Dekabr 5, 2022

Mən çeynənən bir ölkənin, haqq bağıran səsiyəm-Əhməd Cavad

Soranlara mən bu yurdun,
Anlatayım nəsiyəm:
Mən çeynənən bir ölkənin
Haqq bağıran səsiyəm.
” Mən kiməm” adlı şeirindəki bu misralarla özünü xarakterizə edən istiqlal şairimiz Əh- məd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirsində ruhani ailəsində anadan olmuşdur. Altı yaşında atasını itirən Əhməd Cavad vətənini atası hesab edib, torpağından daha da möhkəm yapışdı. Onun üçün vətən anlayışı təkcə Azərbaycan deyil, türklərin yaşadığı bütün yerlər idi. Əhməd Cavad o qədər lütfkar bir insan idi ki, heç vaxt əməlinin qarşılığını gözləmirdi. O,heç vaxt bəziləri kimi kimlərəsə söykənməmiş,yaltaqlanmamış, yaşadığı müddətdə hər zaman millətinin dilinə çevrilmişdi. Girdiyi bu yolun sonunda ölüm olduğunu bilsədə heç vaxt geriyə addım atmağı düşünmədi.
Türk xalqının dərdinə kədərlənib,sevincinə sevinən Əhməd Cavad 20 yaşında Osmanlı İmperatorluğunun Balkanlardakı varlıq mübarizəsinin bir parçası olmaq qərarına gəlir . Beləcə dostları ilə birlikdə qurduğu “Qafqaz könüllü dəstəsi” ilə könüllü əsgər kimi Balkan müharibələrində Osmanlı əsgəri ilə birlikdə vuruşmağa getdi. O 1914-cü ildə qələmə aldığı və bu gün bütün türk dövlətlərinin sevərək dinlədiyi “Çırpınırdı Qara dəniz ” mahnısının sözlərini Osmanlı ordusunun igidliyinə həsr etmişdi. 1918-ci dahi bəstəkarımız Üzeyir Hacıbəyov bu şeirə musiqi bəstələmiş, lakin Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra bu mahnının səsləndirilməsi qadağan olunmuşdu.Ondan sonrakı dövrdə uzun illər dəniz ayparasını, ayparada dənizi sevdi. Təbii ki, 70 il uzaqdan.
Həmin dövrlərdə ədəbiyyat sahəsində böyük bir rus hökmranlığının çəkisi hər cəhətdən aydın görünürdü. Yazılan bir çox şeirlərdən, məqalələrdən, pyeslərdən bir sözlə hər şeydən sosializm qoxusu gəlirdi. Xüsusilə milli-mənəvi hissləri ifadə etmək qeyri mümkün idi. Əsərlərində bu məsələlərə toxunan ziyalılara anti-xalq, millətçi, pantürkist panislamizm damğası vuraraq güllələyirdilər. Bütün bu təzyiqlərinə baxmayaraq, Əhməd Cavad milli ruhu və milli düşüncəni başqa simvollarla ifadə edərək az qala ölümə meydan oxuyurdu. 1920-ci illərdə ədəbiyyatın diktaturanın təsiri altında olmasına baxmayaraq Əhməd Cavad öz amalından əsla dönmədi. Çünki o, millətçi və vətənpərvər idi.O, ancaq vicdanının, millətinin səsinə qulaq asır, şeirlərində də ancaq bu mövzulara toxunurdu. Ədəbiyyata, poeziyaya yeni səs, yeni nəfəs gətirən Əhməd Cavad belə bir zamanda susa bilməzdi. O, özünü unudan, milli-mənəvi hisslərdən uzaqlaşan xalqı bu dərin qəflət yuxusundan oyatmaq, dostun-düşmənin kim olduğunu, vətən və millətlə bağlı hansı oyunların planlaşdırıldığını söyləməyi özünə borc bilirdi. Sağa-sola baxmadan, kim var- kim yox demədən bu yola çıxmaq lazım idi. Beləcə istiqlal aşiqi Əhməd Cavadın 1925-ci ildə ölməz əsəri olan “Göy Göl” poemasını qələmə aldı. İllərdir onu nədəsə ittiham etməyə çalışanlara bu əsərin nəşri ilə qapı açılmışdı. Artıq istiqlal düşmənləri fürsətdən istifadə edərək onu günahlandırmağa səbəb tapmışdılar. Çünki bu şeirdə türkçülüyün rəmzi olan ay-ulduzdan bəhs edilirdi.
Əhməd Cavadın Gəncə mədrəsəsinə daxil olduğu gün həyatının dönüş tarixi kimi qələmə verildiyi kimi ilk dəfə bu şeirdə ulduz və ayın yer almasıda onun adının ilk vurulacaqlar siyahısına yazılmasına səbəb oldu.
Sənin gözəlliyin gəlməz ki, saya,
Qoynunda yer vardır, ulduza, aya.
Əslində bu şeiri yox olmaq üzrə olan Azərbaycan üçün mərsiyə idi. Dost bivəfa, düşmən güclü olanda başqa heç nə etmək mümkün deyildi. Şairin ən böyük silahı qələmi olduğu üçün qəlblində duyduğu əzab qığılcımlarını mürəkkəb əvəzinə qanla kağıza yazmışdır. Ürəyindən çıxan bir şeir üçün sonsuz işgəncələrə məruz qalacağını bilsədə Əhməd Cavad yenədə onu qələmə alır. “Göy Göl ” şeiri onun həyatında iztirabların başlanğıcı oldu. Şeirində millətçilik ruhu olduğu üçün şairə ikinci dəfə həbsxanaya yol açıldı. Güllələnən günə qədər bu dəhlizdən çıxa bilmədi. Əslində bu dəhlizin sonu yeni həyatın başlanğıcı idi. Çünki dəhlizin sonu onu doğulduğu zaman adı verilən babası Cavad Xanın yoluna çıxardı.
Belə bir fırtınalı və ağrılı həyatın son bəhrəsi olan və 1937-ci ildə öldürülməzdən əvvəl yazdığı çox güclü bir azadlıq şeiri olan “Susmaram” Əhməd Cavadın yaxın dostunun həbsxanaya onun ziyarətinə gəldiyi zaman əzbərlətdiyi şeirdir. Çünki bu şeirin yazılı mətn şəklində saxlanılması və ələ keçirməsi ağır cinayət sayılaraq ölümlə nəticələnirdi. Əhməd Cavad dostunun bu cəzaya məhkum edilməsini istəmədiyi üçün ona deyir ki,” mən ağaclara baxırıb deyirəm sən qulaq as və əzbərlə, azadlıq günləri gələndə yaz, oğluma göndər çap edib millətimə hədiyyə etsin”.
Bütün həyatını Adriatikdən Çin Səddinə qədər uzanan türk xalqlarının istiqlalına həsr edən Əhməd Cavadın bu şeiri uğruna mücadilə etdiyi istiqlalın bayraqdarı kimi azadlıq eşqimizin önündə addımlayır.
Mənə “dinmə, sus!” – deyirsən, nə vaxtacan susacam?
Böhranların, hicranların məhbəsində qalacam?!
Niyə susum, danışmayım, insanlıqda payım var,
Mənim ana Vətənimdir talan olan bu diyar?!
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam!
Zülmə qarşı üsyankaram, əzilsəm də SUSMARAM!!!
1991 -ci ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra Əhməd Cavadın 1905-ci ildə yazdığı “Milli marş ” yenidən dövlətimizin himni kimin qəbul edildi. Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə apardığı üçün “xalq düşməni” damğası ilə Stalinin güllələtdiyi Əhməd Cavad bu gün yalnız Azərbaycanın deyil bütün türk xalqlarının qəhrəmanı kimi tarixin səhnəsində layiq olduğu zirvəni tutdu.

İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universitetinin
” Jurnalistika ” ixtisası üzrə IV kurs tələbəsi

 

Translate »