkəmizin, dövlətimizin insana və onun sahib olduğu hüquqlarına göstərdiyi sayğıdan irəli gəlir. 20 illik zaman çərçivəsində insan hüquqlarının qorunması sahəsində əldə etdiyimiz uğurların başında da məhz bu sayğı dayanır.

İlahə Allahverdiyeva

Naxçıvan Dövlət Universitetinin “Jurnalistika “ixtisası üzrə IV kurs tələbəsi

Yazı Ombudsman Aparatının “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı – 20 il!” mövzusuna həsr etdiyi jurnalist yazı müsabiqəsininə təqdim olunur

 

 

 

 

 

Translate »