Millətimizin xarakterində əskik cəhətlərdən biri, bəlkə də birincisi şəxsiyyətlərimizi, liderlərimizi qiymətləndirə bilməməyimizdir. Xüsusən də bu gün onlara qarşı bəzi yazarlarımız çox yanlış rəy formalaşdırırlar. Məsələn, dahi Mirzə Cəlili “qorxaq”, Nəriman Nərimanovu “satqın” və s. adlandırırlar. Belə çıxır ki, bizim millətini, vətənini sevən nə şəxsiyyətlərimiz olub, nə də onun xoşbəxtliyi, azadlığı uğrunda mübarizə aparan liderlərimiz. Sizcə, bu onlara qarşı çox böyük haqsızlıq deyilmi?! Doğrudur, mən onları ideallaşdırmaq fikrində də deyiləm. Amma hər halda onların xalqının maarifi, azadlığı, istiqlalı yolunda etdikləri fədakarlıqları, çəkdikləri əzabları inkar etmək də olmaz!
Təxminən, iki-üç ay bundan əvvəl Nəriman Nərimanov haqqında bir məqalə yazmışdım. Bu məqalədə dönə-dönə qeyd etmişdim ki, N.Nərimanovun bolşevik kimi fəaliyyəti danılmaz faktdır. Lakin N.Nərimanovun bu sahədəki fəaliyyətini təpədən-dırnağa, bütün varlığı ilə və ömrünün sonuna kimi bolşevizmə sadiq olan, onun ən sədaqətli quluna çevrilən Məşədi Əzizbəyov, Əliheydər Qarayev, Dadaş Bünyadzadə, Qəzənfər Musabəyov, Ayna Sultanova, Həmid Sultanov və Hökumə Sultanova kimilərinin fəaliyyəti ilə eyniləşdirmək qətiyyən düzgün deyil. Bunu bütün arxiv sənədləri və tədqiqat əsərləri də təsdiq edir. Bu adlarını çəkdiklərim Azərbaycanda bolşevik hökumətini qurmaq üçün öz xalqının ən ləyaqətli, vətənpərvər oğullarını, qızlarını qurban vermişlər.“Millət uğrunda bütün ömrünü sərf edən şəxsi millət unutmaz” söyləyən Nəriman Nərimanovu bəzi “millət- daşları” nəinki unutdu, hətta bolşevik adı ilə bir zaman kitablardan adını silmək xülyasına düşdü. Lakin unutdular ki, adı kitabdan, dəftərdən silmək olar, amma tarixdən yox! “Millət İsmayıl bəy kimi qəhramanları unudarsa kəndi” (öz) həyatını puç etməyə çalışar” deyən Nərimanov nə qədər haqlı imiş. Bəli, dünənimizi bütövlüklə qamçılayırıqsa, sabahımızın məhvinə çalışırıq.
“Varislik millətin yetkinlik əlamətidir” deyirlər. Bəs onda biz… Gəlin o varisliyi tarixin, iman və inanc yeri olan şəxsiyyətlərimizin amallarına uyğun həyata keçirək. Buna görə onların ədəbi-bədii irsini, siyasi fəaliyyətini, amallarını və əməllərini siyasi oyunların qurbanı etməyək.
“Siyasi və milli eyforiyadan uzaq durub” tarixi şəxsiyyətlərimizin ədəbi, bədii, elmi fəaliyyətini tədqiq edərək bugünkü gəncliyimizə doğru, düzgün çatdırmaq biz tədqiqatçıların vəzifə və insanlıq borcudur. Hər birimizə məlumdur ki, klassik mənəvi irsimizin sovet dönəmində öyrənilməsi, tədqiqi və təqdimi sahəsində müsbət hallarla yanaşı, “məlum ideoloji meyarlara uyğun təhrif və saxtakarlıqlar da az olmayıb”.
Belə tarixi şəxsiyyətlərimizdən biri də kiminin “bolşevik”, kiminin də “satqın” adlandırdığı Nəriman Nəcəf oğlu Nərimanovdur. O N.Nərimanov ki, “dünyanın bir çox ünlü adamları kimi solçu ideyalara tapınaraq dünya kommunist hərəkatına qatılan böyük Türk oğlu idi. Ölümünün başlıca səbəbi də bu idi. Türk olaraq qalması”. Elə ona görə də “silahdaşları”, “Azərbaycana divan tutmaq üçün onu 1922-ci ildə vəzifəsini “böyütmək” adı ilə Moskvaya apardılar və orada məkirli bir yolla aradan götürdülər”.
Beləliklə, uzun müddət bu tarixi şəxsiyyətə “ikili məntiq nöqteyi-nəzərindən yanaşılıb: dost və ya düşmən”. Amma unutmaq olmaz ki, şəxsiyyətin qiyməti vətəninə, xalqına təmənnasız xidməti ilə ölçülməlidir. N.Nərimanov da bütün ömrü boyu təmənnasız olaraq xalqına bir qələm əhli kimi, loğman kimi və ən başlıcası siyasət xadimi kimi xidmət etmişdir.
1914-cü ildə qələmə aldığı “Əqidə” sərlövhəli məqaləsində söyləyirdi ki: “…bir millətin müəyyən bir yolu, məqsədi olmadısa, o millətin istiqbalı dəhşətli bir fırtınaya düçar olacaqdır”. O fırtınadan xilas olmağın bircə yolu var ki, o da sağlam, dəyanətli, millətsevər və vətənpərvər ziyalılarını bir amal, bir məqsəd uğrunda mübarizəyə yönəltmək. N.Nərimanov da bu mübarizəyə başladı. Amma tezliklə başa düşdü ki, bu quruluş onun istədiyi quruluş deyil. Bu zaman etirazını bildirdi. Bunu N.Nərimanovun Mərkəzi Komitəyə, V.İ.Leninə, oğlu Nəcəfə yazdığı məktublar və müəmmalı ölümü bir daha sübut edir.
20-ci yüzilliyin əvvəllərində yazıçı, publisist, həkim, müəllim, dövlət xadimi kimi tanınan, “millətin hüququnu müdafiə edən”, qələm əhli, dəyanətli, qeyrətli hamisi idi Nərimanov. İlk tarixi faciənin (“Nadir şah”) müəllifi olan Nərimanov “Həyat”, “İrşad”, “İqbal”, “Açıq söz” kimi milli ruhlu qəzetlərdə saysız-hesabsız məqalələri, felyetonları ilə xalqını tərəqqiyə, birliyə, azadlığa səsləyirdi.
Bakıda ilk dəfə müsəlmanlar üçün kitabxana açan Nərimanov əslində daha çox maarifçi idi (tədqiqatçı alim Qulam Məmmədli söyləyirdi ki, bu kitabxanaya uzun illər xalq arasında “Nəriman qiraətxanası” deyilirdi). Lakin 20-ci yüzilliyin əvvəlləri ölkədəki ziddiyyətli hadisələr istər-istəməz onu siyasi hadisələrə meyilləndirir. Tiflisdə seminariya, Odessada universitet təhsili alan bu gənci ətrafda baş verən hadisələr xalqını yalnız maarif yolu ilə deyil, həm də siyasi yolla öz azadlığına qovuşdurmağa sövq edir.
“Həftə fəryadı”nda böyük bir xalqın fəryadını bəyan edən publisist “Nər” imzası ilə bu xalqın nər oğullarını mübarizəyə səsləyirdi. Bütün həyatı boyu itaətkarlığın, qorxunun, məddahlığın əleyhinə olan Nərimanov “Arı bəy” imzası ilə belələrini arı kimi sancardı. “Millət atası”, “Vətən başı” deyib üz-gözünü cıranları, başına, sinəsinə döyənləri, göz yaşı tökənləri qınaq atəşinə tutardı. Amma yazıq müəllif bilmirdi ki, bu sözləri yazandan cəmi iki-üç il sonra, onun vətənində “dahi rəhbər”lər üçün elə onun milləti arasında böyük bir “məddah ordusu” yetişərək canından, başından keçəcək.
N.Nərimanov qələm əhli kimi çox həssas, təbib kimi şəfaverici və siyasətçi kimi analitik təfəkkürə malik bir insan olub. 1917-ci ildə ölüm düşərgəsini xatırladan Nargin adasına gedən və uzun müddət burada gördüyü faciələrin təsirindən qurtula bilməyən, “…bu cəzirə bir məzardır. İnsan balası ilə bu tövr rəftar, hətta vəhşilər arasında görünməyibdir. Kaş mən bu cəzirəyə getməyəydim” deyərək ürək ağrısı keçirən Nərimanov, ömrünün sonlarında “kaş mən bolşeviklərə inanmayaydım” deyə özünü ittiham etmişdir.
Bəzi məqalələrdə Qırmızı Ordunun Bakıya gəlməsində Nərimanov günahkar kimi qələmə verilir. Əslində Qırmızı Ordu Bakıya Azərbaycan Kommunist (b) partiyasının rəhbərliyinin və bolşevik yazar Əliheydər Qarayevin dəvəti ilə gəlib. Nəriman Nərimanov o zaman Həştərxanda idi. O, Bakıya 1920-ci il mayın 16-da gəlib. Qrmızı Ordunun Bakıda və bölgələrdə törətdiyi faciələri görən N.Nərimanov “Qırmızı Ordunun Xüsusi Şöbəsinin səlahiyyətlərinin azaldılması haqqında” dekret imzalayıb. Bu haqda hərbi jurnalist Şəmistan Nəzirlinin məqalələrində yetərincə məlumat var.
Həmidə xanım (Cavanşir) Məmmədquluzadənin xatirələrindən belə bəlli olur ki, onlar Təbrizdən Bakıya gəldikdən sonra çox çətin şəraitdə yaşayırlarmış. “Biz qaraçı köçü kimi hamımız bir yerdə “yerləşmişdik”. Yoldaş Bünyadzadə və Əliheydər Qarayev Mirzə Cəlilə baş çək-məyə gəlmişdilər. Onlar bizə yaxşı mənzil, şərait və s. vəd edib getdilər. Bu elə vəd olaraq da qaldı. Mirzənin qardaşı Mirzə Ələkbər xəstə idi, utanır və həyəcan keçirirdi. Mirzə Cəlil də bu vəziyyətdən əməllicə əsəbləşirdi. Nəhayət, o, Nəriman Nərimanovla görüşmək qərarına gəldi. Nərimanov vəziyyəti bilən kimi onu təcili olaraq köhnə poçt küçəsi 64 (indi 56) nömrəli evə apardı. Üçüncü mərtəbədə yerləşən, ayrıca nökər odası olan və mətbəxi olan 5 otaqlı mənzili təqdim etdi. Biz yeni mənzilə yerləşdik”.
Yeri gəlmişkən onu da qeyd edim ki, Nərimanovun belə xeyirxahlıqları haqqında çox faktlar var. Məsələn, bolşeviklər silah gücünə Demokratik Respublikanı süquta yetirdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin qətlə yetirilməsi nəticəsində onun ailəsi başsız qalarkən Nərimanov ailənin gələcək taleyindən narahat olaraq onlara saxta sənəd düzəldərək türk diplomatının köməkliyi ilə əvvəl Batuma, sonra isə İstanbula yola sala bilir. Sonralar Nəsib bəyin qızı Zöhrə Göygölün yazıçı Əzizə xanım Cəfərzadəyə danışdığına görə hətta onlar Türkiyədə yaşayanda da bir müddət Nərimanov gizli yolla onlara köməklik edib…
Üzeyir bəy “Qurtuluş” sərlövhəli məqaləsində yazırdı: “Bu gün qurtuluş və xilasımız yolunda canlarını qurban verib bizə bu dünyada cənnət göstərməklə özlərini o dünyanın behiştinə vasil edən şühədayi-möhtərəmiyyənin məzari-əzizləri üzündən fatihəxan olmaqla özlərini yad və ruhlarını şad etmək hər bir türkün ümumislam əhlinin müqəddəs vəzifəsidir”.
Bəs onda biz Üzeyir bəyin tövsiyəsinə əməl edib onların ruhlarını şad etmək əzəvinə, niyə onları “satqın”, “qorxaq” adlandırırıq. Bununla kimin bostanına daş atmış oluruq ki?
Əməkdar jurnalist:Qərənfil Dünyaminqızı
Son Xəbərlər
BRI Çinin iqtisadi diplomatiyasına yeni təkan verir
Türk şəxs adlarının dilimizə transliterasiyası
Orfoqrafik hərc-mərclik…