Sentyabr 30, 2022

İtmiş ənənə bərpa olunur: Dərsdənkənar məşğələlər şagirdlərə nə verəcək?

 

Ötən gün Elm və Təhsil Nazirliyi (ETM) “Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakültativ kursların) təşkili Qaydası”nı təsdiqlədi. Qaydaya əsasən, dərsdənkənar məşğələlər 5-8-ci siniflərdə aparılacaq. Məlumdur ki, əvvəlki illərdə də fakültativ məşğələlər məktəblərdə keçirilsə də, müəllimlər buna etinasız yanaşırdılar. Bəs yeni qərardan sonra dəyişiklik olacaqmı? Şagirdlər dərs yükündən əlavə olan bu məşğələlərdən nə əldə edəcəklər?

Turaz.org mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.

“Bunu şagirdlərin inkişafına verilmiş əlavə şans kimi dəyərləndirirəm”

ETM yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov hesab edir ki, nazirlik tərəfindən ümumtəhsil müəssisələrində dərsdənkənar məşğələlərin təşkili qaydalarının təsdiq edilməsi normativ sənəd olaraq bu istiqamətdə münasibətləri tənzimləyəcək. Onun sözlərinə görə, fakültativ məşğələlər şagirdlərin meyil, maraq və qabiliyyətinə uyğun olaraq, biliklərinin genişlənməsinə, yaradıcılıq qabiliyyətinin inkişafına və peşəyönümünə yönəlmiş məşğələ formasıdır:

“Bu dərslərdə ən azından 8 nəfər olmaqla sinif şagirdlərinin iştirakı nəzərdə tutulur. Bütün sinif bu məşğələlərdə iştirak edə bilər. Bu məşğələlərin şagirdlərin inkişafına böyük təsiri var. Dərsdənkənar məşğələlərin təşkili, əslində, bu sinifdə dərs prosesində proqram məzmununun mənimsəlinməsinə əlavə dəstəyi özündə ifadə edir. Məsələn, proqram mövzusu dərs zamanı şagirdlərə tədris olunur. Amma fakültativ məşğələlərdə bu mövzular bir qədər də gücləndirilmiş formada şagirdlərə ötürülür. Beləliklə, təhsil alanlar burada əlavə imkanlar əldə edirlər. Bu baxımdan fakültətiv məşğələlər böyük əhəmiyyət kəsb edir. Bunu şagirdlərin ümumi inkişafında proqram məzmununun mənimsənilməsi üçün onlara verilmiş əlavə şans kimi dəyərləndirirəm”.

“Bu məşğələlərdə keyfiyyət çox vacibdir”

İlqar Orucov bildirib ki, fakültativ məşğələlər üçün qaydaların yenidən təsdiq edilməsinə ehtiyac var idi. Onun fikrincə, sözügedən məşğələlərə maraq yaratmaq üçün müəllimlər də cəhd göstərməlidir:

“Əslində bu məşğələlər əvvəl də təşkil olunurdu. Lakin bir çox məktəblərdə bu məşğələlər formal xarakter daşıyırdı. Əksər hallarda müəllimlər buna əlavə gəlir mənbəyi kimi baxırdılar. Düşünürəm ki, bunun sistemli şəkildə keçirilməsi, bu məsələyə nəzarətin təşkili olduqca zəruridir. Doğrudur, bu dərslərdə iştirak məcburi deyil. Amma yaxşı oxumaq istəyən şagird məşğələlərdə iştirak edir. Müəllimlərin də borcudur ki, fakültətiv məşğələlərin şagirdlərin inkişafındakı rolu barədə onlara məlumat versinlər. Şagirdlərdə əlavə motivasiya yaratmaqla bu məşğələlərə onları cəlb etməlidirlər.
Dərsdənkənar məşğələlərdə keyfiyyət çox vacibdir. İndiyədək bu fakültativ məşğlələrdə müşahidə olunan formallıq ümidvaram bundan sonra aradan qaldırılacaq”.

Nəzərə aldıqda ki, bu dərslər şagirdlərin gələcəkdəki ixtisas seçiminə təsir edəcək, burada birbaşa olaraq valideyn təsiri öz sözünü deyir. Bəs bu prosesdə valideyn hansı addımı atmalıdır?

Psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, valideyn dərsdənkənar məşğələlərdən əvvəl övladı ilə həmsöhbət olmalıdır:

“Valideyn bilməlidir ki, uşağı xarakterinə görə hansı peşəyə istiqamətlənməlidir. 5-ci sinifdə təhsil alan uşaq hələ özünü tapmayıb, şəxiyyətin formalaşması dövrü başa çatmayıb. Övladını tanıyan valideyn doğru seçim etməlidir. Bu prosesdə şagirdin maraq və istedadları üzə çıxarılıb, ona uyğun addım atımalıdır. Düşünürəm ki, nazirlik məşğələləri məcburi keçirirsə, deməli, hansısa plan var. Valideyn bu məcburiyyətin qarşısında övladını düzgün istiqamətdə yönləndirməlidir”.

Qeyd edək ki, dərsdənkənar məşğələdə iştirak üçün təhsilalanlar arasında seçim aparılmır. Dərsdənkənar məşğələ saatlarının miqdarı həftəlik saatların maksimal miqdarının 20 faizindən çox ola bilməz. Dərsdənkənar məşğələlərin proqramı ən azı 34 saat (həftədə 1 saat olmaqla) nəzərdə tutulur.

Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası – Ağayeva

Translate »