Mart 29, 2023

Mütəxəssisdən xəbərdarlıq: “Su çatışmazlığı ciddi xəstəliklər yarada bilər”

Tibbdə “dehidratasiya” adlı termin var, mənası “orqanizmin ciddi su çatışmazlığı” deməkdir. Bu problem, əslində, bir çox insanda müşahidə olunsa da, fərdlər bundan xəbərsizdirlər. Maraqlıdır, su insan orqanizmində hansı rolu oynayır?

Həkim-terapevt Məlahət İsayeva mövzu ilə bağlı fikirlərini Turaz.org-a bildirib. Onun sözlərinə görə, təmiz su insan orqanizmi üçün ən qiymətli və ən ucuz dərmandır.

“Bizim daxili temperaturumuz 36,6 dərəcədir. Bunun normal qalmasını təmin edən orqanizmin su balansıdır. Avtomobilin radiatorunu soyutmaq üçün su tökdüyümüz kimi, eyni ilə insan orqanizmi üçün də su önəmlidir. İnsan gün ərzində dəri və ağciyərlərindən 650 ml su itirir. İdmanla məşğul olduqda isə bu midar qat-qat artır”.

Ekspert bildirib ki, orqanizm su təlabatını üç üsulla ödəyə bilər:

“Təbii ki, ilk olaraq təmiz su içmək vacibdir. Bundan başqa, canlı qidalar vasitəsilə bədən su qəbul edə bilər. Həmçinin orqanizm özü metabolizma hərəkət etdikcə su təlabatını ödəyir. Meyvə və tərəvəz hansının tərkibi faiz etibari ilə daha çox suya malikdirsə, həmin meyvə və tərəvəz daha xeyirlidir”.

Mütəxəssis qeyd edib ki, uzun müddətli zərərli pəhrizlər orqanizmdə ciddi su çatmazlığı yaradır:

“Xüsusilə kimyəvi kokteyllər, heyvan mənşəli qidalardan ibarət pəhrizlər burada yer alır. Dehidratasiya zamanı isə dəmir çatışmazlığı, baş ağrıları, əsəbilik, həzmetmənin pozulması, iştahsızlıq kimi hallar müşahidə olunur. Bunlar problemin sadəcə başlanğıc mərhələsidir. Su çatışmazlığından bədəndə çox böyük fəsadlar, ciddi xəstəliklər yarana bilər. Hər gün 8-10 stəkan su içilməlidir. Gündəlik rasiyonda tərkibi su ilə zəngin ərzaqlar olmalıdır. Ölü qidanın faiz dərəcəsi azaldılmalıdır”.

 

Araşdırmaçı: Turaz.org Təhlil Komandası – Ağayeva

Translate »