İyun 2, 2023

MDB ərazilərinin sanitar mühafizəsi problemləri müzakirə olunub

MDB-nin iştirakçı dövlətlərinin ərazilərində xüsusi təhlükəli infeksion xəstəliklərin gətirilməsi və yayılmasına qarşı sanitar mühafizə problemləri üzrə Koordinasiya Şurasının iclası olub. Birlik məkanında fövqəladə sanitar-epidemioloji xarakterli situasiyalar və ya onların yayılması ehtimalı ilə bağlı infeksion xəstəliklər üzrə epidemioloji şərait görüşün əsas müzakirə mövzusu idi. Ekspertlər qeyd ediblər ki, istər dünyada, istərsə də MDB ölkələrində təhlükəli infeksion xəstəliklərlə bağlı epidemioloji vəziyyət qeyri-sabit olaraq qalır. Birlik məkanında ekstremal halların aradan qaldırılması üzrə qarşılıqlı fəaliyyətin təmin edilməsi məqsədilə MDB dövlətlərinin sanitar-epidemioloji xarakterli fövqəladə hallar zonasında birgə işi təşkil etmək üçün sanitar-epidemioloji profilli təşkilatların mütəxəssislərinin reyestri yaradılıb.

Turaz.org AZƏRTAC-a istinadla xəbər verir ki, 2023-cü ildə reyestr mütəxəssislərinin praktiki vərdişlərinin təkmilləşdirilməsi və infeksiya təhlükəsinə qarşı fəaliyyətin kollektiv potensialının gücləndirilməsi üçün mobil laboratoriyalardan istifadə etməklə MDB ölkələri tərəfindən bir sıra birgə təlim məşqləri keçiriləcək. Həmçinin Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda vəba təbii ocaqlarının epizootoloji tədqiqatı üzrə birgə ekspedisiya işinin davam etdirilməsi nəzərdə tutulur.

İclas iştirakçılarına ekspedisiya işlərinin aparılmasında səhra məlumatlarının toplanması və işlənməsi üçün nəzərdə tutulan avtomatlaşdırılmış “EpiTracker” elektron sisteminin Rusiyada hazırlanmış nümunəsi təqdim olunub. Diskussiyalar zamanı iclas iştirakçıları Birlik dövlətlərinin bənzər sistemlərin istifadəsi üzrə təcrübəsini öyrənmək qərarına gəliblər və MDB məkanında sanitar-epidemioloji xarakterli təhlükələrin monitorinqi üçün informasiya sistemlərindən istifadə üzrə metodik tövsiyələr layihəsinin işlənməsinə başlanılmasının zəruriliyini qeyd ediblər. Bununla yanaşı, ekspertlər yaxın vaxtlarda Birlik dövlətlərinin ərazilərində sanitar mühafizə üzrə layihənin işlənilməsi ilə məşğul olacaqlar.

Görüş zamanı Koordinasiya Şurasının üzvləri işçi orqanın fəaliyyətinə dair Əsasnamənin dəyişdirilməsi məsələsini müzakirə ediblər. Layihə əlavələr və razılaşdırmadan sonra MDB-nin səhiyyə sahəsində əməkdaşlığa dair Şurasının müzakirəsinə təqdim ediləcək.

Translate »