Fevral 3, 2023

İranda insan haqları pozulur, etirazlar davam edir

İranda insan hüquqları nəzəri olaraq müxtəlif daxili qanunlarla tənzimlənib. Bundan əlavə, İran dövləti beynəlxalq konvensiyalara qoşularaq beynəlxalq təşkilat və beynəlxalq ictimaiyyət qarşısında daxildə insan hüquqlarını qorumaq üçün öhdəliklər götürüb və bununla da insan hüquqlarının sadəcə İranın daxili məsələsi deyil, həm də bütün insaniyyətin, bəşəriyyətin problemi olduğunu qəbul edib. Lakin İran bu məsələdə nə daxili qanunlara, nə beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə məhəl qoymur.

Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı, istənilən vasitələrlə, dövlət sərhədlərindən asılı olmayaraq informasiya və ideyalar axtarmaq, əldə etmək və yaymaq azadlığı daxildir. Lakin İranda müxalif fikir və düşüncəni yazan qəzetlərin bağlanması adi hal alıb.

İranda qadınların hüquqları qanunla məhdudlaşdırılır. Qadınlar prezident seçkilərində iştirak edə, hakim ola bilməzlər.

Həmçinin onların atasının və qardaşının icazəsi olmadan ölkədən çıxışı qadağandır. Bununla yanaşı, onların varislik hüququ da məhduddur, ataları öldüyü halda qardaşlarına çatan miras iki dəfə çox olur.

Azərbaycan kökənli bir xanıma İranda hüquq mübarizəsi aparmaq ikiqat çətindir; bir tərəfdən qadın kimi, digər tərəfdən isə azərbaycanlı kimi. Məhkəmələrdə fars dilini bilməyən qadınlar daha çox problemlərlə üzləşirlər.

İranlı qadınların hüquqlarına məhəl qoymayan rejim dünyada gender bərabərliyi prinsipinə meyili də yanlış başa düşür və 21-ci əsrin ən həssas siyasi məqamlarından birini dəyərləndirməyi bacarmır.

Dünya ölkələrinin əksərində artıq qadın hüquqlarını müdafiə etməyin zəruriliyi heç bir mübahisə və şübhə doğurmur. Təsadüfi deyil ki, dünyanın ən nüfuzlu xanımlarının çoxu iranlı qadınların mübarizəsini tarixi hadisə adlandırır, onu açıq şəkildə dəstəkləməkdən çəkinmir, çünki onların nəzərində bu, tam haqlı bir mübarizədir.

Rejimin vəhşiliklərinə son qoymaq, İranı azad etmək üçün təkcə qlobal müxalifət kifayət deyil. Ancaq bu müxalifət hər halda iranlıların tezliklə özlərini azad etməsinə böyük yardım göstərə bilər.

Reyhan Hacı “Turaz.org” 

Translate »