Oktyabr 3, 2022

İspaniya mətbuatında ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətdən bəhs edən geniş məqalə dərc edilib

İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalının elektron versiyasında İspan-Əlcəzair Mədəniyyət Assosiasiyasının prezidenti Fernando Novo Lensin müəllifi olduğu, ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətdən, Azərbaycanın dayanıqlı inkişafından bəhs edən geniş məqalə dərc edilib.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi siyasətin və qlobal miqyaslı təşəbbüslərin Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyi qeyd olunur.
Vurğulanır ki, son dövrlərdə Azərbaycanda iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında mühüm rolu olan nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, tranzit imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan, dövlətimizin başçısının Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsi olan “Şərq-Qərb” və “Şimal-Cənub”, TRACECA beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malik olduğu, Bakı şəhərindən 65 kilometr məsafədə – Ələt qəsəbəsində yerləşən liman kompleksinin Xəzər dənizinin ən mühüm dəniz limanlarından biri sayıldığı diqqətə çatdırılır.
Qeyd olunur ki, Azərbaycanda əksər avtomobil və dəmir yolları, hava və su nəqliyyatı infrastrukturları, quru, hava və su nəqliyyatına aid kommunikasiyalar, rabitə-informasiya texnologiyaları müasir dövrün tələblərinə cavab verməklə yenidən qurulmuş, Azərbaycanın üç telekommunikasiya peyki – “Azərspace-1”, “Azersky” və “Azərspace-2” orbitə çıxarılmışdır. Azərbaycanın regional və beynəlxalq nəqliyyat-kommunikasiya layihələrinin dəstəklənməsi istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət ölkəmizi qısa müddətdə Avrasiyanın əsas nəqliyyat-kommunikasiya qovşaqlarından birinə çevirmişdir.
Məqalədə, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilən və uğurla həyata keçirilən siyasət nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etməsi, alternativ və bərpaolunan enerji resursları ilə bağlı ölkəmizin böyük potensiala malik olması barədə ətraflı məlumat verilir.
Mənbə:azertag.az
Müxbir:turaz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax:https://tehsilim.org/ordubad-rayonunda-sagirdlerin-asude-vaxtlari-semereli-teskil-olunur/

https://www.bbc.co.uk/news/topics/cjnwl8q4ggwt/iran

Translate »