İyul 4, 2022

Lombardların yüksəlişi fonunda bankların çöküşü

Azərbaycanda bankların əvvəlki illərlə müqayisədə kreditləşməni əhəmiyyətli dərəcədə azaltdığı, kredit şərtlərini isə sərtləşdirdiyi bir vaxtda lombardlara maraq xeyli artıb. Ölkədə çoxlu lombardlar fəaliyyət göstərir. Onların təqdim etdikləri faiz dərəcələri aylıq 2-6% həddində dəyişir. Hazırda lombard fəaliyyəti üçün xüsusi razılıq tələb olunmur. Yəni istənilən şəxs MMC şəklində lombard açaraq fəaliyyət göstərə bilər.

Lombardların banklarla müqayisədə üstün və çatışmayan cəhətləri var. Əsas üstünlüyü ondan ibarətdir ki, lombardda pulu çox qısa zamanda, yəni bir neçə saatın içində götürmək olur, halbuki, bankda buna bir neçə gün sərf olunur. Həm də bu zaman banklardan fərqli olaraq, iş yerindən arayış və zamin tələb olunmur. Sadəcə girov qoymaqla kredit götürmək mümkündür. Bir çox ölkələrdə lombardların fəaliyyəti ayrıca bir qanunla tənzimlənir. Ölkəmizdə isə lombardların fəaliyyəti ilə bağlı ya Mülki Məcəlləyə ayrıca bir hissə daxil edilməlidir, ya da ayrıca qanun qəbul edilməlidir. Birinci problem qanunvericilik bazasının yaradılmasıdır. İkinci məsələ bu fəaliyyətin lisenziyalaşdırılmasıdır. Nəzərə alaq ki, bu qurumların fəaliyyəti birbaşa sosial xarakter daşıyır və bu fəaliyyətin insanların əmlakından tutmuş gəlirlərinə qədər təsir etmək kimi bir xüsusiyyəti var. Buna görə də, artıq bu fəaliyyətin lisenziyalaşdırılması tələbi ortaya çıxıb. Üçüncü məsələ isə nəzarət məsələsidir ki, onu da lisenziyanı verən qurum həyata keçirməlidir. Burada kredit münasibəti və ya pulun satılması məsələsi olduğundan bu məsələyə Mərkəzi Bank baxmalıdır. Eyni zamanda Mərkəzi Bank lombardların lisenziyasına dair tələbləri də müəyyənləşdirməlidir. Lisenziya fəaliyyəti varsa, mütləq nəzarət olmalıdır. İlk növbədə, həmin lombard qurumlarının maliyyə kapitalına nəzarət edilməlidir. Onların kapitalı müəyyən bir həddə olmalıdır ki, hansısa problem yarananda lombard əhalinin vəsaitini qaytara bilsin. Qonşu dövlətlərdə, eyni zamanda Avropa ölkələrində sadaladığımız tələblər mövcuddur.

Uzun müddətdir ki, lombardlar ilə bağlı qanun layihəsinin hazırlanması mövzusu müzakirəyə çıxarılıb.

İqtisadiyyatçı Tahir Mirkişili bu haqda ətraflı danışıb:

“Bildiyiniz kimi, lombardda insanların ən çox şikayət etdiyi məsələlərdən biri girovların saxlanması və sonra qaytarılması zamanı insanların müəyyən dərəcədə incidilməsi və şikayətlərlə bağlıdır. Qanunun əsas tənzimləyici məsələsindən biri budur ki, girov qoyulan qiymətli əşyaların təhlükəsiz formada saxlanılması və daha sonra onların geri alınması ilə bağlı insanların bürokratik əngəllərlə rastlaşmamasıdır. Bununla yanaşı, lombardların qeydiyyat sisteminin yaradılması da nəzərdə tutulur, bu da rəsmi fəaliyyətdə olanlar barədə məlumat toplamağa imkan yaradacaq”.

Keçən illərə nəzər saldıqda lombardlara olan maraq artımında bəzi səbəblər var. Qeyd edək ki , 2015-ci ildə olan devalvasiyanın dolların dəyərinin qalxması ilə nəticələnməsi banklarda kreditlərin faizinin artmasına gətirib çıxardı. Həmin müddət sələmçilərə və lombardlara müraciət artımı nəzərə çarpan dərəcədədir. 2019-cu ildən isə pandemiya şəraiti , COVID-19 virusunun ölkəmizə gətirdiyi işsizlik problemi ilə lombardlara maraq yenidən artdı . Statistikaya əsasən, bu gün fəaliyyət göstərən lombardların sayı 2019-cu il ilə müqayisədə 3-4 dəfə çoxdur. Lombardların qanuniləşdirilməsi, vergi say artımına səbəb olan əsas faktordur. Bəzi lombardlar şəbəkə halında fəaliyyətini genişləndirir və bölgələrdə də fəaliyyət göstərir.

Lombardların şəbəkə kimi bölgələrə siyarət etməsi, əslində, toplumumuz üçün heç də yaxşı şeylər vəd etmir. Nəzərə alaq ki, lombard sələmin qanuniləşmiş versiyasıdır və sələm dinimizdə də haram buyurulmuş əməllərdəndir. Sələm, lombard, asan qazanc mənbələri, “Poz-Qazan” və qumar bir toplumun asan şəkildə məhv edilməsinə səbəb ola biləcək amillərdəndir.

Sələm və lombard sahibləri isə quldarlıq dövrünün günümüzdəki yeni feodallarıdır. Ümid edirik ki, bu kimi fəaliyyət növləri nəzarət altına alınacaq və tənzimlənəcək.

 

Turaz.org” Təhlil Komandası – Reyhan Hacı

Translate »