Dekabr 9, 2021

Kömürdən istifadə Tacikistan üçün ciddi ekoloji problemlər yaradır

Tacikistanlı ekspertlər kömürdən istifadənin ciddi ekoloji problemlər yaratdığı barədə xəbərdarlıq edirlər.  

Turaz.org xəbər verir ki, bununla belə, səlahiyyətlilər deyirlər ki, kömür sayəsində onlar paytaxtı qızdıra və əlavə iş yerləri yarada bilərlər.

Tacikistanın Sənaye və Yeni Texnologiyalar Nazirliyinə istinadən bildirilir ki, bu ilin səkkiz ayında ölkədə kömür hasilatı 1,25 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33 min ton çoxdur.

Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə 870 min ton, 2001-ci ildə isə 20,5 min ton kömür hasil edilib.

Əsasən bu yanacaq Fon-Yaqnob və Ziddi kömür mədənlərinin müəssisələrində hasil edilir.

Hakimiyyət bildirir ki, ölkədə kömür hasilatının artması evləri qızdıracaq və əlavə iş yerləri yaradacaq. Bununla belə ekspertlər kömür hasilatının artacağı təqdirdə Tacikistanın ciddi ekoloji problemlərlə üzləşə biləcəyini proqnozlaşdırırlar.

“Dəstgiri” ətraf mühit təşkilatının rəhbəri xanım Müəzzəmə Burhonova Düşənbədəki kömür və sement zavodlarının tullantılarının sakinlərin sağlamlığına ciddi ziyan vurmasından narahatdır.

O, hesab edir ki, Tacikistan kömür yandırmaqla əmələ gələn karbon qazının emissiyasını azaltmaq imkanına malikdir. Xanım Burxanova hesab edir ki, sement zavodları xüsusi təmizləyici avadanlıqları Çin şirkətlərindən almalıdır ki, bu da kifayət qədər baha başa gəlir.

“Eyni zamanda, Düşənbə-2 İES zavodu və sement zavodları kömür əvəzinə qazdan istifadəyə keçə bilər ki, bu da çirkləndiricilərin emissiyasını azaldacaq”, – o,   CABAR.asia -ya müsahibəsində bildirib.

Həmçinin atmosferə karbon qazı tullantılarının azaldılmasına enerjiyə qənaət edən texnologiyalar və müəssisələrin tədricən Tacikistandakı su elektrik stansiyalarının istehsal etdiyi elektrik enerjisindən istifadəyə keçməsi sayəsində nail olmaq olar.

Müstəqil ekoloji analitik Timur İdrisov qeyd edir ki, kömürün çıxarılması və istifadəsi “çoxtərəfli, ətraf mühitə mənfi təsir göstərir”.

Sənaye və Yeni Texnologiyalar Nazirliyinin məlumatına görə, hazırda ölkədə 200-dən çox müəssisə kömürdən istifadə edir.

Tacikistanda demək olar ki, bütün növ kömürləri ehtiva edən 36-dan çox yataq var.

Düşənbə-2 kombinə edilmiş istilik və elektrik stansiyası (İES) ölkədə kömürün əsas istehlakçısıdır. Məlumata görə, avqustun sonunadək təsdiq edilmiş qrafikə uyğun olaraq Düşənbə-2 İES 740 min tondan çox kömür göndərib.

Müxbir: Əzizə Əlizadə

Tərcüməçi:Aysu Quluzadə

Translate »