Fevral 3, 2023

Könül Bünyadzadənin “Könül dünyası” kitabının imza günü keçirilib

4 iyun 2022-ci ildə LIBRAFF kitab evinin Park Akademiya filialında AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin MİMTA Yayımlarında nəşr olunan “Könül dünyası” kitabının imza günü keçirilib. Tədbirdə ziyalılar və kitab oxucuları iştirak edib.

Fonddan Turaz.org- a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov bildirib ki: “Fond fəaliyyət göstərdiyi 17 il müddətində Azərbaycanın milli irsi, mədəniyyəti və tarixini tədqiq edib işıqlandırmağı öz öhdəliyi hesab etmişdir. Bu sahədə görülən işlərə “Füyuzat” və “İşıq” jurnallarının yenidən təsis olunaraq çap olunması ilə yanaşı, müxtəlif tərcümə və tədqiqatlarla Azərbaycan kitab sektoruna verilən töhfələri də aid etmək olar. Könül Bünyadzadənin “Füyuzat” jurnalında silsilə şəkildə çap olunan məqalələrinin bir araya toplandığı “Könül dünyası” kitabında ədəbi-fəlsəfi və aktual mövzulara toxunur”.

Daha sonra müəllif Könül Bünyadzadə kitabın ərsəyə gəlməsi barədə oxuculara məlumat verib: “Malik olduğu dərin kök, böyük ehtiyatla qoruduğu ənənəsi “Füyuzat”ı mətbu orqandan daha çox Mürşid kimi formalaşdırıb. Mən bunu onunla “dialoqa başladığım” ilk gündən hiss etdim və bu hiss feyzlə yanaşı, xüsusi bir məsuliyyət də verdi. Görünür, aramızdakı dialoqun həm səmimiliyinin, həm də dərinliyinin nəticəsidir ki, ora məhz könlümdən gələn yazıları təqdim etdim. Əvvəllər belə ruhda yazdığım esseləri sandıq ədəbiyyatı adı ilə qoruyurdum. “Füyuzat” mənim güvənim və hörmətimlə yanaşı, həmin sandığın açarını da qazandı….

Bəli “Könül dünyası” bir sözün ifadəsidir. Hərdən “Füyuzat”ın istəyi, hərdən də könlümün diktəsi ilə yazılan bu essələr həyatın ayrı-ayrı məqamlarına, bəzən diqqətsiz qoyub yanından keçdiyimiz, əksinə, bizi bütün dünyadan ayıran hadisələrə fərqli bir bucaqdan salınan işıqdır”.

“Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus da kitab haqqında öz təəssüratlarını bölüşüb, əsərin “Füyuzat”la eyni məramı daşıdığını, cəmiyəti yüksək amallara, mənəvi dəyərlərə sahib olmağa səslədiyini bildirib.

Bundan başqa da tədbirdə professor Cahangir Məmmədli, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidova, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, bədii qiraətçi Cəbrayıl Qənbər, ilahiyyatçı-yazar Ağa Hacıbəyli, “Şərq-Qərb” nəşriyyatının baş redaktoru Samirə Bektaşi kimi bir çox ziyalı, mədəniyyət və incəsənət xadimi çıxış edərək kitab və təqdimatla bağlı öz fikir və düşüncələrini bölüşdülər. Daha sonra müəllif oxucuların kitab haqqında suallarını cavablandırdı.

Sonda imza mərasimi keçirildi, tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.

Translate »