Oktyabr 4, 2022

Müasir insan necə olmalıdır?

 

Son dövrlərdə ən çox rastlaşdığımız ifadələrdən biri müasirlik, müasir insan anlayışlarıdır. Bəs müasir insan necə olmalıdır? Hansı xüsusiyyətləri özündə əks etdirməlidir? Bu məsələ ilə bağlı Avropa, Amerika və Yaponiya sosioloqlarının gəldiyi nəticəyə əsasən ümumi bir rəy formalaşıb.

Müasir insan 6 xüsusiyyətə sahib olmalıdır:

1. AÇIQFİKİRLİLİK – Başqalarının davranış və danışığını izləmək, dinləmək və normal şəkildə qəbul etmək. Lazım olsa, yeri və zamanı uyğundursa, öz münasibətini bildirmək, məsləhət vermək.

2. MÜSTƏQİLLİK – Maddi və mənəvi (düşüncə) cəhətdən sərbəst olmaq. Düzgün qərar vermək üçün kimdən və ya nədən isə asılı olmamaq.

3. MƏQSƏDLİLİK – Həyatda həm özünə, həm də insanlara (cəmiyyətə) yararlı bir məqsəd uğrunda çalışmaq.

4. PROQRESSİVLİK – Hər zaman həm maddi, həm də mənəvi olaraq irəliyə, mükəmməlliyə, inkişafa can atmaq.

5. AKTİVLİK – Hər yerdə aktiv insan olmaq lazımdır. Ətrafda olan hadisələrə, problemlərə lazım olduqda müdaxilə etmək və imkan daxilində düzəltməyə çalışmaq.

6. MƏLUMATLILIQ – Yaşadığı zaman, məkan, texnika, sistem və s. hər şeyə aid, az da olsa, məlumata sahib olmaq.

Doğurdan, bu keyfiyyətlərə sahib birini müasir insan hesab etmək olarmı?

Müasirlik bizə keçmişdən bu yana təlqin edilən qatı, ağır qayda qanunlardan uzaq durmaq, irqi, dini, cinsi ayrı seçkilik etməməkdir. Yəni müasir insan onu dərk etməlidir ki, cəmiyyətdə hər bir fərdin, cinsindən, irqindən asılı olmayaraq, öz hüquqları, yaşam tərzi, ən əsası da müstəqilliyi var. Zamanını başqalarının həyatlarına fikir bildirmək yerinə, özünü inkişaf etdirməyə sərf edən insan müasir insandır.

Bəşəriyyətimizin inkişafının təməli insanlarımızın öz düşüncə tərzlərini dəyişdirməsindən asılıdır. Dünya dövlətləri arasında sözünü demiş ölkələrə nəzər salsaq, görərik ki, oradakı vətəndaşların həyata baxış tərzi necə fərqlidir. Onlar insanları xarici görünüşlərinə, cinsinə, geyim tərzlərinə görə yox, zəkalarına, öz ölkələrinə nə qədər xeyir vermələrinə görə qiymətləndirirlər.

21-ci əsrdə yaşayan hər bir fərdin əsas qayəsi özü və ətrafdakı insanların rahat yaşayacağı bir cəmiyyət formalaşdırmaq, keçmiş düşüncə tərzində qalan, kişiləri qadınlardan üstün görüb hər sahədə onları aşağı çəkməyə çalışan, uşaqlarının təhsil almasına icazə verməyən, mentalitet adı altında insanları qətl edən şəxslərin sayını mümkün qədər azaltmaq, onlar qarşısında öz sözünü deməyi bacarmaq olmalıdır. Əsl müasir insan bu keyfiyyətlərə sahib olan insandır.
Çalışaq gələcək nəsillərin rahat, firəvan yaşayacağı “müasir bir cəmiyyət” formalaşdıraq.

Yazar: Lalə Podarova

Turaz.org

Translate »