Ötən gün Bakı Dövlət Universitetinin dört tələbəsi suşidən zəhərlənib. Bu xəbər bizi üç il əvvələ geri qaytardı. Belə ki, 2019-cu ildə də həmin universitetin üç xanım tələbəsi suşidən zəhərlənmişdi. Payız mövsümündə qida zəhərlənmələrinə az rastlanılsa da, suşidən zəhərlənmə halları aktuallığını itirmir.
Suşi yaponların çox sevdiyi məşhur yeməkdir. 1980-ci illərdən sonra suşi bütün dünyaya yayılmağa başladı. Son illərdə isə ölkəmizdə xüsusilə gənclərin sevimli yeməklərindən birinə çevrilib. Bəs mətbəximizə yad olan bu yemək nə qədər sağlamdır?
Turaz.org mövzunu araşdırıb.
İlk olaraq bu qidanı bir az tanıyaq.
Suşi bişmiş sirkə ətirli düyüdən, bişmiş və ya çiy balıqdan və yosuna bükülmüş tərəvəzlərdən hazırlanır. Adətən soya sousu, ədviyyatlı yaşıl vasabi püresi və zəncəfil turşusu ilə servis edilir. Suşinin əsas tərkib hissəsi olan balıq keyfiyyətli qidadır. O, həmçinin zülal, yod, çoxlu vitamin və minerallar mənbəyidir. Tərkibində təbii D vitamini olan nadir qidalardan biridir. Suşidə istifadə edilən balıqlar, ümumiyyətlə, omeqa-3 ilə zəngindir.
Birlikdə servis edildiyi vasabi Yaponiyaya xas olan bitkidən hazırlanır. Acı olduğu üçün adətən çox az miqdarda istehlak edilir. Qlükozinolatlar və izotiosiyanatlarla zəngin qidadır. Bu strukturlara görə mikrob, iltihab əleyhinə və xərçənglə mübarizə aparan xüsusiyyətlərə malik olduğu düşünülür. Zəncəfil turşusu digər turşulardan fərqlənmir. Zəncəfil mədəyə faydalı, həzmi dəstəkləyən qidadır. Kalium və maqnezium mənbəyidir. Yaddaşı gücləndirir, xolesterin balansını tənzimləyir.
Bəs bütün bunlar suşinin sağlam qida olmasına dəlalət edir?
Suşinin əsas tərkib hissəsi ağ düyüdür. Bu o deməkdir ki, suşi həddindən artıq istehlak edildikdə qan şəkəri və insulinin artmasına səbəb ola bilər. Üstəlik suşinin çox yağlı souslarla servis edilməsi onun müsbət imicinə kölgə salır. Suşinin çox duzlu bir yemək olduğunu vurğulamaq da faydalıdır. Nəzərə almaq lazımdır ki, həddindən artıq duzlu qidalar mədə xərçəngi riskini artıra və natriuma həssas insanlarda qan təzyiqi tarazlığını poza bilər.
Suşinin başqa bir qüsuru onun bakteriya və parazitlərin artmasına şərait yaratmasıdır. Suşinin hansı balıqdan hazırlanması vacib bir detaldır. Təəssüf ki, dənizlərin çirklənməsi səbəbindən balıqların əksəriyyətində civə və digər ağır metallar ola bilər. Suşinin civə ilə çirklənmiş balıqdan hazırlanıb-hazırlanmadığını da bilmək lazımdır.
Əsas məsələ: suşidən zəhərlənmə halları niyə çoxdur?
Suala cavab verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov suşini acgözlüklə yeməyin ishala və qida zəhərlənməsinə səbəb olduğunu deyib. Onun sözlərinə görə, çiy və az bişmiş balıqlarda anisakis parazitləri və anisakis sürfələri ola bilər:
“Sürfələr insan orqanizmində uzun müddət yaşaya bilməsələr də, mövcud olduqda mədə və nazik bağırsağın selikli qişasına yapışaraq qəfil qarın ağrısı, ürəkbulanma, qusma və ishala səbəb ola bilər. Ona görə də suşi həvəskarları normadan artıq suşi istifadə edəndə diqqətli olmalıdırlar”.
Mütəxəssis bildirib ki, balıqla hazırlanan suşilərdən iki növ qida zəhərlənməsi ola bilər. Bunlar ciguatera zəhərlənməsi və skombroid zəhərlənməsidir. Bu zəhərlənmələrin simptomlarına qarın ağrıları, ürəkbulanma, qusma və ishal daxildir.
Suşidən zəhərlənmənin digər səbəbi də qidanın çarpaz çirklənməsidir. Məsələn, hər hansısa çiy məhsulu (toyuq, ət və s.) doğradığınız bıçaq ilə suşini doğrayıb servis etsəniz, yaxud doğrama taxtasında cinslərinə uyğun olmayan riskli qidaları doğrasanız, zəhərlənməyə şərait yaratmış olarsınız.
“Turaz.org” Təhlil Komandası – Ağayeva
Son Xəbərlər
Netanyahu səfirliyin açılması münasibətilə Azərbaycanı təbrik edib
İsraildə Azərbaycan səfirliyinin açılışı olub
Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib