Dekabr 9, 2022

Marketlərdəki təhlükə: “Bu məhsullar biznes tələsidir”

Sağlam yaşamaq istəyənlər bunun üçün ilk olaraq qidalarına diqqət yetirməlidirlər. Lakin vəziyyət elə həddə çatıb ki, sağlam qidanın digərləri ilə müqayisədə daha baha və əlçatmaz olduğunu düşünürük. Elə, marketlərdəki “Sağlam qida-diabetik məhsullar” bölümü kimi. İddia olunur ki, bu şöbədə qlütensiz, şəkərsiz, əlavə qatqısız sağlam qidalar satılır. Bəs bu məhsullar həqiqətən adını doğruldurmu?

Turaz.org mövzunu araşdırıb.

İlk olaraq Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova üz tutduq. Onun sözlərinə görə, marketlərdəki bu şöbə heç də adını əks etdirmir və istehlakçının aldadılmasına xidmət edir: “Satılan məhsullar arasında şəkər əvəzləyici var. Guya ki, şəkər xəstəliklərinə zərərli deyil. Əslində səhiyyə nazirinin rəsmi məhdudiyyəti var ki, onun şəkər xəstələrinə zərəri var. Satılan digər mallar da bu kimi o istehlakçını aldatmaq üçün biznes qurumlarının bir jestidir. Çox təəssüf ki, marketlər üçün heç bir qanun qaydaları yoxdur. Dəfələrlə Nazirlər Kabineti qarşısında məsələ qaldırmışıq ki, marketlər üçün qaydalar hazırlansın, bu cür stendlər aradan qaldırılsın.

Sevindirici haldır ki, Azərbaycan Qida Təhlükəsizliy Agentliyi (AQTA) elan etdi ki, gələn ildən malların etiketinə nəzarət ediləcəkdir.  Yəni malların etiketində yazılanlarla onun tərkibinin uyğunluğuna nəzarət olunacaq. Məsələn, kolbasaların üzərində halal olduğu və yaxud tərkibində donuz əti  olmadığı yazılır. Artıq AQTA buna nəzarət edəcək. Biz gözləyirik ki, AQTA bu məsələlərə son qoyacaq. Həmin şöbələr marketlərdən ləğv olunmalıdır”.

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov da marketlərdə satılan həmin məhsulları biznes hiyləsi adlandırıb. Onun sözlərinə görə, bir çox sahibkarlar gəlir əldə etməyə çalışdığı üçün keyfiyyət onları maraqladırmır: “Biznes deyəndə insanın ağlına ilk şey puldur. Bu dəqiqə savadından asılı olmayaraq bir çox mütəxəssislər sağlam qidalanma mövzusunda mübarizə aparılır. Sahibkarlar da bunlar bundan istifadə edirlər və insanlara pəhriz adı altında və ya sağlam qida adı altında mənşəyi və tərkibi məlum olmayaq qidalar satırlar. Bu qidaların insanlara xeyrindən çox zərərləri var.

Məsələn, həmin vitrinlərdə guya dietik paxlava satırlar. Pəhriz paxlavası, nədən hazırlanıb? Yaxşı, tutaq ki, doşabla və ya balla hazırlanıb. Şəkər xəstəsinin bu paxlavadan hansı miqdarda qəbul edə biləcəyi qeyd olunubmu? Əgər sən bunu sağlam qidalanma üçün satırsansa, orda onun rasionu göstərilməlidir. İnanmıram ki, onlar bal, doşab və yaxud ağcaqayın ağacının şirəsi ilə şirniyyat hazırlayır. Onu şəkərlə hazırlayırlar və bu da təbii ki, qeyri-sağlam qidadır. Bu da diabeti olan, pəhrizdə olan insanların qanında şəkəri artırır, pis xolesterinlər əmələ gətirir. İnsanlarda pis xolesterinləri yaradan amillərin başında boş karbohidratlar gəlir. Buraya şəkər və un məmulatları daxildir.

Həmin məhsullar hansı undan hazırlanıb? Əla növ undursa, hanı bunun rüşeymi, kəpəyi? Bunların hamısı üzərində qeyd olunmalıdır. Amma orda pəhrizdən əsər-əlamət yoxdur. Sadəcə olaraq pul tələsidir. Buna görə də AQTA rəsmi olaraq bu cür məhsulların üzərindən pəhriz adının götürülməsini tələb edir”.

Ağa Salamov bildirib ki, sağlam qida adı altında satılan məhsulların bir çoxu qatqı məhsulları ilə zəngin olan zərərli qidalardır: “Pəhriz məmulatları satılan bölmədə müəyyən qurabiyələr, bəzi şirniyyatlar qoyulub. Bunların da tərkibində  qatqı maddələri, rəngləndiricilər, dadlandırıcılar, aromatizatorlar var. Bunun harası sağlam oldu? Sağlam qidalanma deyəndə insanın ağlına ilk olaraq kənd məhsulları gəlməlidir. Yəni biz bu pis xolosterinləri yaradan boş karbohidratlardan, trans yağlardan uzaq olmalıyıq. O, sağlam pəhriz adı altında satılan qurabiyələrin necə olur vitrin ömrü uzun qalıb, nə vurublar ona? Deməli orda qatqı maddəsi var ki, bunlar illərlə aylarla onu saxlayırlar. Xarab olmur, vaxtı da keçmir, nədənsə nəmişlikdən də qorunur. O boş karbohidratlardansa buğdanı evdə cücərtsinlər, özləri ət maşınından çəksinlər, Ora bir az doşab əlavə eləsinlər. Qurabiyələr bişirsinlər. Burada artıq kəpək qismi, rüşeym qismi olacaq, vitaminlərlə zəngin olacaq, boş karbidrat da olmayacaq. Boş karbohidrat vitamin və mineraldan uzaq məhsuldur. Çox təəssüf ki, bu dəqiqə pəhriz adı altında satılan məhsulların əksəriyyətində var. Evdə hazırlanan sağlam məhsul ilə o məhsul arasında yerlə göy qədər fərqi var. Düşünürəm ki, bu cür bölmələrə ciddi nəzarət olunmalıdır. Qeyri-sağlam qidalar aşkarlanmalıdır. Əgər tərkibində qatqı maddələri, yad maddələr, kimyəvi qatqılar varsa, onlar bazardan yığışdırılmalıdır. Yaxud pəhriz, sağlam qida adı oradan götürülməlidir”.

Mövzuya münasibət bildirən sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovanın sözlərinə görə, diabet xəstələrinin diqqətini çəkmək üçün yaradılan şöbədə tərkibi şirin dadlandırıcılarla zəngin olan zəhərli qidalar satılmaqdadır: “Burada insanları aldatmaq, biznes maraqları birinci yerdə durur. Bu məhsulların tərkibində şəkərdən 10 qat daha artıq dadlandırıcı şirin olan aspartame yer alır. Aspartam kimyəvi maddə olduğuna görə orqanizm tərəfindən tam sovrulmur. Bu qidaları gündəlik qəbul edən insanlar gələcəkdə qaraciyər və böyrək problemləri ilə üzləşirlər. Aspartamın zərərləri ilk vaxtlarda özünü göstərmir, amma müəyyən bir vaxt keçdikdən sonra orqanizmdə toplanır və həzm olunmur. Damar tıxanıqlığına, böyrəkçatışmazlığına gətirib çıxarır, hormon balansını pozur. Belə qidalardan da uzaq durmaq tövsiyə olunur. Əgər hər hansı bir qidanı şəkərsiz istifadə etmək istəyirlərsə, şəkər ehtiyacını təbii şəkildə qurudulmuş meyvələrlə ödəyə bilərlər.

Digər məsələlərdən biri günümüzün ən böyük bəlasından olan qlütendir. Qlütenə qarşı həssaslıq dünya əhalisinin çoxunda var.Bu, bəzi insanlarda hətta zəhərlənməyə qədər gətirib çıxardır. Yaxud da artıq allergiyanın ən üstün formasıdır ki, anaflaktik şoka qədər gətirib çıxardır. Ona görə qlüten həssaslığı olan insanlar mütləq şəkildə qidalarına diqqət etməlidir. Hər üzərində “qlütensiz” yazılan qida həqiqətən də qlütensiz deyil. Qidaları seçərkən sertifikatına baxılmalıdır”.

Ekspert bildirib ki, alıcılar sağlam qidaların üzərində böyük böyük hərflərlə yazırlan “GMO-suz” və yaxud da “GDO-suz” ifadələrinə aldanmasınlar: “Həmin məhsulun arxasına baxdıqda görürük ki, onun tərkibində soya lesitindən istifadə olunub. Bu gün dünyada birinci növbədə soya lesitini və qarğıdalı məhz GMO-lu qidalar sırasındadır. Bu kimi məhsullarda istifadə olunan soya lesitini məhz GMO, GDO-lu məhsuldur. Bunlar birinci növbədə biznes marağıdır, insanları aldatmaq üçün tələdir. Buna mən eyni zamanda dietik çörəklər, vaflillər şəklində qrütensiz və yaxud bir çox digərlərini də göstərə bilərəm. Bunlardan mütəmadi istifadə etdikdə insanlarda vitamin çatışmazlığı baş verir, həzm sistemi, hormonal balans pozulur. Maddələr mübadiləsinin sürəti tamamilə yavaşır və həmin məhsullardan artıq davamlı istifadə etdikdə digər daxili orqanların da funksiyası pozulduğu üçün bu məhsullardan istifadəni birmənalı olaraq tövsiyə etmirəm.

Sağlam qida axtarırıqsa, sağlam qidalanmaq istəyiriksə, özümüz təbii yetişdirib, yaxud da ki, bizim ölkəyə uyğun meyvə-tərəvəzlərdən alıb, düzgün şəkildə evdə saxlamaq və bişirilmə qaydasına diqqət etməklə həmin məhsulları özümüz çox asanlıqla rahat hazırlaya bilərik. Buna şirniyyatından tutmuş yeməklərinə və digər məhsullara qədər aid eliyə bilərəm. Hazır satılan paketlənmiş məhsul nə qədər də sağlam olsa, rəf ömrünün uzadılması üçün uzun müddət xarab olmaması üçün uzun müddət rəngini, qoxusunu, strukturunu dəyişməməsi üçün mütləq şəkildə ona kimyəvi qatqı maddələri qatılır. Bu maddələr də fərqli məhsulların tərkibində bizim orqanizmimizə daxil olur və uzun müddət həzm olmur, yığıldıqca da hər orqanizmin immun sisteminə görə fərqli reaksiyaları fərqli zamanlarda göstərir”.

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Ağayeva

 

 

Translate »