Oktyabr 4, 2022

Meksika mətbuatında Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətindən bəhs olunub

Meksika mətbuatı Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətindəki son hərbi təxribatı və ölkəmizə qarşı təcavüzkar siyasəti ilə bağlı mütəmadi yazılar dərc edir. Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovun bu ölkənin “ADR Networks” internet televiziyasının “Hoy en el mundo para ti” (“Dünyada bu gün baş verənləri sənə çatdırırıq”) verilişinə müsahibəsində, eləcə də həmin ölkənin “ContraRéplica” gündəlik qəzetində dərc olunmuş “Azərbaycana qarşı təcavüz davam edir” başlıqlı məqaləsində Ermənistanın son hərbi təxribatları barədə məlumat verilir.
Ölkəmizin Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Məmməd Talıbov Ermənistan silahlı qüvvələrinin iyulun 12-dən etibarən növbəti dəfə atəşkəs rejimini pozaraq ordumuzun dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərinə qəfil hücumlar təşkil etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Ermənistan tərəfinin belə təxribatlar törətməkdə məqsədi, ilk növbədə, dünya ictimaiyyətinin diqqətini Azərbaycanın 20 faiz ərazisinin işğalı və bu torpaqlarda yaşayan bir milyona yaxın həmvətənimizə qarşı etnik təmizləmənin həyata keçirilməsi faktından yayındırmaq, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesini manipulyasiya etmək, habelə erməni xalqının diqqətini bu ölkədəki mövcud ağır sosial-iqtisadi və siyasi vəziyyətdən yayındırmaqdır.
Diplomat Tovuz rayonu istiqamətində törədilmiş son hərbi təxribatla Ermənistan tərəfinin həmin bölgədən keçən, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan və bütün regionun inkişafında, həmçinin Avropanın enerji təchizatında müstəsna rol oynayan irimiqyaslı layihələrin təhlükəsizliyini də təhdid etdiyini bildirib. M.Talıbov, həmçinin Ermənistan tərəfinin dəfələrlə “Mingəçevir” SES-ə zərbə endirmək barədə təhdidlər səsləndirdiyini, habelə işğal altındakı ərazilərdə davamlı olaraq meşə yanğınları törətdiyini qeyd edib. Səfir Ermənistan tərəfinin Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərinin 20 faizini işğal etdiyini, bu torpaqlarda etnik təmizləmə apardığını, 30 ilə yaxın müddət keçməsinə baxmayaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişəyə dair qəbul edilmiş qətnamələrə məhəl qoymadığını bildirib.
İşğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğunun regionda sülhə və təhlükəsizliyə başlıca təhdid olduğunu vurğulayan M.Talıbov Azərbaycanın inkişaf etmiş, güclü, sivil və demokratik bir ölkə kimi öz ərazisində başqa dövlətin silahlı qüvvələrinin olmasına imkan verməyəcəyini vurğulayıb. Bildirib ki, beynəlxalq ictimaiyyətin Ermənistandan Azərbaycanın işğal olunmuş torpaqlarını boşaltmağı qəti şəkildə tələb etməsinin vaxtı çatıb. Azərbaycan xalqının, işğal olunmuş ərazilərdən qovulmuş insanların beynəlxalq ictimaiyyətdən doğma torpaqlarına qayıtmağı tələb etdiyini bildirib.
Diplomat Azərbaycanın daim beynəlxalq hüquq və sülh mövqeyindən çıxış etdiyini, regional və beynəlxalq əməkdaşlığa can atdığını diqqətə çatdırıb. O, bu xüsusda Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində BMT-nin pandemiyaya qarşı mübarizə mövzusuna həsr olunmuş Xüsusi Sessiyasının çağırılması ilə bağlı təşəbbüsünün 130-dan çox ölkə tərəfindən dəstəkləndiyini bildirib. Vurğulayıb ki, işğalçı Ermənistanın bu nəcib və humanist təşəbbüsə qarşı çıxış etməsi dünya ölkələrinin pandemiya ilə mübarizə apardığı bir şəraitdə təxribatçı əməllərindən əl çəkməməsinin növbəti sübutudur.
Səfir Avropa ilə Asiyanın kəsişməsində, qədim İpək Yolunun üzərində yerləşən Azərbaycanın tarixən neft ölkəsi kimi tanındığını, müsəlman Şərqində ilk demokratik respublika yaratdığını və bu coğrafiyada qadınlara ilk dəfə seçki hüququ verən ölkə olduğunu xatırladıb. Məmməd Talıbov müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın təşəbbüskarı olduğu qlobal əhəmiyyətli layihələrlə regionun iqtisadi və logistik xəritəsini dəyişdiyini, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı tolerant mühitə sahib olduğunu qeyd edib.
Diplomat Azərbaycan ilə Meksika arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdiyini bildirib. Azərbaycanın əlverişli biznes mühiti, nəqliyyat və logistika şəbəkəsi sayəsində Meksika üçün cəlbedici tərəfdaş olduğunu vurğulayıb.

Mənbə: azertag.az
Jalə Hüseynova

Müxbir : TurAz.org xüsusi müxbiri Hüseynova Jalə

Həmçinin bax:https://eduonline.az/2020/08/19/qafqaz-maarifliyi-birliyi-resmi-tehsil-portalini-tehsilim-org-teqdim-edir/

https://kafkazh.com/zenbur-jurnali/

Translate »