May 18, 2022

Milli Teatr Günü

“Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır, orada çalışanlar fədakardırlar,  fədaidirlər… Teatr xadimləri tamaşaçıya bir söz demək üçün, onu irəliləyişimizə mane olanlara qarşı mübarizəyə qaldırmaq üçün nə qədər çalışırlar. Heç kim bilmir ki, aktyor səhnəyə çıxıb rolu tamaşaçı qarşısında oynadığı vaxta kimi nə qədər həyəcan, sevinc keçirir. Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var.”

Bu sözlər Ulu Öndərin teatra verdiyi dəyərin ən gözəl nümunəsidir. Cəmiyyətin inkişafında teatrın rolu danılmazdır. Çünki teatr cəmiyyətin psixologiyasına xitab etməyin ən asan və ən təsirli yoludur. Eyni zamanda teatr xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biridir.

Ölkəmizdə milli teatrın təməli 1873-cü ildə ömrünü xalqın maariflənməsinə, milli təfəkkürünün formalaşmasına, cəhalət və nadanlıq buxovlarından azad etməyi özünə vəzifə bilən Həsən bəy Zərdabi rəhbərliyi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin, o zaman hələ realnı məktəbdə şagird olan yeniyetmə və gənclərin  aktiv iştirakı ilə M. F. Axundzadənin “Lənkəran xanın vəziri” əsəri ilə qoyulmuşdu. Bu tamaşa o qədər uğurlu idi ki, ondan bir ay sonra  “Hacı Qara” əsəri də hazırlanaraq seyrçilərə təqdim edildi. Bu əsərlərin ana dilində tamaşaya qoyulmasında təşəbbüs göstərən N. Vəzirov və Ə. Adıgözəlov da realni məktəbin şagirdləri ilə birlikdə tamaşada həm də aktyor kimi çıxış etmişdilər. O vaxtlar aktyor truppası hələ formalaşmadığından qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər teatr tamaşaları hazırlamaqla  yanaşı, həm də bu tamaşalarda “aktyor” kimi çıxış edirdilər.

Teatrımızın ideyaca sağlam bir yöndə inkişaf etməsində böyük rolu olan Nəriman Nərimanov teatrdan tribuna kimi istifadə edərək ziyalı gəncləri teatra dəvət edir, eyni zamanda özü də bir çox tamaşanın baş rolunda oynayırdı. Bakıda “Birinci müsəlman dram truppası” adlı ilk professional teatr kollektivini isə 1896-cı ildə H. Zərdabi təşkil etmişdi. Milli teatrımız xalqımızın öz yaşayışını əks etdirməsində, millətin oyanmasında böyük rolu olmuşdur. Bu cəhəti xüsusilə qeyd etmək lazımdır ki, teatrın vətəni sayılan Yunanıstanda teatrın əsası faciə ilə qurulmuşdusa, Azərbaycanda M. F. Axundovun komediyaları əsasında bu mədəniyyət ocağı yaradılmışdı. Nəzərə alınsa ki, o vaxtlar senzor nəzarətinin çox olması cəmiyyət rəislərinə yönəldilən ən adi gülüş –  “ictimaiyyətin sakitliyini, asayişini, təhlükəsizliyini pozan” hal kimi qələmə verildiyindən tamaşaların hazırlanması  böyük qəhrəmanlıq tələb edirdi. Dramaturgiyamızın banisi olan M.F.Axundov isə gülüşü, naqislikləri qamçılayan, əxlaqı yaxşılaşdıran bir vasitə adlandırırdı. Milli teatrımızın təməlinin M.F.Axundovun komediyaları ilə qoyulmasının səbəblərindən biri də bu idi. Azad sözə qoyulan qadağaya görə ziyalılarımız milli teatrı yaradarkən dolayı yolla da olsa xalqı oyanışa səsləyirdi. Azərbaycan teatrı yarandığı ilk gündən bu günə kimi realist zəmində inkişaf edərək bəşəri fikirlərin mənbəyinə çevrilib. Sonralar, Cəfər Cabbarlı, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə kimi böyük sənətkarların dərin məzmunlu səhnə əsərləri ilə geniş vüsət alan teatrımız milli varlığını qoruyub saxlayaraq daha da inkişaf etmişdi. Hamının yaxşı tanıdığı Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Hüseynqulu Sarabski və başqa fitri istedad sahiblərinin səyləri ilə ölkəmizdə milli peşəkar aktyorlar məktəbi formalaşdı. Həmin məktəbin yetirmələrindən olan Rza Əfqanlı, Adil İsgəndərov, Ələsgər Ələkbərov, Hökümə Qurbanova, Bəşir Səfəroğlu, Tofiq Kazımov, Leyla Bədirbəyli, Nəsibə Zeynalova və bir çox aktyor və aktrisalarımız tamaşaçıların məhəbbət və rəğbətini qazanmışdırlar.

Naxçıvanda isə peşəkar teatr truppasının əsas üzvləri müəllimlərdən ibarət idi. Naxçıvan teatrının yaradılmasında Eynəli bəy Sultanov, Cəlim Məmmədquluzadə, Məmməd Tağı Sidqi və digər ziyalıların yaxından iştirakı olub. 1883-cü ildə Azərbaycanda və Şərqdə ikinci teatrın – Naxçıvan teatrının təməli qoyuldu. M. F. Axundovun “Müsyö Jordan və dərviş Məstəlişah” komediyası Naxçıvan teatrının ilk tamaşası kimi tarixə öz imzasını atdı. 1923-cü ildə Naxçıvan teatrına Dövlət Teatrı statusu verildi. Bu illərə qədər isə teatrda yerli və əcnəbi dramaturqların əsərləri tamaşaya qoyulmuş, hətta Naxçıvan teatrının fəal aktyor və rejissoru olan Böyükxan Naxçıvanlı Təbrizə gedərək burada teatr truppası yaratmışdı. Ölkə səviyyəsində tanınmış aktyorların tez-tez Naxçıvana gələrək tamaşalar oynaması, yerli aktyorlarla birlikdə səhnəyə çıxması, əsərlərə quruluş verməsi də bu sahənin inkişafında mühüm rol oynayan amillərdən idi. 1920-ci illərdə Naxçıvan teatrında Mirzə Süleymanov, Səməd Mövləvi, Rza İsfəndiyarlı, Rza Təhmasib və bu kimi sənətkarlar teatrın repertuarını zənginləşdirməklə yanaşı yeni məktəbin yaranmasına da təkan verdilər. 1927-ci ildən Naxçıvana teatrına qadın aktrisaların gəlməsi isə bu imkanları daha da genişləndirdi. Azərbaycan Respublikasının Əməkdar  artisti Xədicə Qazıyeva, xalq artistləri Füruzə Əlixanova, Sofya Hüseynova, Zəroş Həmzəyeva bu gün də ölkə səviyyəsində tanımış klassik sənətkarlardan sayılır.

Naxçıvan teatrının məhsuldar dövrü 1950-80-ci illər hesab olunurdu. Bu illərdə Naxçıvanda hər bir məhəllə özü üçün bir teatr yaratmışdı və özlərinə məxsus repertuarları da var idi. Bunu da qeyd etmək yerinə düşərdi ki, 1970-80-ci illərdə Naxçıvan teatrı musiqili komediya teatrı kimi yox, musiqili dram teatrı kimi bütün Azərbaycan respublikasında yeganə ocaq idi.

Bu gün də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında maraqlı əsərlər tamaşaya qoyulur, təkcə yerli deyil, ölkə səviyyəsində və hətta qonşu İran, Türkiyə respublikalarının teatrsevərləri də bu tamaşalara baxırlar. Teatrın aktyorları Xalq artistləri Rövşən Hüseynov, Kamran Quliyev, Rza Xudiyev, Yasəmən Ramazanova , əməkdar artistlər Behruz Haxverdiyev, Əbülfəz İmanov, Əli Əliyev, Vidadi Rəcəbli, Nazlı Hüseynquluyeva və başqaları öz maraqlı obrazları ilə tamaşaçıların sevimlisinə çevriliblər.

YAZAR: İlahə Allahverdiyeva (Naxçıvan Dövlət Universiteti, Jurnalistika ixtisası üzrə 3-cü kurs tələbəsi)

Translate »