Fevral 8, 2023

NATO-nun baş katibi Gürcüstanın müdafiə naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

Turaz.org xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Alyansın Brüsseldəki mənzil qərargahında baş tutan görüşdə gürcü nazir NATO-ya Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə göstərdiyi dəyişməz dəstəyə görə minnətdarlıq edib.

Görüşdə bölgədə təhlükəsizliklə bağlı vəziyyət və NATO-nun Qara dəniz bölgəsində daha fəal iştirakının əhəmiyyəti müzakirə olunub.

C.Burçuladze bildirib ki, Gürcüstan NATO-ya inteqrasiya yolunda maksimal irəliləyiş əldə etmək üçün Alyansla əməkdaşlıq üzrə bütün mexanizmləri istifadə etməkdə davam edir.

Nazir Gürcüstanın təhlükəsizliklə bağlı ümumi məqsədlərə nail olmaq üçün NATO-nun etibarlı tərəfdaşı olmağa hazırlığını ifadə edib. O, Gürcüstan- NATO uğurlu əməkdaşlığının daha da möhkəmlənəcəyinə ümidvarlıq ifadə edib.

Y.Stoltenberq öz növbəsində Gürcüstanın NATO-ya üzvlüyünü dəstəklədiyini bir daha təsdiqləyib və Əfqanıstanda sülhməramlı missiyaya verilən töhfəyə görə təşəkkür edib.

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax:ANAMA-dan mina təhlükəsi ilə bağlı çağırış

Həmçinin bax:Pakistan Ukrayna ilə ikitərəfli əlaqələri inkişaf etdirməyə maraqlıdır

Translate »