Oktyabr 4, 2022

Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ukraynalı həmkarları ilə onlayn görüşü olub

Avqustun 20-də Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ukraynalı həmkarları ilə onlayn formatda görüşü keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Rüfət Quliyev bildirib ki, Azərbaycanla Ukrayna arasında uzun illərdir dostluq, qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur. Bu münasibətlər bu gün də uğurla davam etdirilir.
Dostluq qrupunun rəhbəri deyib ki, əlaqələrimizin dərinləşməsində parlamentlərin xüsusi rolu var. Milli Məclisdə dünyanın müxtəlif ölkələri, o cümlədən Ukraynanın qanunvericilik orqanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qruplar fəaliyyət göstərir. Bu baxımdan deputatlarımız arasında mütəmadi olaraq görüşlərin təşkili, müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi məqsədəmüvafiqdir. Eyni zamanda, beynəlxalq parlament qurumlarında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.
Rüfət Quliyev ölkəmizdə iqtisadi, sosial, humanitar, təhsil, mədəniyyət sahələrində müşahidə olunan dinamik inkişafdan, aparılan islahatlardan söhbət açıb. O, bu sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişafının əhəmiyyətli olduğunu söyləyib, ölkələrimiz arasında ticarət dövriyyəsinin son 7 ay ərzində 519 milyon ABŞ dolları təşkil etdiyini deyib.
Diqqətə çatdırılıb ki, bu gün Ukraynada 550 mindən çox azərbaycanlı yaşayır. Onlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Azərbaycanlı tələbələr Ukraynanın bir sıra təhsil ocaqlarında müxtəlif elmlərə yiyələnirlər. Eyni zamanda, Azərbaycanda 30 minədək ukraynalı yaşayır və fəaliyyət göstərir. Xalqlarımız arasında tolerant, qarşılıqlı hörmət münasibətləri mövcuddur.
Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun həmsədri Vladimir Kreydenko bildirib ki, ölkəsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Bu baxımdan parlamentlər səviyyəsində əməkdaşlıq əhəmiyyətli rol oynayır. İki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin genişləndirilməsindən danışan qonaq deputatların həm ikitərəfli qaydada, həm də beynəlxalq səviyyədə əməkdaşlığının vacibliyini vurğulayıb. Qeyd edilib ki, Ukrayna parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupu ən böyük qrup hesab olunur. Qrupun tərkibində 51 deputat təmsil olunub. Bu, Ukrayna xalqının Azərbaycana olan münasibətinin bariz nümunəsidir. İki ölkə arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial imkanlar mövcuddur.
Görüşdə Azərbaycan Respublikasının Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov, Milli Məclisin deputatları Əli Məsimli, Emin Hacıyev, Elman Nəsirov, Razi Nurullayev, ukraynalı deputatlar Aleksandr Feldman, Qabriel Mixaylov, Xarkov Şəhər Şurasının nümayəndəsi Viktor Rud, Xarkov Milli Universitetinin Beynəlxalq Təhsil İnstitutunun direktoru Aleksey Navrotski çıxış ediblər.
Müzakirələrdə iki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi, iqtisadi, mədəni, humanitar, sosial, təhsil sahələrində münasibətlərin inkişaf perspektivləri, regional münaqişələrin həlli, koronavirus pandemiyası ilə mübarizə və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Ukrayna ilə dostluq qrupunun üzvləri Anar Məmmədov, Cavid Osmanov, Naqif Həmzəyev, Müşfiq Məmmədli, habelə, Xarkov Vilayət Şurasının sədri Sergey Çernov və digər rəsmi şəxslər iştirak ediblər.

Mənbə:azertac.az

Müxbir:turaz org xüsusi müxbiri Məlahət Eynəlizadə

Həmçinin bax:http://iranpress.com/

https://tehsilim.org/elektron-poct-movzusunda-onlayn-mesgele-kecirilib/

Translate »