Oktyabr 4, 2022

Məktəblərdə dünyagörüşünün artırılmadığını müşahidə edirəm”

Məkləblərdə dünyagörüşünün artırılmadığını müşahidə edirəm”-MİQ-də yüksək nəticə göstərənlər


14 avqustdan müəllimlərin işə qəbulu imtahanlarına start verilib.

İmtahanda bir çox namizədlər yüksək nəticə göstərərək vakant yer seçimində iştirak etmək hüququ qazanıb.

Onlardan bəziləri təəssüratları AzEdu.az-la bölüşüblər:

Həyat Əliyeva Azərbaycan dili və ədəbiyyat üzrə imtahanda 56 bal toplayıb.

Gəlin, onu yaxından tanıyaq:

“Bakı Slavyan Universitetininin rus dili fakültəsini 1989-1994-cü illərdə bitirmişəm. Lakin o dövrdə maddi imkanım olmadığı üçün rus məktəbinə düzələ bilmədim. Bəhanə də o oldu ki,yer yoxdur. Azərbaycan bölməsində işləməyi heç ağlıma gətirmədim.Teleradio şirkətində ştatdan kənar əməkdaş kimi 1-2 ay işlədim. Həmin dövr Sumqayıt şəhərində yaşayırdım və Nizami Gəncəvi adına Textiki təbiət elmləri liseyinin direktoru olan Minarə Tahirovadan müsahibə almağa getdim. O mənə təklif etdi ki,gəl burda işlə. Təmənnasız şəkildə o liseyin Azərbaycan bölməsindı 4 il işlədim. Beləliklə profilim dəyişdi. Sonra ailə vəziyyətimlə bağlı Bakıya köçdüm və liseydən ayrıldım. Fasilələrlə Füzuli məktəbində işlədim.

Keçən il MİQ-də 56 bal topladım. Lakin 18 saat çıxarılmış vakant yerdə 12 saat verildiyi üçün imtina etdim”.

Müəllim namizəd MİQ-də olan yeniliklərdən söz açıb.

“MİQ-də olan yeniliklər təqdirəlayiqdir. Keçən il səhv suallara baxmığı mən də arzu etmişdim və bu il bundan yararlandım. Məntiqin olması mənim üçün heç bir narahatçılıq yaratmırdı. Amma digər müəllimlər üçün məntiqin olmamasının faydası varsa, bu çox gözəl addımdı.

Sualların çətinlik səviyyəsi tam azərbaycan sektorunu bitirmiş Rus dili müəllimlərinə uyğun idi. Asan və nisbətən çətin sualların faizi də gözlənilmişdi.

Sanitar-epidemioloji qaydalara tam riayət olunmuşdu. Vakant yerləri hələ görməmişəm.Evimə ən yaxın olan məktəbi seçmək fikrindəyəm. Yaxşı məktəb və pis məktəb deyə anlayış yoxdu. Hər birində təhsil alan bizim övladlarımızdır”.

Həyat Əliyeva MİQ-ə necə hazırlaşmasından danışıb.

“MİQ-ə informal formada hazırlaşdım.Mən başqalarını öyrətməyə qadirəmsə, demək birinci özümü öyrətməyi bacarmalıyam. Sadəcə onu deyim ki,ixtisasdan test işləmirəm. Kurikulumdan isə bəzi materiallardan istifadə etmişəm. Müxtəlif mənbələrə müraciət etmişəm.

Şagirdlərin səviyyəsinə istəyinə uyğun olan bütün köhnə və yeni üsullardan istifadə etmək lazımdır”.

Müsahibimiz əsl müəllimin necə olmasından söz açıb.

“Müəllim işini, uşaqları sevən olmalıdır. Arada şəffaf pərdə olmaqla dost, nümunə olmalısan. Əgər şagirdlərin gözündə özünə qarşı məhəbbət hiss edirsənsə,çətinlik çəksələrdə sənin dərsinə hazır olmaq cəhdlərini görürsənsə, demək müəllim olmağı bacarırsan. Bəzən uşaqlar müəllimə görə dərsi sevməyə başlayırlar.Şəxsən bu etirafları şaqird və tələbələrimdən eşidəndə uçmağa qanadım olmur.

MİQə-ə hazırlaşanlara demək istərdim ki,üzərlərində işləsinlər,dövlətimizin və TN-in yaratdığı şəraitdən istifadə edib öz məqsədlərinə çatsınlar. Hamısına uğurlar arzu edirəm”.

Gülnaz Muqumova MİQ-də Azərbaycan dili və ədəbiyyat üzrə bu ilki ən yüksək nəticə olan 59 balı toplayıb:

“1997-ci il 19 noyabrda Balakən rayonunda anadan olmuşam. Orta məktəbi Balakən rayon Nizami adına 1 saylı tam orta məktəbdə (bu il MİQ imtahanı verdiyim yer) oxumuşam. 2014-cü ildə qəbul imtahanı verərək 513 balla Azərbaycan Dillər Universitetinə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına üzrə qəbul olundum. 2018-ci ildə oranı bitirmişəm. Həmin il hazırlaşmadan, özümü yoxlamaq üçün MİQ imtahanı verdim və 42 bal topladım. Sonrakı il özüm hazırlaşaraq yenidən imtahan verdim və 52 bal topladım. Daimi şəkildə işə qəbul ola bilmədim. Çünki rayonumuzda vakant yerin sayı az idi və 56 bal yığanlar var idi. Müqavilə mərhələsində Kürdəmir rayon Çöl-ərəb kənd ümumi orta məktəbinə qəbul oldum. Orada 1 il müqavilə ilə işlədim. Üçüncü dəfə yenidən özüm hazırlaşaraq bu il imtahan verdim və 59 bal topladım”.

Namizədimiz bu ilki MİQ-dən söz açıb:

“Bu il MİQ-dəki yenilikləri çox sevdim. Əsas da məntiq suallarının çıxarılması sevindirici oldu. Çünki onları cavablamaq mənim üçün həm çox vaxt itkisi idi, həm də çətin idi, həm də ixtisasıma uyğun deyildi. Düşünürəm ki, bu bir çox müəllim üçün yaxşı qərar idi. Səhv suallara baxmaq imkanının verilməsi çox gözəl addımdır. Bunun nəticəsində namizədlər səhvlərinə baxaraq hansı istiqamətdə zəif olduqlarını və ya diqqətsizlik etdiklərini müəyyənləşdirə bilərlər. Məsələn, mən yeganə səhvimi diqqətsizlik ucbatından etmişdim. Sualların səviyyəsi asan idi. Xüsusən də ədəbiyyat və metodika çox asan idi.

İmtahanda sanitar-epidemioloji qaydalara əməl edilmişdi. İmtahana girərkən bizim temperaturumuzu ölçdülər. Dezinfeksiyaedici maddələrdən istifadə etdik və əlcək verdilər. İmtahan boyu maskanı çıxarmağa icazə vermədilər”.

Müsahibimiz ideal müəllim obrazını necə gördüyündən söz açıb.

“Vakant yeri seçmək məsələsi imtahanlar bitdikdən sonra çıxar. Amma əvvəlcə ilk seçimim rayonum üzrə olacaq. Çünki burada doğulmuşam və buranı çox sevirəm. Amma birdən burada vakant yer verməsələr, yəqin ki, ya yaxın rayonlardan, ya da Bakıdan seçim edəcəm.

Müəllim olaraq gələcək fəaliyyətimdə əsas götürəcəyim şey şagirdlərimi daim öyrətmək, onları bir şəxsiyyət kimi yetişdirmək və kifayət qədər dünyagörüşlərini artırmaq olacaq. Çünki məktəblərdə hazırda yalnız elmi biliklərin verildiyini, amma dünyagörüşünün artırılmadığını, və ya şagirdlərin bir şəxsiyyət kimi yetişdirməyinin əsas götürülmədiyini görürəm.Bu boşluqları doldurmaq istəyirəm. Mən Azərbaycan dili və ədəbiyyatı müəllimiyəm deyə, yalnız bu fənni öyrətməli deyiləm, şagirdlərimə tariximiz, mədəniyyətimiz, dünyamız haqqında da məlumat verməli və düzgün tərbiyə etməliyəm ki, dünyagörüşlərini artıra bilim və şəxsiyyət kimi yetişdirim”.

Gülnaz Muqumova MİQ-ə necə hazırlaşmasından danışıb:

“MİQ-ə heç bir kursa, və ya hazırlığa getmədən özüm hazırlaşdım. Qarşıma məqsəd qoydum ki, mən bu il 55+ toplamalıyam. Və bunu bacarmaq üçün daim oxudum, öyrəndim. Zəif olduğum nöqtələri inkişaf etdirdim.

Hazırlaşanlara da məsləhət görərdim ki, daim çalışın, öyrənin. Öyrənməkdən, oxumaqdan bezməyin. Qarşınıza məqsəd qoyun və ona çatmaq üçün əlinizdən gələnin ən yaxşısını edin. Hər birinizə uğurlar və bol-bol müvəffəqiyyətlər arzu edirəm”.

Müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edirik!

menbe:azedu.az
xeberçi:Şükürova Fatma

Həmçinin bax: https://www.bbc.com/azeri/region-53709456

Translate »