Fevral 3, 2023

Məktəblərdə şagird sıxlığı: keyfiyyət aşağı düşür

Son dövlərlə ötən illə müqayisədə paytaxtda əhalinin sayında artım müşahidə olunur. Bu da birbaşa olar təhsil müəssisələrində şagird sıxlığına gətirib çıxarır.

Nəzərə aldıqda ki, orta məktəblərdə dərs müddəti 40-45 dəqiqə arasında dəyişir, bu sıxlıq dərsin keyfiyyətinə təsir göstərirmi?

Mövzu ilə bağlı Turaz.org-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, şagird sayı təhsilin keyfiyyətinə təsir edir:

“Bununla bağlı kifayət qədər tədqiqatlar var. Təlim göstəriciləri isə təkcə buraxılış imtahanlarının nəticələri deyil. Təlimə tərbiyə də daxildir. Gəlin müqayisə edək ki, Bakıdakı məktəblər ilə bölgə məktəblərində nə qədər şagirdlər arası münaqişə qeydə alınıb? Olimpiada medalını qazanan şagirdlərin məktəblərini də müqayisə edək. Şagird sıxlığı müşahidə olunan siniflərdə, məktəblərdə uğurlu təhsil nəticələri ya heç yoxdur, ya da çox aşağıdır”.

Ekspert bildirib ki, əhalinin artımına paralel olaraq məktəblərin ehtiyacı qarşılayacaq sayda olmaması təhsilin keyfiyyəti baxımından mənfi haldır:

“Məktəblərin kifayət qədər olmaması şagirdlərin sayının çox olduğu siniflərin yaranmasına səbəb olur və dərs mövzusunun tədris prosesi üçün nəzərdə tutulan müddətdə öyrədilə bilməməsi kimi mənfi nəticə doğurur. Müəllim materialı tədris prosesində mənimsətməlidir.
Amma şagird sayının həddən artıq çox olması bu işə mane ola bilər. Məsələn, 30 şagirdin olduğu bir sinifdə hər şagirdə təqribən 1,5 dəqiqə vaxt düşür. Hazırda təhsildə fərdi yanaşmaya böyük ehtiyac duyulduğunu nəzərə alaraq siniflər üzrə şagird sayının tənzimlənməsi səmərəli nəticə verə bilər. Əks halda, şagird sayının sıx olduğu siniflərdə tədris prosesini tam şəkildə həyata keçirmək mümkün olmadığından, keyfiyyət aşağı düşür. Bir daha qeyd edirəm, şagird sıxlığı keyfiyyətə bilavasitə təsir göstərir”.

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Ağayeva

Translate »