Oktyabr 3, 2022

Kraliça II Elizabeth vəfat edib

Böyük Britaniya kraliçası II Elizabeth Balmoralda 96 yaşında vəfat edib. O, Böyük Britaniyanın ən uzun sürən monarxı olaraq 70 il hakimiyyətdə olub.

Baş nazir Liz Truss deyib ki, Kraliçanın ölümü xalq və dünya üçün böyük şok olub.

Kraliça II Elizabethin dövlət başçısı kimi səlahiyyət müddəti müharibədən sonrakı qənaət rejimini, imperiyadan Birliyə keçidi, Soyuq Müharibənin bitməsini və Böyük Britaniyanın Avropa İttifaqına daxil olması və ordan çıxmasını əhatə edib.

Onun hakimiyyəti 1874-cü ildə anadan olmuş Winston Churchilldən başlayaraq, 101 il sonra 1975-ci ildə anadan olmuş və bu həftənin əvvəlində Kraliça tərəfindən təyin edilən Liz Truss da daxil olmaqla 15 baş naziri əhatə edib.

21 yaşlı şahzadə kimi Elizabeth həyatını xidmətə həsr edəcəyinə söz vermişdi.

“Bu and mənim gəncliyimdə, hələ mühakimələrimin yetkin olmadığı bir vaxtda içilsə də, mən o vaxt dediyim bircə sözdən də nə peşmançılıq çəkir, nə də imtina edirəm”.

Bəs onun haqqında maraqlı faktlar nələr idi?

Kral ailəsi ilə mətbuat arasındakı xüsusi anlaşılmazlıq şahzadə Charles ilə şahzadə Diananın boşanması zamanı olub.

Buna baxmayaraq, kraliça özü ilə bağlı karikatura və rəsmləri çox sevir və uğurlu alınanlara ürəkdən gülür. O, ironiya və özünə istehzaya pis baxmır, ağıllı və yaxşı zarafatları bəyənirdi. Özü haqqında bir neçə dəfə deyib: “Mənə inanmanız üçün görməyiniz lazımdır.”

Əlahəzrətin ən sevimli məşğuliyyətlərindən biri at minmə idi. Atlar onun həyatında lap kiçik yaşlarından bir nişanə idi. Kraliça at sürməyi 4 yaşında babası V Georgenin ona doğum günü hədiyyəsi olan Peggy adlı Shetland Ponisi ilə öyrənmişdi.

Onun at yarışlarına marağı İkinci Dünya müharibəsi zamanı, atasını Wiltshiredə təlim görən royal atlara baxarkən müşayiət etdiyi vaxtda artdı.

Maraqlısı isə, Kraliçanın atlarını görməyə gedərkən heç vaxt ətir vurmaması idi, çünki bu, testosteronu aşıb-daşan gənc atları həyəcanlandıra bilərdi.

Eləcə də avtomobil idarə etməyi sevən II Elizabeth heç zaman qoruyucu kəmərdən istifadə etmirdi.

Müharibə dövründə böyüyən kraliça qidanın ziyan olmasını sevmir. Hətta onun şorba üçün nəzərdə tutulmuş, lakin istifadə olunmayan limonu mətbəxə göndərib başqa yemək üçün işlədilməsini dediyi hekayəsi də mövcuddur.

İndi kraliyyət ailəsi matəm dövrünə girib. Yaxın günlərdə ölkədə matəm olacaq, rəsmi mərasimlər ləğv ediləcək və kral iqamətgahlarında, hökumət binalarında, Silahlı Qüvvələrdə və xaricdəki Böyük Britaniya qurumlarında Birlik bayraqları yarıya endiriləcək.

Xarici ölkə liderləri kraliçaya hörmətlərini izhar edib.

Hindistanın Baş naziri Narendra Modi Böyük Britaniyaya iki səfəri zamanı monarxla keçirdiyi “unudulmaz görüşləri” xatırladıb. O, tvitində “Onun istiqanlılığını və mehribanlığını heç vaxt unutmayacağam” yazıb.

Ukrayna Prezidenti Volodymyr Zelensky Twitter hesabında yazıb ki, “bu əvəzedilməz itki” onu “dərin kədərə” boğub.

Rusiya lideri Vladimir Putin isə Kral III Charlesa “dərin başsağlığı” göndərib.m

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Charlesə ünvanladığı başsağlığı məktubunda Kraliça II Elizabethin vəfatı xəbərini “dərin sarsıntı hissi ilə” qarşıladığınıı bildirib.

Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası – Reyhan Hacı

Translate »