Dekabr 9, 2022

Məktəblərdəki zorakılıq: məsuliyyət kimin üzərinə düşür ? – Ekspertlərdən reaksiya

 

Bakıda 112 nömrəli tam orta məktəbdə şagirdin sinif yoldaşı tərəfindən döyülməsi ölkə gündəmini zəbt edib. Çox zaman müşahidə olunduğu kimi, bu hadisəyə də fikir bildirənlər iki cəbhəyə ayrıldılar. Bir tərəf baş verən halı pisləsə də, digər tərəf bunun adi hal olduğunu və müzakirəsinin dayandırılmasını tələb etdi. Lakin son bir neçə ilə nəzər yetirsək, şagirdlərdə davranış pozuntularını əks etdirən görüntülərin sosial mediada çoxaldığının şahidi olarıq. Həqiqətən, bunlar adi haldır? Cavabdeh olan kimdir? Bu mənzərəyə göz yummaq lazımdır, yoxsa hərəkətə keçmək?

Turaz.org mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.

Pedoqoq Leyla Nəzirzadə hesab edir ki, baş verən hadisədə yeniyetmələrin birinin digərini döyməsindən daha çox bunu publika üçün etməsi narahat verici məqamdır. Məktəblərdə, xüsusilə oğlan uşaqları arasında bu cür zorakılıq hallarına tez-tez rast gəlindiyini deyən ekspert burada həm valideyn, həm də pedoqoji heyətin günahkar olduğunu qeyd edib:

“Nə evdə, nə də məktəbdə təlim-tərbiyə düzgün təşkil edilmir. Məktəblərdən tərbiyəedici funksiya tədricən alınmalıdır. Müasir kurikulum sistemi ilə tərbiyəedici funksiyanı paralel aparmaq çətinləşib. Şagirdlərin dərs yükü həddindən artıq çoxdur, təlim-tərbiyə işlərinə vaxt ayırmaq çətinləşir. Ona görə də ya hansısa qurum olmalıdır, ya da çətin tərbiyə olunan uşaqlar üçün islah koloniyaları yaradılmalıdır. Yaxşı olar ki, onlar xüsusi məktəblərə göndərilsinlər. Məktəbdə baş verən hər bir hadisəyə görə məktəb rəhbərliyi və heyət məsuliyyət daşıyır. Gəlin, görək hansısa məktəbə qapıdan içəri girə bilirikmi? Mühafizə bizi qapıda qarşılayır və içəri buraxmır. Məktəbi valideynlərdən qoruyan mühafizə niyə məktəbdə baş verən bu hadisələrə biganə qalır? Niyə hər yerdə kameralar quraşdırıldığı halda nəzarət mexanizmi zəifdir? Məktəb orada təhsil alan hər bir şagird üçün, döyən uşağa görə də, döyülən uşağa görə də məsuliyyət daşıyır. Əgər orada insident baş verirsə, bunun hansısa bir idarəetmə mexanizmini düşünmək lazımdır. Yaxşı olar ki, dövlət səviyyəsində də bu məsələyə yanaşma dəyişsin. Polis qeydiyyatında olan uşaqlar var, tərbiyəedici söhbətlər deyirlər, nə nəzərdə tutulur? Uşaqları çağırıb danlayıb, barışdırmaq problemin kökündən həll olunması deməkdir? Bir dəfə bağışlanan uşaq bunu təkrar-təkrar edəcək və zamanla onun qarşısını almaq çox çətinləşəcək. Düşünürəm ki, mükafat və cəza prinsipi işlənməlidir. O cəza zorakılıq formasında deyil, pedoqoji məzmun daşımalıdır və bu cür davranan şagirdlər bir neçə xəbərdarlıqdan sonra eyni vəziyyəti təkrarlayarsa, xüsusi məktəblərə göndərilməlidir”.

Videodakı hər iki uşağın qurban olduğunu deyən pedoqoq əsas zorakı tərəfin onları videoya çəkən olduğunu qeyd edib:

“Hadisələr onun diktəsi ilə baş verir. Daha çox cəzalandırılmalı olan da onları videoya çəkəndir. Hər iki uşaq ondan qorxur, hətta döyən döyüləndən daha çox qorxur. Bu məsələnin kökünü araşdırmaq lazımdır. Məktəb psixoloqları, demək olar ki, fəaliyyətsizdir. Əksər məktəblərdə psixoloqların ancaq ştatı, adı var, amma fəaliyyətləri görünmür. Şagirdlər onlara etibar etmir. “Məktəblinin dostu” layihəsi də özünü doğrultmur. Tələbələrimdən dəfələrlə eşitmişəm ki, “Məktəblinin dostu”na güvənməyiblər. Bu işlər daha sistemli qurumalmalıdır. Pedoqoqlar birgə işləməlidir. Təbii ki, buraya valideyn də cəlb olunmalıdır. Valideyn-məktəb münasibətləri səmimiyyət müstəvisindən çıxıb. Valideyn uşağı məktəbə ötürməklə işini bitmiş hesab edir və burada bir uçurum yaranıb. Valideyn komitələrinin strukturuna yenidən baxılmalıdır, bəlkə də bu komitələrə heç ehtiyac yoxdur. Əvvəllər olduğu kimi məktəb valideynin üzünə açıq olmalıdır. Məktəb rəhbərliyi hər bir şagirdin ailəsini yaxından tanımalı, ailənin xüsusiyyətlərini bilməli və pedoqoqlar ona uyğun işini qurmalıdır. Məktəb və ailələr arasındakı vəhdət pozulduğu üçün hər kəs öz missiyasını dar bir çərçivəyə salmaqla kifayətlənir. Nəticə etibarilə bir yandan sosial şəbəkə fenomeni olmaq, daha güclü görünmək ön plana çıxır. Bir yeniyetmənin xarizmatik olmaq anlayışı çoxşaxəli ola bilər. “Tiktok”da sinif yoldaşlarının davasını çəkib özünü həmyaşıd qızlara güclü, xarizmatik göstərmək istəyi belə hallara gətirib çıxarır. Bu da ictimailəşəndə, əlbəttə ki, müzakirələr olacaq. Məktəbdə sinif rəhbərləri, məktəb psixoloqları valideynlərlə sıx təmasda olub, məktəbin qapılarını valideynlərin üzünə açmalıdır. İstənilən vaxtı valideyn gedib uşağın dərsində oturmalıdır. Əgər məktəb şagirdi qoruya bilmirsə, imkan verməlidir ki, valideyn öz övladını qoruya bilsin”.
Psixoloq Fərqanə Mehmanqızı isə hesab edir ki, vəziyyətin bu həddə çatmasında günahkar tərəf valideynlərdir. Onun sözlərinə görə, valideyn cəmiyyətə sağlam psixologiyası olan uşaq yetişdirməyib.

“Hər kəs övlad dünyaya gətirəndə onun ilk məsuliyyəti sağlam düşüncəli insan yetişdirməkdir. Əslində, xırda görünsə də, qlobal problemdir. Bu gün müəllimlərə olan aqressiyanın, davranışın nəticəsidir ki, valideyn necə müəllimə, məktəbə hörmət eləmirsə, eləcə də uşaq müəllimə hörmət etməyib, belə davranışlar sərgiləyir. Şagird müəllimlərin, məktəbin verəcəyi cəzadan çəkinmir. Digər tərəfdən müəllimlərdə günah görsələr də, müəllimlər çarəsizdir. Belə uşağı danlamaqla psixoloji vəziyyətləri düzəlmir. Belələri çətin tərbiyə olunan uşaqlar üçün məktəbdə təhsil almalıdır. Təəssüf ki, müəllimlər çarəsizdir. Kimə müraciət etsinlər? Valideyn iclası təşkil olunur, valideyn gəlir, məktəbdə səs-küy salır, “mənim uşağım haqlıdır” deyərək müəllimlərlə aqressiv davranır, müəllimləri sinfin gözündən salır və nəticədə belə hadisələr baş verir”.

Ekspert yayılan görüntülərin zərərçəkən şagirdə vurduğu psixoloji sarsıntıtdan söz açıb:

“O videoları paylaşırıq, uşağın üzü görünür. O uşaq həmin videoları görüb psixoloji travma keçirir, özünü əzik bir insan kimi hiss edir və bunun nəticəsində qatil ola bilər. Videoları yaydığımız üçün cəmiyyət olaraq bunun məsuliyyətini biz daşıyırıq. Bu, çox məsuliyyətsiz hərəkətdir, videolar harada gəldi uşaqların üzü açıq şəkildə paylaşılır. Bu gün bizim qurumların məsuliyyətini nə dərəcədə yerinə yetirməsi üzə çıxır. O uşağı necə gələcək gözləyir? Bu hadisə “etdim və cəza almadım” nümunəsi olacaq?”

Fərqanə Mehmanqızı zorakılıq tətbiq edən şagirdin sevgisiz ailədə böyüməsini bunu etməsinə səbəb kimi göstərib:

“Qanunlara əsasən hər bir uşağın orta təhsil alması məcburidir. Ona görə də o uşağı məktəbdən qovmaq olmur, müəllimlərin əli-ayağı bağlıdır. O uşaqlar da deyirlər ki, onsuz da məktəbdən qovan deyilər. Belə uşaqların valideyni də məsuliyyətli olmadığına görə məktəb kimə müraciət edəcəyini bilmir. Nə dövlət qurumu, nə də valideyn öz işini görə bilir. Belə uşaqlar da məktəbi bitirəndə müəllimlər də sevinirlər ki, canları qurtardı. Belə halda görəcəyik kim hansı məsuliyyəti yerinə yetirir. Bu da göstərəcək ki, əgər hər hansı uşaq şiddətə meyillidirsə, onu, ailəsini hansı cəza gözləyir.
Uşaqların başqasını əzməsinə səbəb sevgisiz ailədə böyüməsidir. Uşaq ailədə sevgi, qayğı görsəydi belə şiddətə, aqressiyaya meyilli olmazdı. Faciə bilirsiniz nədir? O uşaqla yanaşı digərinin video çəkməsi, başqalarının da bunu adi hal kimi izləməsidir. Doğrudur, məktəblərdə şagirdlər arasında davalar olub və olacaq. Amma videoya çəkib, sosial şəbəkədə paylaşmaq psixoloji problemdən xəbər verir”.

Qeyd edək ki, məktəb şagirdlər arasında barışıq olduğunu bildirsə də, zorakılığa məruz qalan şagirdin valideyni bunun yalan açıqlayıb və məsələnin ciddi araşdırılmasını tələb edib.

Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası – Ağayeva

Translate »