Oktyabr 3, 2022

Jurnalistika və vətənpərvərlik

 

 

Bəzi insanlar jurnalisti sadəcə əlində mikrafonla müsahib axtarışında olan şəxs zənn edirlər. Lakin jurnalist anlayışı bununla kifayətlənmir, əlbəttə. Onuncu əsrlərdə jurnalistikaya necə ehtiyac var idisə, bu ehtiyac XXI əsrdə də özünü göstərir. Baxmayaraq ki, dövr internet, sosial media dövrüdür, vətəndaş jurnalistikası anlayışı ilə tanışıq, buna rəğmən hələ də əsl jurnalist mövqeyinə, dəqiq və əsaslı, fakta söykənmiş informasiyaya hər kəsin ehtiyacı var. Jurnalistin vəzifə öhdəliyi də elə buradan başlayır. Bəzən bir şaənin arxasınca düşmək, qaranlığın ardındakı işığı tapmağa yardım edir, bunu da ən yaxşı məsuliyyətli, inadkar, ən əsası isə peşəsini sevən jurnalist bacarar. Həqiqətən də, bu peşə sevgi tələb edir. Əslində, hər ixtisasın onu sevən işçiyə ehtiyacı var. Bu barədə Konfutsi yaxşı deyib: “Sevdiyin işi gör ki, həyatın boyu çalışmaq məcburiyyətində qalmayasan”.

Sevgi müqəddəs duyğudur, yalnız onu haqq edənlərə veriləsi duyğudur. Bizə vətən kəlməsinin ana kəlməsinə tay olduğu öyrədilib uşaqlıqdan. Elə sevgi kəlməsini də onlarla bərabər işlətmək doğru olardı. Çünki sevgi olmasa, “Vətən sənə, canım fəda” deyilərmi? Sevgi hər şeyin başlanğıcı və sonudur.

Uzun illər ərzində uğruna canlar verdiyimiz, qanlar tökdüyümüz doğma diyarımız – Azərbaycanımız Ermənistan tərəfindən yaralanıb. Bu yaraları sağaltmaq üçün minlərlə Vətən övladı şəhid olub. Hətta bəziləri sırf xidməti vəzifəsini yerinə yetirərkən şəhid olublar. Onların arasında jurnalistlər də var.

Elə məhz 1992-ci ildə Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüzləri, cinayətləri dünyaya çatdırmaq istəyən Çingiz Mustafayevin mərmi qəlpəsindən yaralandığı halda son ana qədər söndürmədiyi kamerası onun peşəsinə olan sevgisinin bariz nümunəsidir. Dünya o kadrlar sayəsində başımıza gələnləri gördü, cinayətkarları tanıdı.

Hələ ixtisası başqa olsa belə, sırf bu peşəni sevdiyi üçün jurnalist kimi fəaliyyətdə olan Salatın Əsgərova da Şuşaya gedərkən mənfur erməninin gülləsinə qurban gedib şəhid oldu. “Azərbaycanın Milli Qəhrəmanı” olan bu şəxslərin orada olma səbəbi, əsasən, sevgi idi: həm Vətənə olan, həm də peşəyə olan sevgi…

1991-ci ildə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülmüş Alı Mustafayev, Osman Mirzəyev 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olublar.

Təəsssüf ki, şəhid-jurnalist hadisələri XX əsrdə qalmadı, XXI də də baş verdi. AZƏRTAC-ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov və AzTv-nin operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov 2021-ci il iyunun 4-də erməni təcavüzkarlarının Kəlbəcər rayonunda basdırdığı minaya düşərək həlak olublar. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Məhərrəm İbrahimov və Sirac Abışov ölümlərindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

Öz vəzifələrini icra edərkən şəhid olan bu şəxslərin xatirələri əbədiyyən unudulmayacaq. Çünki bu xalq mərd xalqdır, yaddaşı güclü xalqdır. Bu xalq savaşan, özünün olanı alan xalqdır. Bu sevgi də illər keçdikcə, əsrlər ötdükcə azalan deyil. Çünki hələ də bu xalqın anaları Vətən mahnıları oxuyur körpələrin beşiyi başında.  Ana Vətən kəlmələri yanaşı olduğu müddətcə bu xalq nə ona yaşadılanı unudar, nə də öz qəhrəmanlarını, şəhidlərini. Hesab günü gəldiyində vuruşmasını da bilər, necə vuruşduğunu bütün dünyaya göstərməsini də…

Sevinc İbrahimzadə

Translate »