Oktyabr 5, 2022

Mərakeş qəzeti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məqalə yayıb

Mərakeşin “Əl-Məsə” qəzetində Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, siyasi təhlilçi Əhməd Nurəddinin müəllifi olduğu “Qarabağ böhranı, tarixi amillər və geostrateji maraqlar arasında” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, yazıda iyul ayında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mövqelərinə qarşı edilən hücumun 2016-cı ildəki “Dördgünlük müharibə”dən sonra Dağlıq Qarabağ münaqişəsini yenidən beynəlxalq aləmin diqqəti mərkəzinə gətirdiyi vurğulanıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verən Əhməd Nurəddin bildirib ki, ötən əsrin 90-cı illərində baş verən müharibə nəticəsində 30 min insan öldürülüb, Ermənistanın işğal etdiyi ərazilərdə etnik təmizləmə siyasəti aparması nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşüb. Ermənistan ilə Azərbaycan arasında danışıqlarda vasitəçi rolunu oynamaq üçün yaradılan ATƏT-in Minsk qrupu ötən müddətdə münaqişənin həlli istiqamətində heç bir irəliləyişə nail ola bilməyib.
Müəllif qeyd edir ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışsa da, öz ordusunu da gücləndirir. Bu məqsədlə Türkiyə ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb. Türkiyə, həmçinin 1921-ci ildə Sovet İttifaqı ilə imzaladığı Qars müqaviləsinə əsasən Naxçıvan Muxtar Respublikasının qarantı hesab edilir.
Yazıda diqqətə çatdırılır ki, bu münaqişədə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ölkəmizin münaqişə ilə bağlı mövqeyi 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və Ermənistanın qoşunlarının Azərbaycanın işğal altındakı torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrdə də dəstəklənir.
Mənbə : Azərtac
Müxbir: TurAz.org xüsusi müxbiri Həziyeva Ülviyyə

Həmçinin bax:https://tehsilim.org/dovlet-qullugunda-inzibati-icraci-b-novu-vezifeler-uzre-musabiqenin-test-imtahanina-qeydiyyat-elan-edilib/

https://www.tehrantimes.com/

Translate »