Noyabr 28, 2022

İranda son hadisələr nədən xəbər verir? – ŞƏRH

Keçən günlərdə İranda 22 yaşlı kürd iranlı qadın, ölkənin ultramühafizəkar geyim kodunu pozduğuna görə polis tərəfindən öldürülüb. Daha sonra ölkədə ümummilli etiraz başlayıb. Hökumət etiraz aksiyasının qarşısını almaq məqsədi ilə “Instagram” və “WhatsApp”ı bloklayıb və ölkənin əksər hissəsində internet və mobil xidmətə çıxışı dayandırıb.

İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) nümayişlər dayanmasa, təzyiqləri artıracaqları barədə xəbərdarlıq edib. Buna baxmayaraq, iğtişaşların və qəzəbin azaldığına dair heç bir əlamət yoxdur.

Sentyabrın 16-da “əxlaq polisi”nin patrulu tərəfindən həbs olunduqdan sonra Məhsa Əmininin ölümü “ədalətlə idarəetmə” rejimini üsyana uğratdı. 22 yaşlı qadın İran dövlətinin qəddarlığının yeni simvoluna çevrilib. Nümayişçilərin şüarları “Qadın, həyat, azadlıq”, “ Rədd olsun diktatorlar” olub.

Siyasi şərhçi Sədrəddin Soltan bu mövzu haqqında qeyd edib ki, bu günlərdə İranda baş verən hadisələrin əsas səbəbi İranın inkişaf etmiş cəmiyyəti köhnəlmiş idarəetmə sistemi ilə idarə etməsidir:

“Əslində, bu aksiyalar ölkə cəmiyyətinin insan haqlarının pozulmasına etirazıdır. İnsanlar hakimiyyətin tətbiq etdiyi mürtəce qaydaları qəbul etmədiklərini dünyaya göstərir. İran vətəndaşları ailə, məişət məsələlərinə hakimiyyətin müdaxiləsinə etiraz edir. Onlar fərdi azadlıqlarının tapdalanmasına qarşı çıxırlar. Əliyalın etirazçılar ölkənin güc strukturlarının odlu silahlarından çəkinmədən küçələrə çıxıb insan hüquqlarını qorumağa çalışırlar. Etirazçılara zorakılıq tətbiqi, onların gülləbaran edilməsi hakimiyyətin öz cəmiyyətinə mürtəce münasibətinin dəyişmədiyini isbatlayır. Müasir informasiya texnologiyaları fonunda İran cəmiyyəti də bütün istiqamətlərdə inkişaf edir. Rəsmi Tehran isə inkişaf edən bu cəmiyyəti köhnəlmiş, mürtəce üsulla, 43 il öncəki düşüncə və metodla idarə edir. Bu, İranda mövcud teokratik idarəetmə formasının böhranıdır. Başqa sözlə, indiki cəmiyyətin 50 il əvvəlki kimi idarə edilməsi İran hakimiyyətinin tükəndiyinin göstəricisidir”.

Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası – Yunus Əhməd

Translate »