Sentyabr 28, 2022

Koronavirus xəstələrinin sayı yenidən artacaq? – Həkim rəyi

Koronavirus infeksiyası artıq iki ildir ki, dünyanı öz cənginə alıb. Həkimlərin səyinə baxmayaraq, virus müxtəlif ölkələrdə minlərlə insanın ölümünə səbəb olub. Bəziləri mübarizə apararaq ona qalib gəlsə də, bəziləri virusun qurbanı olub. Hazırda bütün ölkələr bir olaraq bu “düşmən” ilə mübarizə aparırlar. Amma bu infeksiya hələ də mövcuddur. Artıq yayın son aylarındayıq. Payız fəsli yaxınlaşır və havalar soyumağa başlayır. Bu zaman sual yaranır ki, koronavirus infeksiyası yenidən arta bilərmi? Həmçinin 4-cü dozanın vurulması vacibdirmi?

Bu barədə infeksionist həkim Nicat Əzimli “Turaz.org”-a açıqlama verib. Həkim qeyd edib ki, infeksiyanın artması gözlənilir:

“Koronavirusun digər respirator infeksiyalar kimi payız fəslində artım göstərməsi təbii hesab olunur. Buna görə də, qarşıdan gələn aylarda bunun olması (infeksiyanın güclənməsi) gözləniləndir. İnfeksiyanın yoluxuculuq xüsusiyyətlərinə uyğun olaraq, fərdi mühafizə üsulları eyni olaraq qalır: sosial məsafə, maskadan istifadə və gigiyena qaydalarına riayət etmək, eləcə də son vaksinasiyadan 6 aydan artıq müddət keçmiş şəxslərin gücləndirici doza almaları tövsiyə olunur”.

Həkim dördüncü doza ilə bağlı məsələyə də toxunub.
Onun sözlərinə görə, 4-cü dozanın tələb olaraq ortaya qoyulması barədə hələ ki bir qərar yoxdur. Qarşıdakı aylarda pandemiyanın gedişatı ilə paralel olaraq buna uyğun qərarlar verilə bilər.

Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası – Yunus Əhməd

Translate »