İyun 9, 2023

Müasir vergi qaçaqçıları – Sələmçilər

Yeraltı iqtisadiyyat, gizli iqtisadiyyat və ya kölgə iqtisadiyyatı hökumətə məlumat verilməyən və buna görə də vergi yığanların, tənzimləyicilərin əli çatmayan mal və ya xidmətlərin əməliyyatıdır. Bu tip qeyri-qanuni fəaliyyətlərdə lisenziyaların təmin edilməsi və vergi ödənilməsi olmadan həyata keçirilən fəaliyyətlər nəzərdə tutulur. Qanunsuz fəaliyyətlərə narkotik alveri, oğurlanmış malların ticarəti, qaçaqmalçılıq, qeyri-qanuni qumar oyunları və fırıldaqçılıq daxildir.
Yeraltı iqtisadiyyatda ən çox yayılmış fəaliyyət növlərindən biri sələmdir.

Sələmçilik – bir şəxsə borc vermək və veriləndən artıq miqdarda, əhəmiyyətli dərəcədə yüksək faiz hesablanması ilə geri almaqdır. Sələmçilər heç bir icazə sənədi olmadan, qanuna zidd şəkildə, etik olmayan formada gəlir əldə etmək məqsədi ilə borc pul verirlər.

Sələmin tarixi, əslində, çox qədimdir. Belə ki, Qədim Romada hələ 1800-cü illərdə faizə borc vermək təcrübəsi var idi. Ancaq Roma hüquqlarına görə yalnız sadə faizə icazə verilirdi, ağır faizlər lənətlənirdi. Qədim sivilizasiyalar ağır faizli gəlirlərdən bir çox hallarda istifadə etsələr də, Roma bunu qeyri-qanuni hesab etmişdi. İstər nağd pul, istərsə də natura şəklində edilmiş faizli borclar insanları çox ağır vəziyyətlərə salmış, mal-mülkü itirmək bir kənara, azadlıqlarını, hətta ailələrini itirmək təhlükələri yaranmışdı. Qısası faizlə borc əxlaqsız vəziyyətə gətirib çıxarmışdı.

Sələmi pisləyənlərdən Qədim Qərb filosofları Platonu, Aristoteli, Katonu, Siseronu, Seneka və Plutarxı göstərmək olar. Roma Respublikasında (e.ə. 340-cı il) faizləri tamamilə qadağan edən Lex Genucia oldu. O, bir çox islahatlar keçirmişdi. Buna baxmayaraq, təcrübədə qanunvericilikdən yayınmağın yolları da tapıldı və Romanın son dövrlərində sələmçilik yenidən geniş vüsət aldı. Məhz buna görə Roma Demokratik Partiyası özlərini borc yükündən əziyyət çəkənlərin işinə həsr etmiş və Yuli Sezarın bayrağı altında faiz dərəcələrini 12%-lik son hədd təyin etmişdilər. Daha sonra Yustinianın dövründə faizlər daha da aşağı endirilmişdi (4% və 8%, Birnie, 1958).

Aydındır ki, bu, Roma İmperiyasının xristianlaşdırılmasından sonra kilsənin quracağı sələmçiliyə hücum üçün zəmin yaratdı. Bir çox dini etiqadlar da faizə borc verməyi lənətləyir. Məsələn, yəhudilərdə sələm tənqid edilir və qadağan olunur. Hətta bir maraqlı fakt da var ki, faiz sözü ibranilərdə “neşex” adlanır. Hərfi mənası “dişləmək” deməkdir. Borclunun aspektindən yanaşsaq, çox güman yüksək faizə görə belə adlandırılır.

Təbii ki, sələmin İslamdakı yerindən də danışmasaq, olmaz. Ərəb dilindən tərcümədə əl-riba sözü faiz, sələm deməkdir. Qurana, Sünnəyə və İslam ümmətinin yekdil rəyinə əsasən, sələm haramdır və istismar hesab edilir. Əslində, borcla bağlı məsələlərdə mübahisəli nüanslar çoxdur. Bəzi təfsirlərə görə, həddindən artıq faiz riba hesab olunur, bəzilərinə görə isə ümumilikdə faiz özü ribadır.

Uca Allah buyurur: “Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun Peyğəmbərinə qarşı gəldiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!” (əl-Bəqərə, 278-279).

Hər dövrdə, hər sahədə, hətta dini inanclarda belə insanın ağır vəziyyətindən sui istifadə, istismar qəti şəkildə qınanılır. Bəs müasir dövrdə ölkəmiz Azərbaycanda sələm hansı durumdadır? Qanunlar bununla bağlı nə deyir?

Ekspertlərin fikirlərinə görə “Qanunvericilik sələmçilik fəaliyyəti ilə məşğul olmağı qadağan etməyib. Yəni istisnalar yoxdursa, sələmçiliyə görə kimisə məsuliyyətə cəlb etmək olmaz. Sələmçilikdə 2 hal nəzərə alınmalıdır. Birincisi qazandığı faizdən mütləq vergi ödəməlidir. İkincisi sələmçi yalnız öz pulunu borc verməlidir. Banklardan aşağı faizlə kredit götürüb, yüksək faizlə insanlara borc vermək düzgün deyil. Təəssüf ki, belə hallara riayət edilmir, səbəbi də qanunda olan boşluqlardır.”

Digər tərəfdən Azərbaycan Respublikası Qanunvericiliyinə görə yüksək faizlərlə borc vermək, xüsusi lisenziya alınmaq şərti ilə yalnız banklara, bank olmayan kredit təşkilatlarına və lombardlara icazə verilir. Xüsusi lisenziyası olmayan şəxslərin bu cür fəaliyyətlə məşğul olması qanunla cinayət hesab olunur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq, yəni lisenziya tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə, həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər: külli miqdarda ziyan vurduqda; külli miqdarda gəlir əldə etməklə törədildikdə; mütəşəkkil dəstə tərəfindən törədildikdə – cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Beynəlxalq qanunlar toplusunda da sələmçilik qəti qadağan edilir. Amerika İnsan Hüquqları Konvensiyasının 21(3) maddəsində qeyd edilir ki, “Sələmçilik və insanın insan tərəfindən istismar edilməsinin digər formaları qanunla qadağandır”.

Bəs sələmçiliyin sürətlə artmasının səbəbi nədir?
Qeyd edək ki, 2015-ci ildə devalvasiya nəticəsində dolların dəyərinin qalxması banklarda kredit faizinin artmasına gətirib çıxardı. Həmin müddət sələmçilərə və lombardlara müraciət artımı nəzərə çarpan dərəcədə artdı. 2019-cu ildən isə pandemiya, COVID-19 virusunun ölkəmizə gətirdiyi işsizlik problemi, xüsusilə bir sıra aparıcı bankların inşaat şirkətlərinə və kiçik və orta sahibkarlara kredit verilməsi şərtlərini ağırlaşdırdı, hətta tamamilə məhdudlaşdırdı. Belə olan halda isə şirkət sahibləri və sahibkarlar sələmçilərə müraciət etməyə məcbur oldular. Bu fürsəti “yaxşı” şəkildə dəyərləndirən sələmçilər getdikcə varlanmağa başladılar. Digər tərəfdən banklar krediti sadə qaydalarla vermədiyi üçün, şərtlər ağır olduğu üçün insanlar məcburən sələmçilərə müraciət edirlər. “Yağışdan çıxıb yağmura düşmək” məsəli burda tam yerinə düşür.

Elə sələmçilər var ki, hazırda onların dövriyyədə olan pulları 20-30 milyonu keçib. Təəssüflər olsun ki, belə insanların əksəriyyəti sələm, narkotik, insan alveri kimi çirkab “bizneslərlə” varlanırlar. İnsanları maddi mənəvi özlərində aslı hala salırlar. Belə “biznesmenlərin” qarşısını isə yalnız zəruri tədbirlər və sərt qanunlar qəbul etməklə almaq lazımdır. Nə qədər ki, sələmçilərə göz yumulur, deməli, qanuni əmək fəaliyyəti ilə məşğul olub, vergisini vaxtında ödəyən vətəndaşların da haqqı o qədər tapdalanacaq.

Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası – Aida Hüseynova

Translate »