Sentyabr 30, 2022

Millət vəkili şəhid məclislərində baş verənlərdən sonra dilə gəldi: “Ölkəmizdə dinin siyasiləşməsinin tərəfdarı deyilik”

 

“Təəssüf edirəm ki, şəhidlərin dəfnində kimlərsə siyasi məqsədlər üçün istifadəyə cəhd edirlər. Bu gün ölkəmizdə bütün dinlərin, məzhəblərin fəaliyyətinə imkan verilir. Xalqımızın dinə böyük inamı, etiqadı, əhli-beytə böyük sevgisi var. Lakin şəhidlərin dəfn mərasimlərində bu cür aksiyaların baş tutuması heç də xoş deyil”.

Bunu Turaz.org-a açıqlamasında millət vəkili, ilahiyyatçı Ceyhun Məmmədov deyib.

Şəhidlərin dəfn mərasimlərində dini şüarların səsləndirilməsi dindən siyasi məqsədlər üçün istifadə etmək olduğunu düşünən deputat baş verənləri tənqid edib:

“Hər birimiz şəhidə olan hörmətimizi ehtiva etmək üçün dəfn mərasiminə toplaşmışıq. Bu mərasimlərdə qəsdən dini şüarlar səsləndirmək, buradan siyasi məqsədlərlə istifadə etmək və ya şəhidi özününküləşdirmək cəhdləri yolverilməzdir. Hesab edirəm ki, həmin mərasimlərdə xüsusi təlimatlandırılmış qruplar var idi. Bu qruplar Azərbaycanın bütün bölgələrinə bütün şəhid ailələrinə göndərilir. Onlar da orada məqsədli belə aksiyalar təşkil edərək çaxnaşma yaratmaq istəyirlər. Ölkəmizdə dinə yüksək diqqət, qayğı, sevgi və hörmət var. Amma bu cür şüarların həmin tədbirlərdə yeri yoxdur. Bu cür hərəkətləri sırf təxribat da adlandırmaq olmaz. Yəni bu cür aksiyaları daha çox sanki bu mərasimlərdə nəyisə sübut etmək, nəyisə göstərmək, nələrinsə təbliği üçün çalışırlar. Mən burada dindən sui-istifadə etmək cəhdləri görürəm. Onlar bu dəfn mərasimlərinin yaxınları tərəfindən istənilən formada keçirilməsinə mane olurlar”.

Şəhid mərasimlərində “Ya Hüseyn kimi” şüarların səsləndirilməsinin nə dini əsası, nə də bizim ənənələrə uyğun olmadığını deyən millət vəkili bildirib ki, bu cür tədbirləri xalqımız şouya çevirir:

“Hətta sosial mediada canlı yayımlar edərək xüsusi şüarlar səsləndirirlər. Axı biz konkret olaraq şəhidimizin dəfninə toplaşmışıq. Aidiyyəti qurumlar bu məsələlərlə bağlı ciddi tədbir görməlidir. Bu gün Azərbaycanda din çox sürətli bir formada siyasiləşir. Dindən siyasi məqsədlər üçün istifadə olunur. Lakin buna dövlət qurumlarının reaksiyası yetərli deyil və bunu açıq şəkildə görürük. Dövlət qurumları bu məsələlərə tamaşa etməməlidir. Mərkəzi icra hakimiyyətləri, hüquq-mühafizə orqanları bu məsələləri diqqətlə öyrənməli, təhlil etməlidir. Belə məsələləri sıradan bir hadisə kimi dəyərləndirmək olmaz. Həmin qruplar təlimatlandırılaraq bütün bölgələrə göndərilir. Onlar da bölgələrdə bu tapşırıqları yerinə yetirirlər. Bu halların qarşısını almaq üçün din siyasətimizi təkmilləşdirməliyik. Bu gün Azərbaycan dövlətinin qarşısında duran ən mühüm məsələlərdən biri də dini təhlükəsizliyimizin təmin edilməsidir. Əgər biz bu kimi məsələlərə həssas, diqqətlə yanaşmasaq, sonrakı dövrdə çox ciddi çətinliklər çəkəcəyik”.

Ceyhun Məmmədov sözügedən məsələni insanların dini inancından istifadə olunması ilə əlaqələndirib:

“Bir-iki nəfərin öz dini inacından dolayı şüarlar səsləndirməsi başadüşüləndir. Amma 150-200 gəncin bir dəfn mərasimində bu cür şüarlarla iştirakı hansı təsadüfi hal ya öz istəyi ilə ola bilər. Azərbaycan tolerant dövlətdir, dinin əleyhinə deyilik. Mən özüm də ilahiyyatçıyam, amma ölkəmizdə dinin siyasiləşməsinin tərəfdarı deyilik. Dinin əsas hədəfi və məqsədi insanlara saflıq, təmizlik, ədalət təbliğ etməkdir. Şəhid dəfn mərasimlərinin hamısında təşkil olunmuş o cür şüarlar səsləndirən qrupların rəhbərləri vardı. Burada siyasi məqsəd olmamalıdır”.

Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası – Ağayeva

Translate »