Mart 26, 2023

Merkelin enerji siyasəti və Almaniyanın Rusiyadan enerji asılılığına düşməsi

Almaniyada inşa edilən atom enerji stansiyaları ölkənin enerji təminatının böyük hissəsini qarşılayır və milyonlarla alman evini elektrik ilə təmin edirdi. Almaniya, həmçinin bu enerjini bir sıra Avropa ölkələrinə də ixrac edirdi. Lakin Çernobıl hadisəsindən sonra bir çox Avropa ölkəsində olduğu kimi Almaniyada da AES-lərin fəaliyyətinə qarşı ciddi etiraz aksiyaları başladı. Alman höküməti 90-cı ilin sonlarından etibarən mərhələli şəkildə bərpa oluna bilən və təbiətə zərər vurmayacaq enerjiyə keçid proqramını qəbul etmişdi. 2002-ci ildə qəbul edilən proqrama görə isə bərpa oluna bilən enerjiyə keçid qismən həyata keçiriləcək və AES-lərdən istifadə davam etdiriləcəkdi.

Ancaq 2005-ci ildə Almaniya Kansleri seçilən Angela Merkel və kabineti bu proqramı daha da sürətləndirdi və AES-lərin fəaliyyətinə son verməyə başladı. Angela Merkel hələ 1994-1998-ci illərdə Almaniya Çevrə, Təbiətin Mühafizəsi və Atom Təhlükəsizliyi naziri olarkən AES-lərdən imtina ilə bağlı müxtəlif proqramlarla çıxış etmişdi.

Mətbuatda “təbiəti mühafizə edək” kimi şüar və kompaniyalarla Angela Merkel xalq kütləsinin də dəstəyini qazanmışdı. 2011-ci ildə Fukuşimada baş verən zəlzələ nəticəsində “Fukuşima-1” AES-də partlayış olmuş və ətrafa yayılan radiasiya şüalarının həcmi 20 dəfədən çox artmışdı. Bu hadisədən sonra Almaniya höküməti AES-lərin fəaliyyətini dayandırmaqla bağlı qəbul edilən proqramların icrasını sürətləndirdi. Bir sıra Avropa ölkələri də bənzər proqramlar qəbul etməyə başladı. Almaniyada 2030-cu ilə qədər 3 AES-sin fəaliyyət göstərəcəyini və onların da 2030-cu ildə fəaliyyətlərinin dayandırılacağı artıq məlumdur.

AES-lərin ləğvi və bərpa oluna bilən enerjiyə keçid təbiət və ətraf mühit üçün vacib addım olsa da, bu addım Avropanı Rusiyadan asılı hala salır. Buna görə də Almaniya və eləcə də Avropada siyasətçilər iki qrupa bölünüblər. Birinci qrup siyasətçilər və insanlar AES-lərin ləğvini dəstəkləyir, ikinci qrup isə bunun əleyhinə çıxır. Onlar bu addımın Avropanı Rusiyadan tamamilə asılı hala salacağına inanırlar. Avropanın Rusiyadan enerji asılılığına düşməsi Rusiyanın qitənin daxili məsələlərinə aktiv şəkildə qarışacağına zəmin hazırlayır.

Angela Merkel isə bu iddialara qarşı soyuqqanlılığını pozmur və o, Putinin “Şimal axını-2” layihəsini siyasi alətə çevirməyəcəyinə inandığını qeyd edirdi. Ukraynaya səyahəti zamanı Zelinskinin “Şimal axını-2” layihəsini Avropanı Rusiyadan tam asılı hala salacağını və Putinin istədiyi zaman enerjini şantaj kimi istifadə edəcəyini qeyd etmişdi.

“Şimal axını-2” layihəsi ABŞ və İngiltərəni də olduqca narahat edən layihə idi. ABŞ Prezidenti Donald Tramp Alman hökümətini Rusiyaya qarşı sanksiyalarda iştirak etməyə çağırsa da, Alman höküməti: “ABŞ okeanın digər tərəfindən bizi qışda qazla təmin edə biləcəkmi?”-  deyərək qəbul etməmişdi. ABŞ və İngiltərə isə “Şimal axını-2” layihəsində yer alacaq şirkətlərə qarşı sanksiya tətbiq edəcəklərini bəyan etmişdi.

Angela Merkel hər zaman soyuqqanlı davranmış və Rusiyaya qarşı heç bir ciddi sanksiyaklara qoşulmamışdı. Məhz Merkel şəxsən “Şimal axını-2”-nin qızğın tərəfdarlarından olmuşdu. Almaniyadakı bəzi siyasətçilər bu layihənin tamamilə Rusiyanın Qazprom şirkətinə məxsus olmasından da narahat olduqlarını qeyd etmişdilər.

AES-lərdən tədricən imtina edən Merkel beləliklə Almaniyanı enerji sahəsində Rusiyadan asılılığını daha da möhkəmləndirirdi. Putin də əlinə keçən gücün və fürsətin fərqindədir. Almaniyanın Rusiyaya qarşı hazırlanan sanksiyalar paketinə qoşulmaq ehtimalını şərh edən Putin: “Xanım Merkel AES-lərdən imtina edir. Sanksiyalara qoşulmaqla qazdan da imtina etmiş olur. Bəs onda almanlar öz evlərini nə ilə qızdıracaqlar? Odunla? Tayqa mşələri də Sibirdədir. Bəs biz onlara odun verəcəyikmi?”-  demişdi. Putinin bu açıqlaması həqiqətən də qitənin Rusiyadan asılı hala düşməsi prosesinin necə də sürətləndiyini göstərir.

Alman höküməti bərpa oluna bilən enerjiyə keçidin yaxın 10 ildə tamamlanacağını bildirmişdi. Lakin Avropanın digər dövlətləri Almaniya qədər inkişaf etməyib və onlar özlərinin enerji tələbatını ödəmə qabliyyətində deyillər. Bu Avropanın bir neçə on il daha rus qazından asılı halda saxlayacaq.

Merkel karyerasını sonlandırsa da, ondan sonra qurulan hökümət də eyni siyasi xətti izləyir. Belə ki, son bir ayda Ukrayna Rusiya sərhədində baş verən proseslərdə ABŞ və AB fəal iştirak etsə də, Almaniya hava məkanını Ukraynaya silah tədarük edən ölkələrə bağladığını elan etmişdi. İngiltərə Baş naziri Conson Almaniyaya sanksiyalara qoşulmağa dəvət etsə də, Almaniya hələ də ciddi heç bir addım atmayıb.

“Şimal axını-2” layihəsinin inşası sentyabrda yekunlaşsa da, Alman tərəfi hələ ki, layihənin təsdiqini gecikdirir. Bu isə Ukrayna və müttəfiqlərə az da olsa ümid verir. Angela Merkelə gəldikdə isə onu yaxın gələcəkdə Qazpromun Almaniya ofisində vəzifəli şəxs kimi görmək təəccüb doğurmaz.

YAZAR: “Turaz.org” Təhlildən Zahidə Nəbizadə
HƏMÇİNİN BAX: Qərbin Ukrayna siyasəti: Rusiyaya qarşı silah yoxsa iqtisadi maraqlar?
HƏMÇİNİN BAX: Kalka müharibəsi

Translate »