Fevral 3, 2023

Metroda yemək daşıyanların nəzərinə: “Riskli qidalar qrupuna daxildir”

Günün böyük bir hissəsini işdə keçirən insanlar adətən evdən özləri oilə yemək aparırlar. Xüsusilə də sağlam qidalanmağa çalışanlar, ev yeməkləri sevən şəxslər bunu özlərinə vərdiş ediblər. Yəqin ki, metrostansiyaların girişində çantaların yoxlanılması zamanı sərnişinlərin yemək olan paketlərini yoxlama aparatına qoymaqdan imtina etdiklərini görmüsünüz. Səbəb olaraq isə həmin aparatın qidalar üçün zərərli olduğunu bildirirlər. Maraqlıdır, həqiqətənmi bu aparatlar yeməklər üçün ziyanlıdır?

Mövzu ilə bağlı Turaz.org-a danışan Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, mikrodalğalı sobada isidilən yeməklər, paketli hazır qidalar, tərkibində müxtəlif qatqı maddələri olan qidalar sağlamlıq üçün həddindən artıq zərərlidir: “Mikrodalğalı sobada isidilən qidaların üzərinə “bisfenol a” maddəsi, mikrodalğalı sobanın şüası hopur. Bunlar zərərlidir. Mən birmənalı olaraq mikrodalğalı sobadan istifadənin əleyhinəyəm. Eyniylə metroda daşınan yeməklər də riskli qidalar qrupuna daxildir. İnsanlar evdə hazırlanan qidanı yol qət edərək işə aparır. İşə gedib çatana qədər vaxt gedir, qeyri-standart şəraitdə o yeməyi saxlayırlar. Yemək saatına qədər isə xeyli vaxt keçmiş olur. Belə olduqda qida zəhərlənməsi də qaçınılmaz olur”.

Ekspert bildirib ki, işə qida apararkən çiy məhsullara üstünlük verilməlidir: “Yaxşı olar ki, özləri ilə riskli olmayan qida məhsulları götürsünlər. Məsələn, çərəzlər, meyvələr, tərəvəzlər aparabilərlər. Mayonezli, yumurtalı, ət məhsulları, toyuq məhsulları, balıq məhsulları  kimi qidaları metroda daşımaq olmaz. Mütləq şəkildə zəhərlənəcəklər. Fikirləşmirlər ki, o qida saatlarla işdə qalır. Günorta mikrobioloji çirklənməyə məruz qalmış qidanı yeyirlər. Mütəxəssis olaraq yəni xarab olmayan, gec xarab olan məhsulların işə aparılmasının tərəfdarıyam”.

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Ağayeva

Translate »