May 18, 2022

Mart hadisələri və yaxud qanlı oyunlar

Mart Qafqazda yaşayan Azərbaycan xalqının həsrətlə gözlədiyi milli bayramı olan Novruz bayramının ayıdır. Hamı bu ayı böyük həvəslə, yeni ümidlərlə, xoş arzularla gözləyir. 1918 -ci ilin baharını da Azərbaycan xalqı sıxıntılardan qurtulmaq, daha xoşbəxt həyat arzusu ilə gözləyirdi. Xalqımız elliklə qışın başa çatması, yazın gəlişinin sevinci içində idi. Lakin bu uzun sürmədi. “Mart çıxdı, dərd çıxdı”,- deyən xalqımız hələ martın son günündə qarşılaşacaqları qanlı oyunlardan xəbərsiz idilər. Kim bilərdi ki, xoş niyyətli bu xalqın qara bəxtinə nələr yazılıb, o zamankı bolşeviklərin və daşnakların acgözlüyü Azərbaycan xalqına nələr yaşadacaq?! Qoynunda çıxan qara qızıla görə qürurlanan Xəzər dənizi də sanki olacaqları duymuşdu. Ona görə də elə bil mazut yerinə qan qoxusu gəlirdi dənizdən . 1918-ci ilin martında xalqın bütün arzuları bir güzgü kimi yerə düşərək çilik – çilik oldu. Həmin ilin mart ayı bir xalqın tarixə düşən qara bayramına çevrildi. Bunun səbəbi isə Rusiya bolşeviklərinin işğalçılıq siyasəti olan bütün Qafqaz xalqlarını birləşdirmək arzusuna qarşı Azərbaycan xalqının istiqlaliyyət istəməsi idi. Məhz buna görə də V.İ.Lenin başda olmaqla bolşevik Rusiyası bütün Azərbaycanda hakimiyyəti ələ keçirmək siyasəti yeridirdi. Bu məqsədlə Rusiya Xalq Komissarları Soveti (XKS) S.Şaumyanı Qafqaz işləri üzrə fövqəladə komissar təyin etmişdi. Beləcə Azərbaycanda güclənməkdə olan milli dirçəliş və milli azadlıq hərakatını beşikdə ikən boğmaq üçün Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şamuyanın göstərişi ilə daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla kütləvi qırğınlar törədildi. Hətta bu qırğınlara ciddi hazırlaşan S.Şaumyan İ.Stalinə məktub yazaraq Qafqaz Qırmızı ordusunun təşkili üçün təcili surətdə 10 milyon rubl göndərilməsini xahiş etmişdi. İstəyi nəzərə alan Moskva ermənilərə böyük maddi-mənəvi dəstəyi əsirgəmədi. Çünki əvvəlcədən planlaşdırılan bu soyqrımda bolşeviklərin zərbə qüvvəsini “daşnaksütyun ” təşkil edirdi. Buna görə də S. Şamuyanın təşkilatçılığı ilə Birinci Dünya Müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri Bakıda cəmləşdirilirdi. Həmçinin Şamuyanın yaratdığı Qırmızı ordunun tərkibi də demək olar ki, tamamilə ermənilərdən təşkil olunmuşdu.

Martın 30-da erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlman-türklərə ilk atəşi açırlar və onlara qarşı soyqrıma başlayırlar. Martın 31 -də isə səhər tezdən bolşevik – daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələrə hücum edirlər. S. Şamuyanın xahişi və V.İ. Leninin xüsusi göstərişi ilə Saritsından göndərilən iki təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin müsəlman türklər yaşayan digər məhəllələrini bombalamağa başlayırlar. Martın 31 -də səhərin sübh çağında erməni hərbi quldur dəstələrinin başçıları və silahlanmış erməni “ziyalıları” təlimatlandırılaraq müsəlman məhəllələrinə göndərilir. Yaxşı silahlanmış erməni əsgərləri yerli camaatın evlərinə soxulur, insanları öldürür, onları xəncər və süngi ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpələri süngünün ucuna keçirirdilər. Bu azğınlaşmış məxluqlar qadınları isə daha ağır işgəncələr verərək öldürürdülər. Həmin vaxtı Bakıda şəhərin təkcə bir məhəlləsində burunları, qulaqları kəsilmiş 57 qadının meyidi tapılmışdı. Çoxlu gənc qadını isə diri -diri divara mıxlamışdılar. Törətdikləri vəhşiliklər işıqlandırılmasın deyə bu quldur dəstələri bir çox qəzetlərin mətbəəsini yandırmışdılar. İnsan qanına susayan cəlladların cinayətləri bununla kifayətlənmədi. Daha sonra bu soyqrımı Şamaxı, Quba, Qarabağ bölgəsi, Zəngəzur, Naxçıvan, Lənkəran və Gəncədə də davam etdi. Şəhər və kəndlərimiz yandırıldı, milli mədəniyyət abidələrimiz dağıdılıb məhv edildi.

Bu qanlı oyunlarda yalnız erməni hərbi birləşmələri deyil, erməni kilsəsinin xadimləri və erməni “ziyalı ” təbəqəsi də iştirak edirdi. Çünki onlar yaxşı bilirdilər ki, haqq olan yerdə batil ola bilməz. 1918-ci ildə ermənilərin müsəlman türklərinə qarşı törətdikləri soyqırım məhz bu zehniyyətin bir nəticəsi idi. Amma unutmuşdular ki, həqiqətin günəşini şərin zülməti söndürə bilməz.

İlahə Allahverdiyeva 

Naxçıvan Dövlət Universitetinin ” Jurnalistika ” ixtisası üzrə III kurs tələbəsi

Translate »