Günümüzdə gənclərin təhsili başa vurduqdan sonra ən çox üzləşdiyi problemlərdən biri işsizlikdir. Hər il ali təhsil müəssisələrində yüzlərlə ixtisasdan minlərlə tələbə məzun olsa da, onların gələcəyi üçün, demək olar ki, heç bir addım atılmır. Təhsilini başa vuran gənclər ya diplomlu fəhlə olmaqla razılaşır, ya da ölkəni tərk etməyə çalışırlar. Aralarından çox az qismi öz sahəsinə uyğun iş taparaq işləyir. Problem nədir? Ölkəmizdə işsizlik səviyyəsinin artmasının başlıca səbəbləri nədən qaynaqlanır?
Mövzu ilə bağlı Turaz.org-a danışan sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, karyera qura bilməməyin günahını yalnız gənclərdə axtarmaq doğru deyil. Onun sözlərinə görə, ilk olaraq fəaliyyəti dayanmaq üzrə olan sahələri bərpa etmək lazımdır:
“Kənd yerlərinə gedirik, aqrar sektor işləmir. Adamın bir hektar torpağı var, amma bilmir, nə etsin, kasıblıqdan əziyyət çəkir. Halbuki o yerlərdə olduqca yaxşı mexanizm qurmaq olar. Torpaqların hamısı işləsin, ölkədə də ərzaq bolluğu çox olsun. Bu sahə inkişaf etsə, bir çox insanın aqrar sektorda işləri yaxşı gedər. Hökm deyil ki, torpağı əksin. İkinci tərəfdən, ölkədə xidmət sahəsində işlər aparılmalıdır, amma icra olunmur. Deyirlər, mexanizm yerinə yetirilir, amma xidmət sahəsində o qədər geniş ehtiyac var olsa da, iş görülmür. Ölkədə 8-ə qədər universitetdə, bu ildən isə bir çox kollecdə sosial işçi hazırlanır. Amma bu sosial işçi harada işləyəcək? O barədə düşünən yoxdur. Elə eşidiblər ki, Avropada sosial işçi çoxdur, bizdə də hazırlayırlar. Bu gün sosial işçiyə çox ehtiyac var. Hər məktəbdə 3 nəfərdən ibarət sosial işçi olmalıdır. Məhəllələrdə polis mühafizəsi olduğu kimi sosial işçilər ayrılmalıdır. Hər gün deyirik ki, kimsə intihar etdi, boşandı, ailə zəmnində qətl oldu. Sosial işlə məşğul olan yoxdur. Cəmiyyət hər gün mürəkkəbləşir və sosial iş xidmətinə hədsiz dərəcədə böyük ehtiyac var. Amma biz bu işi qurmamışıq”.
Başqa istehsalat sahələrində də işsizlik baxımından boşluqların olduğunu deyən mütəxəssis iqtisadçıları kəskin tənqid edib:
“İqtisadçılar dövlət üçün yaxşı layihələr təqdim etməlidirlər. Yoxsa qrant almaq üçün mübarizə aparırlar. Ölkənin inkişafı üçün çox cüzi iqtisadi əsaslanmış inkişaf layihələri lazımdır. Bu yoxdur, ona görə də gənclərə iş yeri azdır”.
Əhməd Qəşəmoğlu işsizlik məsələsində gənclərin də etinasız yanaşdığını vurğulayıb:
“Mən universitet müəllimiyəm, əsasən bakalavrlara dərs deyəndə əsəbiləşirəm. Ali məktəbə daxil olduqdan sonra 50 faizi universiteti yola verməyə çalışır. Universitet də bununla razılaşır, ona əsas lazımdır ki, ödənişi alsın. Təhsil ödənişi haqqında qəbz alırlar, adı da diplom olur. Təhsil almadan necə karyera qurmaq olar? Təhsil müəssisələri buna ciddi yanaşmalıdır. Elə universitet tanıyıram ki, bir ildə 200 sosial işçi qəbul etdi, amma orada bu sahədən anlayışı olan bir müəllim belə yox idi. Çünki onlar təhsilə kommersiya gözü ilə baxır. Belə olduqda tələbələr də oxumaqdan imtina edirlər. Gecə-gündüz sosial şəbəkələrdə vaxt itirir və müəyyən yaşdan sonra hansısa işin öhdəsindən gələ bilmirlər. Təəssüf ki, bu məsələlərə ciddi əhəmiyyət verən yoxdur”.
Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli isə işsizlik probleminin iki ana amildən başladığını deyib:
“Azərbaycanda işsizlik daimi problemdir. Xüsusilə də gənclərin işsizliyi müstəqillik elan olunandan bu günə qədər əsas problemlər arasında yer alır. Bunun həlli yolları klassik anlamda çoxdan məlumdur. İşsizlik probleminin həlli üçün ilk olaraq sərfəli və cəlbedici biznes mühiti, yəni kiçik və orta sahibkarlıq inkişaf etidirilməlidir. Bununla yanaşı, iri müəssisələrin açılması üçün investorlar cəlb olunmalıdır. Təəssüf ki, hər iki məsələdə Azərbaycanda problemlər var. İnhisarçılıqdan tutmuş vergi və gömrük siyasətinə qədər iri investorları da Azərbaycanda məhz qeyri-neft sektoruna cəlb etməkdə problemlər var. Neft enerji sektorunda bu, problem deyil. Çünki bütün müqavilələr dövlət səviyyəsində zəmanətlidir və parlament tərəfindən ratifikasiya olunub. Qeyri-neft sektorunda isə belə bir praktika olmadığına görə xarici investorlar daha çox güvən ortamının yaranmasında maraqlıdırlar. Yəni bu iki problem aradan qaldırılarsa, işsizliklə bağlı problem öz həllini tapa bilər”.
Turaz.org Təhlil Komandası – Ağayeva
Son Xəbərlər
Netanyahu səfirliyin açılması münasibətilə Azərbaycanı təbrik edib
İsraildə Azərbaycan səfirliyinin açılışı olub
Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib