Aprel 2, 2023

İspaniya Xorvatiya maçtının şərhi

Qol yağışından sonra ¼ final bileti Pireneylilərin oldu.

Futbol… İlk dəfə 1863-cü ildə İngiltərədə oynanılan və sonradan dünyanın ən çox izlənəcək, bəzən çox gərgin, bəzən çox həyəcanlı, bəzən də olduqca aşağı tempdə meydan mübarizəsinə səhnə olacaq idman növü. Zənnimcə, biz futbol azarkeşləri olaraq, bu idman növünə maraq göstərdiyimiz üçün heç də peşman deyilik. Hal-hazırda davam edən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi belə deməyimə əsas verir. Ümumiyyətlə, 28 iyun çempionatın ən maraqlı günlərindən biri kimi tarixə düşdü. Əzmkarlığın, sona qədər mübarizə aparmağın nə qədər vacib olduğu, bəhs etdiyim gündə bir daha sübut olundu.

Hazırda konkret olaraq İspaniya – Xorvatiya qarşılaşmasından bəhs etmək istəyirəm. Komandaların futbol ənənələrini və futbol tarixində qazandığı uğurları nəzərə alsaq, İspaniya yığması görüşün favoriti idi. Ancaq futbolda hər nəticənin ola biləcəyini və qrup mərhələsindəki ilk iki oyunu nəzərə alsaq, ispanların gözüyumulu mərhələ adlayacağını demək sadəlövhlük olardı. Çünki, pireneylilər əvvəlki illərlə müqayisədə daha gənc və fərdi keyfiyyətlər baxımından daha geridə olan bir heyətlə mübarizə aparırdı. Xorvatiya isə öz növbəsində daha təcrübəli futbolçularla nisbətən stabil oyun nümayiş etdirmişdi.

Gələk qarşılaşmaya. Matç daha çox kəşfiyyat xarakterli başlamışdı. Komandalar daha çox rəqiblərinin səhvindən və ya müdafiələrindəki boşluqlardan yararlanmağa çalışırdı. 4-1-2-3 taktiki sxemi ilə meydanda olan Xorvatiya yığmasında əsas yükü sözsüz ki, Modric öz öhdəsinə götürmüşdü. Lakin, ulduz futbolçunun oyun qurma cəhdlərini ön xətdə mübarizə aparan Rebic, Petkovic, Vlasic istənilən məhsuldarlıqla tamamlaya bilmirdi. Amma bu vaxt gözlənilməyən hal baş verdi. Matçın 20-ci dəqiqəsində Pedrinin qapıçısına etdiyi ötürməni Simon ayağının altından buraxaraq ispanları şoka saldı. İspaniya isə bundan sonra təzyiqlərini gözlənildiyi kimi artırdı. 4-3-3 taktiki düzülüşündə meydanda olan ispanlarda ön xətdə Torres və Sarabia cinahları dəyişərək mübarizə aparırdı. Moratanın isə əvvəlki oyunlarda səhvlərə görə edilən tənqidlərdən təsirləndiyi və həyəcanlı olduğu da gözdən yayınmırdı. Nəhayət 38-ci dəqiqədə ispanlar Sarabia ilə sevindilər və komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollandı.

İkinci hissədə komandalar daha açıq oyun göstərdilər. Bəlkə də oyunu əlavə vaxta saxlayıb daha çox yorulmaq da istəmirdilər. Bu oyunun məntiqi nəticəsi olaraq ispanların ən stabil oyunçularından olan Azpilicueta başla fərqləndi. Daha sonra müdafiənin səhvini Torres bağışlamadı. Çoxları oyunda məsələnin həll olduğunu fikirləşsələr də, xorvatlar bu vəziyyətlə barışmadı. Xorvatiyanın baş məşqçisi Zlatko Dalic dünya çempionatındakı uğurun təsadüfi və ya təkcə Modric, Rakitic, Mandzukic kimi ulduzların fərdi keyfiyyətlərinə hesabına qazanılmadığını sübut edəcək həmlələr həyata keçirdi. Dalicin ikinci qolun ardından meydana buraxdığı Orsic, üçüncü qolun ardından meydana buraxdığı Pasalic oyunun taleyini 90 dəqiqə adına dəyişməyi bacardı. Əvvəlcə Orsic özü fərqləndi və son dəqiqələrdə Pasalicin fərqlənməsi üçün cərimə meydançasına əla asma etdi. Sonuncu bu fürsəti qaçırmadı. 3:3, budur futbolun gözəlliyi. Möhtəşəm qarşılaşmanın taleyi əlavə vaxta qaldı. Burada Olmonun ötürməsini çox yaxşı qəbul edən Morata qapıya elə zərbə endirdi ki, sanki tənqidçilərin sözləri bir an belə olsun gözlərinin qarşısından getmirdi, 4:3. Olmo bu asistlə də kifayətlənmədi. Sağ cinahından verdiyi gözəl ötürməni bu səfər Oyarzabal tamamladı. Gənc ulduz Olmonun performasını xüsusilə vurğulamaq istəyirəm. 2018-ci ildə Qarabağ çempionlar liqasında mübarizə apararkən transfer edilməsini çox istədiyim Olmo hal-hazırda Avropa çempionatında adından söz etdirməkdədir.

Beləcə, ¼ final mərhələsinə İspaniya adladı. Luis Enriquenin yetirmələri son iki qarşılaşmada komanda oyununu, hücum planını sinxron şəkildə yerinə yetirməyi bacardı. Kim bilir, bəlkə də bu situasiya onlara final qarşılaşmasına yol açacaq.

Turaz.org– “Turaz Təhlil”dən Elgiz Zari

Translate »