Fevral 2, 2023

Müasir Azərbaycanın “müasirləşən” köşkləri

Hər birimizi düşündürən problemlərdən biri də insanların qəzet, jurnal və kitablara marağının azalmasıdır. Əslində, buna səbəb kimi telekommunikasiya vasitələrinə marağın artması və ondan daha çox istifadə göstərilir. Əlbəttə ki, bu da doğru yanaşmadır, amma digər bir tərəfdən qəzetlərin əvvəlki kimi köşklərdə tapılmaması və insanlar üçün əlçatan olmaması da səbəb sayıla bilər. Bəli, köşklər. İndi köşk deyəndə ağlımıza kiçik bazarı xatırladan yer gəlir. Lakin gəlin, keçmişə nəzər salaq.

Təxminən, 1991-ci ilə qədər, yəni Sovet dövründə bu köşklər yalnız qəzetlərin, hər hansı jurnalların, kitabların toplanıb əhaliyə satıldığı yer idi. O dövrdə əhali köşklər önündə saatlarla, bəlkə də, günlərlə növbə gözləyirdi ki, qəzet alıb oxusun. O vaxtlar biri əlində qəzet, bir başqası jurnal mütləq oxuyurdu. Məhz buna görə də, o dövrdə biz ən çox kitab oxuyan xalq kimi tanınırdıq və bununla da qürur duyurduq. İndi də qürur duyuruq, köşklərdə qəzet yerinə siqaretin satılması ilə, kitab və qəzetdən çox mobil vasitələrlə vaxt keçirməyimiz ilə qürur duyuruq.

Bəli, düz oxudunuz. Artıq köşk deyəndə ağlımıza qəzet, jurnal yox, məhz tütün məmulatları və buna bənzər digər şeylərin satıldığı “kiçik bazar” və ya “kiçik market” gəlir. Artıq insanlar köşklərdə əvvəlki kimi qəzet və jurnal almaq üçün növbəyə dayanmır, 18 yaşına çatmış və ya heç çatmamış gənclər belə ədədlə siqaret almaq üçün növbəyə dayanır.

Köşklər artıq əvvəlki kiçik kitabxana və ya qəzet əldə etmək üçün əlverişli yer deyil, indi daha müasir və sözün əsl mənasında, “mini-bazar” rolunu oynayan vasitəyə çevrilib. Köşklərdə yuxarıda qeyd etdiyim kimi, tütün məmulatlarından savayı da, digər məhsullar və məmulatlar da satılır. Elə bu kimi səbəblərdən insanlar bəzən market əlçatmaz olduğun halda yaxınlıqda yerləşən köşklərdən istifadə etməyi məsləhət bilirlər. Bu da köşklərin insanlara əlçatan olduğunun bariz göstəricisidir. Yaxşı olar ki, onların bu “əlçatımlılıq” xüsusiyyətindən daha səmərəli istifadə edək. Qəzet almaq üçün növbəyə düzülməyək, amma o qəzetləri, kitabları öz köşklərinə yenidən qaytaraq, köşk deyəndə yenə qəzet, jurnal yada düşsün, tütün məmulatları yox.

Gələcək nəsil heç onun tarixi ilə, bəlkə də, maraqlanmayacaq və beləliklə, onlar üçün köşklər sadəcə siqaret “budka”sı və ya “mini-bazar” olaraq qalacaq. Ən azından keçmiş günləri xatırlayıb, köşkləri yenə qəzetlər, jurnallar, kitablarla dolduraq. Axı nə də olmasa, biz əvvəllər çox kitab oxumağımız ilə tanınan xalq olmuşuq.

Məhəmməd Quluzadə

 

Translate »